“Heydər Əliyevə heykəllər qoyulur, Nuru Paşanın bir büstü belə, yoxdur”
Silsilə erməni terroru
Turqut Ər
Azərbaycanda yaşayan türklər kommunizm dönəmindəkindən daha çarəsiz, antidemokratik bir idarəçiliyin təzyiqi və zülmü altında inləməkdədir. Indi Elçibəyin savaş dostları olan vətənsevərlər, Türk sevdalıları, gənc insanlar ağla gəlməyən təzyiqlərə, dövlət terroruna və yaşayış çətinliklərinə baxmayaraq, mübarizələrini davam etdirirlər. Türkiyədən dəstək gözləyirlər. Amma onları nə görən, nə də eşidən var. Əksinə, böyük bir tiranlığın təmsilçisi olan Heydər Əliyevin Leninvari heykəllərini Türkiyənin müxtəlif yerlərindəki park və xiyabanlarda ucaldırlar. Limanlarına, küçə və prospektlərinə Heydər Əliyevin adını verirlər. Amma 1918-ci ildə Azərbaycanı erməni daşnakları və rus bolşeviklərinin törətdiyi böyük bir qırğından xilas edən Qafqaz Türk-Islam Ordusunun komandanı Nuru Paşanın Azərbaycada kiçik bir büstü belə yoxdur. Əksinə, Türkiyə dövlətinin hesabına Şəhidlər Xiyabanında asılan bayrağımızı dirəklərilə birlikdə kökündən söküb atmışlar, Şəhidlər Xiyabanındakı məscidi belə, bağlayıblar…
Ermənilərin və rusların azərbaycanlı türklərə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti sonralar 1905-1908 və 1918-ci illərdə yenidən başlamışdır. Keçmiş təqvimlə 1918-ci il martın 28-də başlayan qətliam üç gün davam edib və buna “31 mart qırğını” adını veriblər. Kommunistlərin Qafqaz komissarı Stepan Şaumyanın idarə etdiyi erməni daşnak və rus bolşevik birlikləri Bakıda yaşayan türklərə qarşı hücumlar həyata keçirmişdilər. 30 min insanı vəhşicəsinə qətlə yetirmişdilər. Qafqazdan yüksələn “kömək edin!” hayqırtılarına yıxılmaqda olan Osmanlı dövləti Nuru Paşanın komandanlığı altında Qafqaz Türk-Islam Ordusunu bölgəyə göndərmişdir. Əgər bu ordu Azərbaycanın köməyinə yetişməsəydi, bu gün Qafqazda bir türk qalmayacaqdı. Bakı ilə Ermənistan birləşdirilərək “Böyük Ermənistan” qurulmuş olacaqdı.
Türksüzləşdirmə hərəkatı
Stalin siyasətinə uyğun olaraq sonrakı illərdə Azərbaycan sərhədləri daxilindəki Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmış və ermənilər milli azlıq statusuna qovuşmuşdur. Halbuki, Ermənistanda 580 min, Gürcüstanda 400 min türk yaşayırdı. Onlara belə bir haqq verilməmişdir. Zamanla Ermənistanda yaşayan türkləri Azərbaycana köçürtdülər. Bu zorakı köçün ən sonuncusu Ermənistanda etnik təmizləmə adı aldı. Türksüzləşdirmə hərəkatı 1988-ci ilin qış aylarında başlandı. Bu etnik təmizləmə 1994-cü ilin mayına qədər davam etdi. Dolayısıyla Ermənistanda və işğal edilən Azərbaycan torpaqlarında bu gün bir türk əsilli insan qalmayıb. Ermənistanın tətbiq etdiyi və Moskva hakimiyyətinin göz yumduğu bu məcburi köçürmə, ya da etnik təmizləmə hərəkatı nəticəsində minlərlə türk ermənilər tərəfindən qətlə yetirilmişdir. 4 min 861 türk də əsir alınmış, itkin düşmüş və müxtəlif işgəncələrə məruz qalmışdır. Ermənilər bu etnik təmizləmə zamanı 900 yaşayış məskənini tamamilə dağıtmış, türklərə aid yüz milyardlarla dollar dəyərindəki mal-mülk mənimsənilmişdir. Azərbaycanlı türklərin mədəniyyətini, adət və ənənələrini təmsil edən əsərləri mənimsəmiş, məscid və qəbiristanlıqları dağıtmışdılar. Dağlıq Qarabağ problemi çərçivəsində 20 min insan öldürülmüş, 50 mindən artıq adam ağır yaralanmış, minlərlə insan əlil olmuşdur. Qarabağda yaşayan minlərlə türkün adı hələ də “itkin düşmüşlər” siyahısındadır. Bundan əlavə, Xocalı qətliamına qədər erməni terror qrupları ruslarla əməkdaşlıq edərək Azərbaycan torpaqlarında və kənarda minlərlə türkü sui-qəsd yoluyla qətlə yetirmişdilər.
Ermənilərin Qarabağa arxadan zərbəsi
Dağlıq Qarabağdakı ermənilər 1988-ci il fevralın 20-də Azərbaycanın hakimiyyətindən çıxaraq Ermənistana qatılmaq qərarı vermişdir. Bundan iki gün sonra, yəni fevralın 22-də Əsgəran və Ağdam şəhərlərində yaşayan türklər bu qərara qarşı keçirdikləri etiraz aksiyalarıyla münasibət bildirmişdilər. Bu etiraz mitinqində ermənilərin hücumları nəticəsində iki azərbaycanlı türk şəhid edilmişdir. Bu olaylarla birlikdə Xocalı qətliamının fitili də alovlandırılmışdır. Ermənilərin türklərə qarşı hücumlarından bəziləri belədir:
– 1988-ci il 16 sentyabrda Tbilisi-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılmış, 5 nəfər öldürülmüş, 27 nəfər yaralanmışdır;
– 1990-cı il iyulun 11-də Tərtər-Kəlbəcər avtobusunun Ağdərədə partladılması nəticəsində 14 nəfər öldürülmüş, 35 nəfər yaralanmışdır;
– 1990-cı il avqustun 10-da Tbilisi-Ağdam avtobusu partladılmış, 20 nəfər həyatını itirmiş, 30 nəfər yaralanmışdır;
– Eyni tarixdə Şəmkir-Gəncə avtobusunun partladılması nəticəsində 17 nəfər öldürülmüş, 16 nəfər yaralanmışdır;
– 1990-cı il noyabrın 30-da Xankəndi hava limanına gedən yolda bir avtobus partladılmış, nəticədə 2 nəfər dünyasını dəyişmiş, 11-i yaralanmışdır;
– 1991-ci il yanvarın 9-da tanınmış jurnalist Salatın Əsgərovanın da içində olduğu bir avtomobil partladılmış, 4 nəfər həlak olmuşdur;
– 1991-ci il mayın 30-da Dağıstanda Moskva-Bakı marşrutu ilə hərəkət edən qatar partladılmış və nəticədə 11 nəfər ölmüş, 22 nəfər yaralanmışdır;
– 1991-ci il sentyabrın 8-də Ağdam-Xocavənd avtobusunun partladılması nəticəsində 4 türk həlak olmuşdur;
– Eyni gündə Ağdam-Qaradağlı avtobusu partladılmış, 8 türk ölmüş, 42 nəfər yaralanmışdır;
– 1991-ci il sentyabrın 26-da Yevlax-Laçın avtobusunun partladılamsı ilə 2 türkün həyatına son qoyulmuş, 14 nəfər isə yaralanmışdır;
– 1991-ci il noyabrın 20-də Azərbaycan, Rusiya və Qazaxıstandan olan müşahidəçilərin olduğu vertolyota erməni terrorçuları tərəfindən atəş açılmış, nəticədə 19 müşahidəçi həlak olmuşdur;
– 1991-ci il dekabrın 26-da Şuşa-Laçın yolunda iki avtomobil partladılmış, 5 nəfər həlak olmuş, 5 nəfər yaralanmışdır;
– 1992-ci il yanvarın 8-də Türkmənistan-Azərbaycan marşrutu ilə üzən sərnişin gəmisi Xəzər dənizində partladılıb, 25 nəfər ölüb, 82 nəfər yaralanıb;
– 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyot erməni terrorçuları tərəfindən vurulmuş, nəticədə çoxu qadın və uşaq olmaqla sərnişinlərin hamısı həlak olmuşdur;
– Xocalı qətliamından doqquz gün öncə – 1992-ci il fevralın 17-də Xocalıya bağlı Qaradağlı kəndi ermənilərin hücumuna məruz qalmışdır. Burada yaşayan 118 nəfər kənddən qovularaq Bəylik bağı adlanan ərazidə qətlə yetirilmiş və kütləvi şəkildə quyulara basdırılmışdır;
– Ermənilər 1992-ci il 8-12 fevral aralığında Xocalı ətrafında Malıbəyli, Kərkicahan, Naxçıvani və Quşçular kəndlərini mühasirəyə alaraq, sənaye sahələrinin çoxluq təşkil etdiyi kəndləri dağıtmışdılar. Kəndlərdə türklərin bir qismini öldürmüş, bir qismini də əsir almışdılar. Xocalı və ətrafındakı kəndlərə qarşı törədilən hücumların və qətliamların başında “ASALA” terror təşkilatının liderlərindən biri Monte Melkonyan adlı terrorçu dayanırdı (Vidadi Məmmədov, “Azadlıq” qəzeti, 2 mart 2011-ci il tarixlı sayında yayımlanan araşdırma məqaləsi)
ardı var