Bu neçə illərdə hakimiyyətə yarınmağın yüz üsulunu gördük. Bir-birindən fərqli, bir-birindən maraqlı. Hətta hakimiyyəti tərifləmədən də ona fayda verənləri tanıdıq. “Mən dövlətçiliyə sadiq adamam!”, “Qarabağ dərdi ola-ola siyasət barədə söz demərəm!”, “Vətənpərvər ölkəsini pisləməz”, “Dörd tərəfimiz düşməndir!”, “Neyləyək, başqası yoxdur!”, “Rüşvət hər yerdə var!”, “93-də küçəyə çıxa bilmirdik” kimi sanki ziyansız, tərəfsiz görünən VƏTƏNPƏRVƏR yanaşmaları görmüsünüz.
Indi təzəsi yaranır: “Milli Şura Rusiya layihəsidir”! Hökumətin söydüyünü sən də bu cür söyürsən-vəssalam…
Rusiya Ilham Əliyevlə dil tapıb, aldığını alıb. Maddi və siyasi qazanclarını götürüb. Yekun olaraq da, Avropa Assosiasiya Sazişini imzalamayan Ilham Əliyevdir. Onun üstünə gedən yoxdur. Onun adını çəkmirlər. Amma deyirlər ki, Milli Şura Rusiya layihəsidir. Milli Şura olmasa idi, Ilham Əliyev imza atacaqdımı Assosiasiya Sazişinə?
Yaxşı bilirlər ki, Rusiya o qədər iyrənc və o qədər ziyanlı tərəfdir ki, bu mövzuda manipulyasiya aparmaq asandır. Hətta ciddi siyasətçiləri, mübarizə adamlarını asanlıqla təntitmək olar. Axı bu adamlar uzun illər müstəqillik, azadlıq davası aparıb. Onların ən həssas yeridir bu məsələ. Onlar dərhal bu kampaniyadan qorxub çəkiləcəklər, həvəsdən düşəcəklər, qırılacaqlar içdən. Buna deyirlər insanları iman gətirdiyi yerdən vurmaq.
“Rusiya adamı” kompleksi olmayanlar isə bunu asanlıqla anlaya bilər.
Görəsən AXCP, Müsavat, yaxud Cəmil Həsənli, Mirmahmud Fəttayev, ya da müstəqillik aktına səs vermiş Ibrahim Ibrahimli, avro-atlantika hərəkatçısı Sülhəddin Əkbər, türkçü Isgəndər Həmidov, gənc demokratlar – NIDA-çılar, Mehman Əliyev, Namizəd Səfərov, Leyla Yunus, Ənnağı Hacıbəyli, Fuad Ağayev və bu kimi adamlar olan yerdə kim Milli Şuranı Azərbaycanın müstəqilliyinin əleyhinə addım atmağa vadar edə bilər?!
Ikincisi, Qərb niyə Milli Şuranın öz namizədi ilə qatıldığı seçkidə Ilhama Əliyevə “seçki saxtakarlığı” problemi yaşatdı? Seçkilərin nəticələrini saxta olduğunu elan etməyə bilərdilər əvvəlki illərdə olduğu kimi. Milli Şura Rusiya layihəsidirsə, Qərb niyə köhnə qaydada susub, Rusiyanın layihəsini daha çətinə salmadı? Bu ki Milli Şuraya dəstək idi!
Nəhayət, təklif nədir? Milli Şuranın hakimiyyətə qarşı mübarizəsi Rusiyanın təzyiqidirsə, onu daxildən çətinə salmaqdırsa, bəs neyləyək, Milli Şuradan çıxıb ondan kənarda mübarizə aparsaq, yenə hakimiyyətə təzyiq olmurmu? Yenə hakimiyyət Rusiyanın qarşısında çətinə düşmürmü? Bu zaman bir yol qalır, ya çıxıb evlərə dağılışmaq, ya da hakimiyyətin yanına gedib onu gücləndirmək ki, Rusiyanın qabağında duruş gətirsin! Təklif hansıdır?
…Rejimin “Yoxsa islamçılar gələr!” hiyləsi “Yoxsa rusiyapərəstlər gələr” hiyləsi ilə əvəzlənir. Və bu arada nə baş verir? Benzin bahalaşır! Hər şey bahalaşır! Onlar pullarını saymaqdadır. Onlar talanı davam etdirir. Belə bir zamanda qorxuram kimsə deyə ki, benzinin bahalaşması Rusiyanın layihəsidir – narazılığı artırır, xalqı hakimiyyətə qarşı qaldırır.
Bəlkə sabah bizi Ilham Əliyevi tənqid edib Rusiyanın qabağında zəiflətməkdə də ittiham etdilər: “Toxunmayın ona, Rusiya gələr!”
Məsələ bu qədər ironik və ağrılıdır. Çünki Rusiyaya müqavimətin bu hakimiyyətlə mübarizədən keçdiyini unutdurmaq istəyi var burada!