«İqtidar qəzetlərinə abunə ilə bağlı məktəblərə Ramiz Mehdiyevin imzaladığı məktub göndərilib»
Nabatəli Qulamoğlu: «Ola bilər, mürtəce qüvvələr Mikayıl Cabbarovu da sıradan çıxarsınlar»
Təhsil sektorunda baş verən son hadisələr, yeni nazirin bu sahədə apardığı islahatlar, təhsilimizin gələcəyi və bu sıradan başqa suallarımızı təhsil eksperti Nabatəli Qulamoğluna ünvanladıq.
– Nabatəli müəllim, son zamanlar təhsil naziri Mikayıl Cabbarovun bəyanatları ciddi maraq doğurur. Islahatdır, yoxsa imitasiya?
– Birmənalı cavab vermək çətindir. Biz münəccimlik edib deyə bilmərik ki, hakimiyyət mətbəxində nələr baş verir. Amma bir şeyi dəqiqliklə bilirəm ki, sistemli təhsil islahatından söhbət gedə bilməz.
– Niyə?
– Hələ ki bu, mümkün deyil. Vaxtilə demişəm, bir də təkrar edirəm: təhsil islahatı siyasi islahatların önündə deyil, arxasınca getməlidir, əks halda, bu, arabanı atın qabaq tərəfindən qoşmağa bənzəyir. Avtoritar idarəetmə istənilən sahədə aparılan islahatın qarşısında vurulmuş nəhəng bənddir.
– Belə fikir də var ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” adlanan sənəddə təhsil islahatları üçün kifayət qədər baza vardır.
– Sizinlə razılaşmaya bilmərəm. Hakimiyyət elə siyasi islahatlar apardığını da iddia edir, lakin gündən-günə insanların hüquq və azadlıqlarının pisləşdiyini görürük. Bununla belə, adını çəkdiyiniz sənəddə xeyli pozitiv məqamlar vardır.
– Hansı məqamlardır?
– Ən başlıca pozitiv məqam ondan ibarətdir ki, bu sənəddə təhsilimizin ağır durumu etiraf edilir. Təhsilin inkişafı haqqında danışılanda yalnız arxitektor xarakterli tədbirlərdən və layihələrdən danışılır. Müəllim hazırlığı üzrə infrastrukturun zəif olması qeyd edilir. Təhsilin nəticələrindən söz açılmır, çünki bu nəticələr rüsvayçıdır. Digər oxşar məqamlar: peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqının tətbiqi, inkişaf etmiş ölkələrdə olan yaxşı təcrübə, təhsildə idarəetmənin ictimailəşməsi – bunlar hamısı vacib elementlərdir.
Azərbaycan təhsilində ilk dəfə olaraq “təhsil meneceri” ifadəsi işlənilir və belə menecerlərə ehtiyac olduğu vurğulanır. Təhsil meneceri də məhz azad bazarın iştirakçısıdır, əks halda o heç cür fəaliyyət göstərə bilməz. Təqribən, doqquz il bundan qabaq “Azadlıq” qəzetində təhsil bazarının yaradılması ideyası ilə çıxış etmişdim. Indi nazir tərəfindən verilən bəyanatlarda da, Dövlət Strategiyasında da təhsil bazarının bütün əlamətləri öz əksini tapıb.
– Onda bircə həyata keçirmək qalır?
– Problem də Dövlət Strategiyasının həyata keçirilməsindədir. Əvvəla, təhsil menecerlərinin fəaliyyəti üçün “Təhsil Haqqında” qanunda dəyişiklik etmək lazımdır. Güman edirəm, nazir bilməmiş deyil: qanuna görə, məktəb direktorları təyin edilir. Digər tərəfdən, M.Cabbarovun ciddi cəhdlərinə baxmayaraq, meydanda elə bir nəticə yoxdur. Həm nazirin, həm digər təhsil məmurlarının bəyanatlarında, eləcə də Dövlət Strategiyasında vurğulanır ki, təhsil müəssisələrinin işinə kənar müdaxilələr var. Ad çəkilməsə də, söhbət rayon icra başçılarından gedir. Bu şikayətləri keçmiş nazir də dönə-dönə dilə gətirirdi və həmin sözlərin də qurbanı oldu. Amma indi baxıb görək icra hakimiyyətlərinin məktəblərə müdaxiləsi səngiyibmi? Əlbəttə, yox. Elə bir neçə gün bundan əvvəl bir çox müəllimləri dərsdən ayırıb YAP-ın iclasına çağırmışdılar. Demək istədiyim odur ki, təhsil islahatı aparmaq hakimiyyətin marağına uyğun deyil. Amma bu da həqiqətdir ki, nazirin addımları bir çoxlarında, o cümlədən məndə də elə rəy yaradıb ki, o, dəyişiklik etməkdə israrlıdır.
– Nəyə əsaslanırsınız?
– Müşahidələrimə. Məsələn, birmənalı olaraq deyə bilərəm ki, nazir məktəblərdə qəzetlərə abunə kampaniyasını dayandırıb və məktəbləri bir sıra “aylıq vergilər”dən azad edib. Səhv etmirəmsə, bu yaxınlarda “Azərbaycan” qəzetinin redaktoru rəhbərlik etdiyi qəzetin problemlərlə üzləşdiyini dedi. Deməli, səbəb-nəticə əlaqəsi var. Indi mən deyə bilmərəm, YAP funksionerləri ilə mübarizədə kim qalib gələcək. Ola bilər, mürtəce qüvvələr M.Cabbarovu da sıradan çıxarsınlar. Bəlkə də, bu səbəbdəndir ki, nazirin göstərişlərini sabotaj edirlər.
– Kim və necə?
– Müəllimlərin zorla abunə yazılmasında kimin marağı varsa, həmin şəxslər. Təbii, bunlar icra hakimiyyətinin işçiləri və bəzi məktəb rəhbərləridir. Məlum məsələdir ki, məktəblər ənənəvi olaraq elmi- metodik ədəbiyyata abunə yazılıblar. Məsələn, “Azərbaycan məktəbi”, “Azərbaycan dilinin tədrisi” və s. jurnallar dərs deyən müəllimə köməkdir. Vaxtilə bu jurnallara abunə dövlətin hesabına aparılıb. Aldığım məlumata görə, icra hakimiyyətindən deyiblər ki, iqtidar qəzetlərinə abunə ilə bağlı Ramiz Mehdiyevin imzaladığı məktub daxil olub. Bəzi məktəb direktorları da bilərəkdən nazirin məlum göstərişini əsas tutub bu cür elmi-metodik jurnallara abunə kompaniyasını dayandırıblar, halbuki bu jurnalların məktəb həyatındakı əhəmiyyəti danılmazdır.
– Direktorlar deyə bilərlər ki, onlar kimisə abunə yazılmağa məcbur edə bilməzlər.
– Əvvəla, məktəblərin maliyyə mənbəyi olmasa da, dövlət metodik ədəbiyyatın maliyyələşdirilməsini təmin etməlidir. Digər tərəfdən, belə sabotaj halına şərait yaranmasın deyə nazir məktubunda metodik ədəbiyyatın istisna olunduğunu qeyd edə bilərdi.
– Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə verdiyi müsahibədə islahatın başlıca istiqamətlərindən söz açılır.
– Bəli, nazir bu müsahibədə Dövlət Strategiyasının irəli sürdüyü bütün istiqamətlərə aydınlıq gətirib. Onu da vurğulayıb ki, sərəncamda göstərilən müddətdə təkliflərin hazırlanması üçün Təhsil Nazirliyində müvafiq qurum yaradılıb. Nazirin şərh etdiyi məsələlər içərisində 5-ci istiqamət xüsusilə diqqəti cəlb edir. Bu istiqamət təhsilin adambaşına maliyyələşmə sisteminə keçməsi və ödənişli təhsil müəssisələrinin yaradılmasını özündə ehtiva edir. Bu da o deməkdir ki, valideynlər təhsil üçün ayrılmış maliyyəni istədikləri məktəbin hesabına köçürə biləcəklər. Beləliklə, təhsildə menecerlik və qarşılıqlı maraqlar, demək olar, boşuna işləyən dövlət sektorunu dəfn edəcək. Hadisələrə nikbin baxmaq yaxşı haldır, amma ölkə başçısının 2011-ci ilin yazında müəllimlərə xüsusi status verilməsi ilə bağlı imzaladığı sərəncam bu günə kimi yerinə yetirilməyib. Məhz Dövlət Strategiyasının da belə oxşar tale yaşayacağı istisna deyil.
– Iqtidar partiyasına yaxınlığı ilə seçilən Elşən Musayev Təhsil Nazirliyinin istefaya göndərilmiş şəxslərinin cəzalandırılmasını tələb edir.
– Elşən Musayev bir qrup adamın əl ağacıdır və ondan istifadə edib şəxsi maraqlarını güdənlər var. Amma o fikirdə də deyiləm ki, istefaya gedənlər imam övladlarıdır. Onlara “Niyə oğurlayırdın?” sualını verəndə “Yuxarılar təşkil edirdi” cavabını alacaqsan. Belə məsələləri qabartmaq isə hakimiyyətin marağında deyil.
Ramin DEKO