Tanınmış vəkil Qurban Məmmədovun məhkəmə istintaqında cəmi bir dəfə iştirak edə bildim. Onda da bu məhkəmə şousunda gördüklərimlə yanaşı, Qurban bəyin özü məni xeyli heyrətləndirdi. Düz iki məsələ ilə…
Əvvəla, dedi ki, vaxtınızı niyə bu proseslərə sərf edirsiniz, gedin ölkə üçün lazımlı işlər görün. Gəlməyin bu iclaslara.
Ikinci heyrətləndiyim məsələ ədəbiyyatla bağlı idi. Qurban bəy bizə söylədi ki, Corc Oruelin məşhur “1984″ romanının adını dəyişib, ölkəmizdə ”2013″ adı ilə nəşr etmək gərəkdir. Təbii ki, ölkəmizdə baş verənlərin necə absurd həddə çatdığından söhbət açdı. Mən də söhbətə bilərəkdən müdaxilə etdim və bəlli oldu ki, bu cəsur insan həbs olunduğu ərəfədə onun barəsindəki yazımı oxumayıb. Maraqlı o idi, mən də yazımda ədəbi əsərlərdəki absurdların bizim ölkədə gerçəkdən baş verdiyini yazmışdım. Deməli, həbsxanadan da, ondan kənardan da ölkəmiz eyni görünür. Vəziyyət bu qədər qəlizləşib!
Sözünü etdiyim yazını Frans Kafkanın “Proses” əsərindəki ilk cümləni iqtibas etməklə başlamışdım. Çoxunuz bu əsəri oxumusunuz, elə orada da məhkəmədən söhbət gedir, “proses” dedikdə də elə məhkəmə prosesi nəzərdə tutulur.
Həmin əsər belə başlayır: “Görünür, kimsə Yozef K-nı şərləmişdi, çünki pis bir iş tutmasa da, onu həbs etmişdilər”.
Indi mənim yadıma gənc NIDA-çıların həbsinin necə başlaması düşdü. Gecə yarısı gənclər mənə zəng etdi ki, bəs dostlarından biri yoxa çıxıb, onun kirayə qaldığı evinə gedən dostlarından birinə isə qapını tanımadığı qalstuklu adamlar açaraq soruşublar: “Buyurun, sizə nə lazımdır? Gəlin içəri!”
Gənc də müəmmalı bir şeylər olduğunu görüb geri dönmüşdü. Gecə biz axtarışı davam etdirdik və yenidən qapını döyməyə getdik. Həmin anları Mehman Hüseynov videoya çəkib, üstündən aylar keçəndən sonra görüntülərə baxanda elə bildim ki, oradakı biz deyilik, bu hansısa filmdən fraqmentlərdir. Adam özünün müşahidə etdiyi hadisələrin gerçək olduğuna inanmır.
Yaxud da tərsinə, əsərlərdəki absurd süjetləri və dramları oxuyanda adama elə gəlir ki, bunlar əsərdə deyil, elə sənin həyatında və ölkəndədir.
“1984″ romanı anti-utopiya deyilən janrda yazılıb. Bu janrda əsərlərdə utopiyada ola biləcək hadisələr məntiq və ağlabatanlıqla inkişaf etdirilir. Yadınıza salın, SSRI dağıldıqdan sonra biz müstəqilliyə, azadlığa, ədalətə, inkişafa elə köklənmişdik ki, avtoritarizmin əzabkeşləri olacağımızı ağlımıza gətirməzdik. Bu, bizə utopiya kimi görünürdü. Amma Əliyevlər hakimiyyəti utopik görünən bu qisməti zorla və öz məntiqlərilə davam etdirdilər. Odur ki, anti-utopiya janrındakı əsərlərdə rast gəldiyimiz hər cür sərsəriliyə real həyatda rast gəlirik.
Bir dəfə Gəncədə belə bir hadisə olmuşdu. Kimisə tutublar ki, sən filankəsi öldürmüsən. “Ölənin” anası müsahibə vermişdi ki, “ay balam, nə danışırsınız, oğlum Rusiyadadır, dünən telefonla danışmışam”. Məhz bu cürdür, anti-utopiyanın həyata çökdüyü ölkələrdə həyat hadisələrinin dramatikliyi bədii əsərləri geridə qoymağa başlayır.
Məsələn, mən bugünlərdə universitet müəllimimə tamaşa etdim, adam illərini gerçəkdən mətbuat tarixinə və Məhəmməd Əmin Rəsulzadəyə həsr edib. Amma həyatdakı addımı anti-utopiya idi.
Real həyatı bəzən real insanları düşündükdə hiss edirsən. Məsələn, Qurban Məmmədovu.
Öz istədiyi həyatı yaşamaq istəyir və özünü, işini xilas etmək üçün prinsiplərini dəyişmədən yaşamağı bacarır. Hətta məhbəsdən böyük ədəbiyyata müdaxilə etməyi də bacarır – məşhur romanın adını dəyişdirir. Yalnız belə adamlar ölkəni dəyişdirə bilərlər.