Teledebatlarda Cəmil Həsənlinin çıxışlarından daha çox yadda qalan budur: “Ölkədəki korrupsiya – monopoliya sisteminin başında prezident Ilham Əliyev durur”. Bu, olduqca ağır suçlamadır. Üstəlik, bu, hər hansı müxalifətçi suçlaması deyil, professor-doktor suçlamasıdır. Seçkidəki gerçək səsvermədən göründüyü kimi, C.Həsənli bu tip çıxışları ilə rejimə çox güclü zərbə vurub. Bu zərbəyə görə başqaları bir yana, bir çox YAP-çıların C.Həsənliyə səs verməsi faktdır.
Beləcə, C.Həsənli 6 dəqiqəlik teleçıxışları ilə böyük müxalifət birliyinin illərlə görə bilmədiyi işi gördü: rejimi, regionun ən güclü, LIDER dövlətinin başında duran adamı təkbaşına yendi. Medianın, başlıcası da televiziyanın gücü bu deməkdir. Buna görə əliyevçi rejim medianı, başlıcası da, televiziyaları “ermənidən betər düşmən” saydığı müxalifətdən, müxalifətçilərdən göz bəbəyi kimi qoruyur, “yağıları” ona yaxın buraxmır. Seçkiöncəsi min bir oyundan çıxıb müxalifətçiyə çıxış üçün altıca dəqiqə ayrılması, üstəlik, bu altıca dəqiqənin qorxusundan ortaya yalançı, saxta “prezidentliyə namizədlər” çıxarılması – bunlar hamısı prezident adlanan bir adamın ölkədəki bütün başlıca NEQATIV görsənişlərin, o sıradan, korrupsiya – monopoliya sisteminin başında durması faktından qaynaqlanır.
“Ciddi şəkildə tapşırıq verdim ki, bu NEQATIV hallar aradan qaldırılsin. Düşünürəm ki, qəzet satışı üçün heç bir problem ola bilməz. Əgər bu varsa, dərhal aradan qaldırılmalıdır”. Düz 20 ildir biz bu sayaq yalançı, xalqı aldatmağa yönəlmiş tapşırıqlar eşidirik: “Ciddi şəkildə tapşırıq vermişəm: seçkiləri saxtalaşdırmaq olmaz”. Seçkilər saxtalaşdırılır. “Ciddi şəkildə tapşırıq verirəm: ölkədə ağac qırğınına son qoyulmalıdır”. Başqa yerlər bir yana, Bakıda ağac qırğını gedir. “Ciddi şəkildə göstəriş vermişəm: ölkədə məmur özbaşınalığına, məmur qudurğanlığına son qoyulmalıdır”. Ölkə içində baş verənlər bir yana, ölkə dışında – Ingiltərədə, eləcə də bir sıra başqa Avropa ölkələrində Kəmaləddin Heydərovun, ABŞ-da Ziya Məmmədovun oğlu milyonlar səpələməklə dövlət adamlarını, deputaları ələ alır. Bu pullar hardandır? Necə olur müxalifətə verilən qəpik-quruşun qaynağı axtarılır, ancaq prezidentin yaxın çevrəsinin – MƏMURLARIN yiyələndikləri milyardların qaynağı axtarılmır? Bax, bu incəlik üzündən prezident adlanan adamın – dövlət başçısının bütün tapşırıqları göydən asıla qalır, görəv yiyələri o tapşırıqları yerinə yetirməyi deyil, yetirməməyi QANUN sayırlar!
Özü də çox düzgün olaraq. Ortadakı siyasi sistem görsənişlərindən çıxış edərək. Korrupsiya – monopoliya qanunlarına uyğun olaraq ölkədə bütün hakimiyət rıçaqlarına təkbaşına yiyələnən, bütün hakimiyət rıçaqlarına təkbaşına yiyələnməklə ölkədəki korrupsiya – monopoliya sisteminin başında duran bir prezidentin gerçək qanunçuluğa bağlı tapşırıqlarının biri də yerinə yetirirlməməlidir. Bu, çox keçmədən SISTEMIN dağılmasına gətirər. Bunu prezident adlanan kimsə də gözəl bilir, MƏMURLAR da. Buna görə də onlar – prezidentlə MƏMURLAR – bütünlüklə qarşılıqlı anlaşma içində əməkdaşlıq edir, SISTEMIN gərəkdirdiyi çalışmalarda bulunurlar: prezident ardıcıllıqla tapşırıqlar verir, onlar tapşırıqları ardıcıllıqla yerinə… yetirmirlər!
Prezident metroda qəzet satışına yasaqın aradan qaldırılmasına “ciddi şəkildə tapşırıq verir”. Bu ölkəyə bircə dənə adam gözünə, xalqı aldatmağa yönəlməyən tapşırıq gərəkdir: seçkilər açıq, doğru-düzgün keçirilməli, saxtalaşdırmaya son qoyulmalıdır. Ondan sonra metroda qəzet satışına yasağın götürülməsi də, Saqatlı rayonundakı 21 km-lik Qarayevkənd-Smadakənd yolunun 11-ci kilometrinin açılış lentini kəsmək də prezident görəvi olmayacaq! Bir belə xırda-xuruş işlərə uğraşan prezident Ölkə, Dövlər üçün yararlı böyük işlər görə bilməz – ötən 10 ildə olduğu kimi…