Proses noyabrın 18-də davam edəcək
Bu ilin yanvarında Ismayıllıda baş vermiş etirazların təşkilində günahlandırılaraq həbs edilən “Respublikaçı Alternativ” (ReAL) Vətəndaş Hərəkatının sədri Ilqar Məmmədov, Müsavat başqanının müavini Tofiq Yaqublu, eləcə də Ismayıllı sakini olan 16 nəfərin işi üzrə dünən məhkəmənin hazırlıq iclası davam etdirilib. Ötəndəfəki prosesdə təqsirləndirilən şəxslərin vəkilləri onların azadlığa buraxılması üçün vəsatət vermişdilər.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyilə baxılır.
Ilk prosesdən fərqli olaraq, bu dəfə məhkəmə binası önünə gələn insanlarla daha mehriban rəftar edilirdi. Məhkəmədə təqsirləndirilən şəxslər öz valideynləri ilə dəmir barmaqlıqlar arxasından da olsa ünsiyyət qura bildilər. Məhkəmə zalına daxil olduqdan bir neçə dəqiqə sonra məhkəmə nəzarətçisi gələrək hər kəsin bayıra çıxmasını tələb etdi. O, məhkəmənin 20 dəqiqə gec başlayacağını bildirdi. Ancaq təqsirləndirilən şəxslər barmaqlıqlar arasından valideynlərinin çölə çıxmasına etiraz etdilər. Narazılığa görə nəzarətçilər heç kimi bayıra çıxarmadı.
Tofiq Yaqublu bu oyunun Müsavat Partiyasının Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılını və bir neçə şəxsi bayıra çıxarmaq və daha sonra onları içəri buraxmamaq məqsədi ilə olduğunu bildirdi.
ReAL-ın sədri Ilqar Məmmədov isə Ilham Əliyevin səfirlərə, beynəlxalq qurumlara məhkəmənin açıq, ədalətli keçəcəyinə dair verdiyi sözü tutmadığını söylədi.
Vasif Ibrahimov adlı təqsirləndirilən şəxs ombudsman Elmira Süleymanovaya məktub üvanladığını qeyd etdi və bildirdi ki, oktyabrın 21-də Bakı Istintaq Təcridxanasında Fəqan adlı polis tərəfindən vəhşicəsinə döyülüb. Vasif Ibrahimov döyüldükdən sonra 13 gün ərzində valideynləri ilə görüşünə icazə verilmədiyini və döyülməsini təkzib edən ifadə verməyə məcbur olunduğunu vurğuladı.
Başqa bir təqsirləndirilən şəxs Xəyal Şaranov şərlənərək həbs olunduğunu söylədi.
Təxminən 30-40 dəqiqədən sonra bildirildi ki, məhkəmə müşavirə otağına yollanıb. Ancaq sonradan məlum oldu ki, məhkəmə saat 16:00-a qədər təxirə salınıb. Buna görə də zalda olan şəxslər zaldan çıxarıldı. Bir neçə saatlıq davam edən müşavirədən qayıdan hakim müdafiə tərəfinin heç bir vəsatətini təmin etmədi. Proses noyabrın 18-i, saat 11.00-a təyin edildi.
Ramin DEKO