«Dünya birliyində Azərbaycanla bağlı ictimai fikir dəyişib və biz bunun təzahürünü görürük»
Hikmət Hacızadə: «Azadlıq» qəzeti Azərbaycanda yeganə müstəqil qəzetdir»
Vilnüs sammiti ərəfəsində Ilham Əliyevə Qərb dövlətlərindən gələn təbriklər hakimiyyətə dəstək kimi təqdim edilməyə çalışılsa da, bu məktublarda Azərbaycana Avrointeqrasiya ilə bağlı açıq çağrışlar edildiyi görünür. Azərbaycanın diqqətinə Avropa ilə əməkdaşlığın dərinləşdirilməsinin vacib olduğu bildirilir. Bəs Vilnüsdə imzalanması gözlənilən sazişlər ölkə siyasətində nələri dəyişdirə bilər? Gündəmdə olan bu və başqa sualları politoloq Hikmət Hacızadəyə ünvanladıq:
– Azərbaycan hakimiyyətinin Avropa Birliyi ilə Vilnüsdə əməkdaşlığa dair hansı yol tutacağını indidən söyləmək olmaz. Amma bu əməkdaşlığın inkişafı Azərbaycanın maraqlarına uyğundur. Bu əməkdaşlığın olmamasından itirən tərəf yalnız Azərbaycan olacaq. Hazırda Azərbaycan rəhbərliyinin Avropaya inteqrasiya ilə bağlı mövqeyinin konkret olaraq nədən ibarət olduğu bilinmir. Avropa ilə əməkdaşlıq Azərbaycan üçün taleyüklü məsələdir. Inkişaf yolunu seçmək Azərbaycan xalqının gələcəyi baxımından çox vacibdir. Əgər Avropa ilə əməkdaşlığın növbəti mərhələsinə keçilməsə Azərbaycan tədricən zəifləyəcək. Nəzərə almaq lazımdır ki, hazırda regionda Azərbaycanla bağlı situasya olduqca gərgindir. Belə olan halda Azərbaycanın etibarlı partnyorlara ehtiyacı var.
– İlham Əliyevə gələn təbriklərdə Avropa Birliyi ilə əməkdaşlığın dərinləşdirilməsinə çağrışın edilməsi nəyin görsənişidir?
– Avropa Birliyi Azərbaycana əməkdaşlıqda maraqlıdır. Ilham Əliyevə ünvanlanan məktublarda bu məqamın vurğulanması təsadüfi deyil. Ona görə Azərbaycana çağrışlar edilir ki, Avropa Birliyi ilə əməkdaşlığı dayandırmasın və bu əməkdaşlığı daha da dərinləşdirsin.
– Azərbaycanın istər Avropa Birliyi, istərsə də Gömrük Ittifaqı ilə məsafə saxlamaq istədiyini hakimiyyət təmsilçilərinin açıqlamalarından da hiss etmək olur. Araz Əzimov bəyan edib ki, Azərbaycan həm Avropa Birliyi, həm də Gömrük Ittifaqı ilə məsafə saxlamaq niyyətindədir. Sizcə, bu dəfə Azərbaycan buna nail olacaqmı?
– Bəlkə də Azərbaycan yenə də güc mərkəzləri ilə məsafə saxlamağa nail ola bilər. Amma bu cür mövqe bizi inkişafdan qoyacaq. O zaman belə bir mənzərə yaranacaq. Heç bir güc mərkəzinə qoşulmaq istəmirsən, amma eyni zamanda xaricdən gələn təzyiqlərdən də özünü müdafiə edə bilmirsən. O zaman Qarabağ münaqişəsini Azərbaycan necə həll etmək niyyətindədir? Axı Azərbaycan gərək hansısa bir birliyə qoşulsun ki, Qarabağ problemini çözə bilsin. Mən heç Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı nəticəsində gələcəkdə yüksək inkişafa nail ola biləcəyi, beynəlxalq standartlara uyğun qanunvericilik və hüquq normalarına sahib olacağı barədə danışmıram. Azərbaycan bütün bu imkanları əlindən vermiş olur.
“Rusiya Azərbaycanla sərt tonda danışır”
– Orxan Zeynalov şousundan sonra Azərbaycana qarşı Rusiya tərəfindən ciddi təhdidlər reallaşdırılır. Moskvada bir neçə azərbaycanlının bu hadisədən sonra qətlə yetirilməsi, uşaqların vəhşicəsinə döyülməsi faktları artıq ortadadır. Ekspertlər hesab edir ki, baş verənlər təsadüfi deyil və düşünülmüş bir planın tərkib hissəsidir…
– Rusiya Azərbaycana təzyiqlər nümayiş etdirir. Bunu bir çox amil sübut edir. Rusiyada millətçi dalğası baş qaldırıb. Miqrantlara qarşı ciddi addımlar atılır və bu addımların daha sərt formaya keçəcəyi gözlənilir. Məhz bu faktordan Azərbaycana qarşı məharətlə təzyiq vasitəsi kimi istifadə edirlər. Orxan Zeynalov hadisəsi Rusiya telekanallarında bir şouya çevrilmişdi. Hazırda da bu şou davam edir. Hər dəfə efirdən azərbaycanlılara, digər millətlərin təmsilçilərinə qarşı sərt ittihamlar, təhqirlər səsləndirilir. Orxan Zeynalovun həbsi səhnəsinin lentə alınması, onun nümayişkarənə şəkildə daxili işlər nazirinin kabinetinə aparılması və bu hadisələrin ardınca televiziyalarda kampaniyanın aparılması təzyiq kimi dəyərləndirilməlidir. Rusiya Azərbaycanın Gömrük Ittifaqına daxil olmasını istəyir. Ona görə Azərbaycanla sərt tonda danışılır. Eyni addımlar Ermənistana qarşı da atılmışdı. Ermənistan təzyiqlərə davam gətirməyərək Rusiyanın istəyini reallaşdırdı. Hələlik Azərbaycan ona edilən təzyiqlərlə bağlı konkret addım atmayıb. Amma Azərbaycana qarşı təzyiqlərin olduğunu heç kim inkar edə bilməz.
“Azərbaycanla Rusiya arasında ”vətən müharibəsi” gedir”
– Azərbaycanın Rusiyadakı hazırkı səfiri Polad Bülbüloğlu bir müddət əvvəl maraqlı açıqlama ilə çıxış etdi. O, bildirib ki, Azərbaycana Rusiyadan təklif gələrsə, bu ölkə ilə viza rejimi tətbiq edilə bilər. Bu açıqlamanın Avropa Birliyinin rəsmilərinin Vilnüs sammitində Azərbaycanla sadələşdirilmiş viza rejiminin tətbiqi barəsində sənədin imzalanacağı ilə bağlı bəyanatı ilə yeni vaxta təsadüf etməsi təəccüblü görünmür. Hesab edilir ki, Rusiya Azərbaycanı viza rejiminin tətbiqi ilə hədələyir?
– Bəli, bu açıqlama diqqətə layiqdir. Azərbaycana bu istiqamətdə də təzyiqlər edilə bilər. Biz bu bəyanatların tez-tez şahidi oluruq. Azərbaycan sadəcə olaraq öz mövqeyini bildirib ki, nə etmək olar, əgər viza rejimini tətbiq etmək istəyirsinizsə, buyurun.
– Putinin Azərbaycana son səfəri zamanı Rusiya prezidenti maraqlı statistik rəqəmlər açıqlamışdı. O bildirmişdi ki, rəsmi statistikaya görə Rusiyada yaşayan Azərbaycanlıların sayı 700 min olduğu bildirilsə də, bu rəqəmin daha artıq olduğu düşünülür və rəqəm təxminən 2 milyona qədər. Bu sayda soydaşımıza qarşı viza rejiminin tətbiqi hansı nəticələr doğura bilər?
– Bu vəziyyəti bir qədər gərginləşdirək. Əslində baş verənləri Azərbaycanla-Rusiya arasında gedən bir “vətən müharibəsinin” təzahürü saymaq olar. Rusiya açıq şəkildə bildirir ki, Azərbaycana qarşı viza rejimi tətbiq oluna bilər. Bunun olmaması üçün Azərbaycan Rusiyanın dediyini etməlidir. Rusiya isə Azərbaycanın ona qul olmasını istəyir. Amma Rusiyadan bütün çətinliklərə baxmayaraq dözüm nümayiş etdirmək lazımdır.
– Rusiyanın Ermənistandakı hərbi hissələrinin komandanı bu yaxınlarda Azərbaycanı təhdid edən bəyanatla çıxış etmişdi. O, vurğulamışdı ki, Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlasa Rusiya KTM-in üzvü kimi Ermənistanı müdafiə edəcək. Azərbaycan tərəfi isə bu bəyanata belə cavab verib ki, Qarabağ Ermənistanın ərazisi deyil, ona görə Rusiya hərbi əməliyyatlara müdaxilə edə bilməz…
– Bu Azərbaycana qarşı açıq hərbi hədədir. Əlbətdə ki, rus generalı hər hansı strateji planın üstün açmayıb. Bu sadəcə olaraq Azərbaycana qarşı bir hədədir və bu hədə ciddi qəbul edilməlidir. Aydın məsələdir ki, Qarabağ müharibəsi zamanı Rusiya Ermənistana hətta kömək etmədiyini inkar etsə də, Yerevana mütəmadi hərbi yardım ediləcək. Və əslində rus generalı açıqlamasında bunu nəzərdə tuturdu.
“Gömrük İttifaqına üzvlük Qarabağın itirilməsinə aparır”
– Belə bir mülahizələr də var ki, Gömrük Ittfaqına üzvlüklə bağlı Azərbaycana Rusiya tərəfindən müxtəlif təkliflər var. O təkliflərdən biri də Gömrük Ittifaqına üzvlük müqabilində Azərbaycanın işğal altında olan 5 rayonunun geri qaytarılmasıyla bağlıdır. Bu ideyanın reallaşmasını nə dərəcədə mümkün sayırsınız?
– Belə fərziyyələr var. Amma bu fərziyyələrin nə dərəcədə reallığa uyğun olduğunu demək olmaz. Amma düşünürəm ki, Azərbaycanın bu təkliflə razılaşması düzgün addım olmazdı. Bu təkliflə razılaşmaq beş rayonun müqabilində Qarabağın itirilməsinə “hə” demək kimidir. Bu olduqca təhlükəli bir addım olardı. Gömrük Ittifaqı heç bir gələcəyi olmayan bir qurumdur. Bu təklifə razılaşmaq Rusiya ilə əməkdaşlığı daha da dərinləşdirməyə vadar edən yoldur. Nəticədə Azərbaycan Rusiyadan asılılığını artıracaq. Ermənistan deyilən dövlət artıq mövcud deyil. Rusiya artıq Ermənistanı tam formada özünə tabe edib.
– Əli Həsənov açıqlama ilə çıxış edərək bəyan edib ki, Rusiyadan Azərbaycana qarşı heç bir təyziq yoxdur və mətbuatda yazılanlar həqiqəti əks etdirmir…
– Bu bir diplomatik davranış normasıdır. Azərbaycan rəhbərliyi bunu deməlidir. Azərbaycan rəhbərliyi sadəcə olaraq onun mesajını verir ki, Rusiyadan olan təzyiqləri hələ ki, aşkarlamır. Amma bu təzyiqlərin olduğunu heç kim inkar edə bilməz.
“ABŞ-ın mövqeyin dəyişmək asan deyil”
– ABŞ-ın Azərbaycanla bağlı sərt mövqeyi qalmaqdadır. Bu mövqeyə qarşılıq olaraq Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyev bəyan edib ki, ABŞ Azərbaycanı dünyadan təcrid etmək istəyir, amma özü təcrid olunacaq. Və bu açıqlamanın fonunda Amerikan senatorlarının, qubernatorlarının I.Əliyevə təbrikləri dövlət televiziyasından səslənməkdədir. Sizcə, idarəçilik aparatının aşağı səviyyəsində verilən bu təbriklər Dövlət Departamenti və Obama administirasiyasının mövqeyini dəyişə bilərmi?
– Xeyr, bu cür addımlar ABŞ-ın mövqeyini dəyişə bilməz. ABŞ-ın Azərbaycanla bağlı siyasəti bəllidir. Amerika Azərbaycanın müstəqil dövlət kimi qalmasını istəyir. Dövlət Departamentinin Azərbaycanla bağlı strategiyasında bu məqam xüsusi vurğulanıb. Ramiz Mehdiyevin nə deməsindən asılı olmayaraq Azərbaycanla əməkdaşlıq davam edəcək. Azərbaycan ABŞ-ın, Avropanın yaxın partnyorudur. Qərb Azərbaycanı nə enerji, nə də hərbi partnyor kimi itirmək istəmir.
– Azərbaycan bu yaxınlarda lobbiçilik fəaliyyətinə 500 min dollar vəsait xərclədi. Bu cür tədbirlərlə Amerikanın mövqeyinə təsir etmək, onun seçki saxtakarlığına münasibətdə fərqli münasibət sərgiləməsinə nail olmaq mümkündürmü?
– Lobbiçilik fəaliyyəti Azərbaycan hakimiyyətinin əsas təbliğat vasitəsidir. Əslində bu fəaliyyət Azərbaycanı dünyaya tanıtmaq, ölkəyə yeni tərəfdaşlar tapmaq məqsədi daşımalıdır. Amma Azərbaycan hakimiyyəti özünün mövqeylərini möhkəmləndirmək üçün bu vasitədən istifadə edir.
“Dünya Azərbaycanda baş verənlərdən məlumatlıdır”
– ATƏT-in son hesabatının daha sərt olacağı gözlənilir. Bu sərtlik hansı nəticələr doğura bilər?
– Əsas odur ki, Azərbaycan ATƏT-in digər hesabatları ilə artıq dünyaya səs sala bildi. Bütün dünya Azərbaycanda baş verənlərdən artıq məlumatlıdır. Bundan sonra gələn təbriklərin, dəstəklərin əhəmiyyəti yoxdur. Dünya birliyində Azərbaycanla bağlı ictimai fikir dəyişib və biz bunun təzahürünü görürük. Azərbaycan bütün dünyada seçki saxtakarlığına görə biabır olub.
– “Azadlıq” qəzetinə qarşı son zamanlar təzyiqlər artmaqdadır. Xalq Hərəkatının siması, müstəqil dövlətimizin yaşıdı olan bir qəzetin təzyiqlərə məruz qalmasını necə dəyərləndirirsiniz?
– “Azadlıq” qəzetinə qarşı təzyiqləri qətiyyətlə pisləyirəm. “Azadlıq” qəzeti Azərbaycanda yeganə müstəqil qəzetdir. “Azadlıq” qəzeti kənardan korrupsiyaya bulaşmamış bir qəzetdir. Hakimiyyət bu addımları ilə müstəqil mətbuatın sonuncu qəzetini də boğmağa çalışır.
– Müstəqil mətbuatla yanaşı seçkilərin monitorinqi ilə məşğul olan Anar Məmmədlinin rəhbərlik etdiyi təşkilata qarşı da ciddi təzyiqlər var. Bu təzyiqlərlə nəyəsə nail olmaq mümkündürmü?
– Bu olduqca gülünc ittihamdır. Mən bu təzyiqləri pisləyirəm. Bu dözülməz bir haldır. Görünür, Azərbaycan rəhbərliyi dünyada nəyin baş verdiyini görmür. Anar Məmmədlini hakimiyyət tutmaqla heç nəyə nail ola bilməz. Bütün bunlar Azərbaycanın nüfuzunu yerə vurur. Dünya reallıqlarını anlamaq və ona uyğun addım atmaq lazımdır. Bu təyziqlərin bir ciddi fəsadları olacaq.
Xəyal