Sifarişçinin Abdullah Uçmaq olduğu təsdiqləndi
İbrahim Tatlısəsə güllə atanlar ifadə verdi
Başından ağır yaralanan Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsi vurmaq üçün onun 13 illik düşməni Abdullah Uçmaqdan təlimat aldıqları önə sürülən şübhəlilər hücum anını danışıblar. Türkiyənin NTV telekanalının məlumatına görə, müğənniyə hücum zamanı avtomobili idarə edən Yunus A. Abdullah Uçmağın 500 min dollar təklif etdiyini söyləyib.
O bildirib ki, Abdullah Uçmaqla 15 gün əvvəl tanış olub: “Məni onunla həbsxanada olan dostum, Abdullah Uçmağın adamı Süleyman tanış etdi. 15 gün onun evində yatıb-qalxdım. Abdullah Uçmaq mənə və Ersin A.-ya İbrahim Tatlısəslə düşmənçiliyi olduğunu, intiqam almaq istədiyini söylədi. İbrahim Tatlısəsi bərabər güllələməyi təklif etdi. Hücumdan əvvəl ərazini gəzdik. Hadisə baş verən gün Abdullah Uçmaq avtomobildə idi, Maslakda avtomobildən düşdü və İbrahim Tatlısəsin binadan çıxışını xəbər verəcəyini bildirdi. İbrahim Tatlısəs televiziya proqramından sonra binadan çıxanda bizi aradı və hazır olmağımızı istədi. Ersin avtomobilin sağ arxa şüşəsini açaraq, atəş açdı. Sürətlə olay yerindən qaçaraq Ömerli Su Anbarının yanına getdik və silahı parçalayaraq, ora atdıq. Sonra avtobusa minərək mən Gebzeyə, Ersin də Balıkesirə getdi”.
Qeyd edək ki, müğənniyə atəş açan Ersin srağagün saxlanılıb. Bu arada müğənniyə hücumla əlaqəsi olduğu iddia edilən PKK terror təşkilatının 7 üzvü də saxlanılıb. PKK üzvlərinin hücumdan sonra sağ qalan İbrahim Tatlısəsi öldürmək üçün təlimat aldıqları iddia olunur. PKK müğənninin AKP-dən deputatlığa namizəd olmasını istədiyinə görə öldürməyə qərar verib.
Dünən Tatlısəsin müalicə olunduğu Maslak Acıbadem Xəstəxanasında bomba həyəcanı yaşanıb. Xəstəxanaya bomba qoyulması barədə məlumat daxil olub. “CNN Türk” xəbər verir ki, İstanbul polisinin rəisi Hüseyn Çapkın curnalistlərə açıqlamasında bildirib ki, Tatlısəsə qarşı xəstəxanada sui-qəsd planı hazırlanmasının qarşısının alınması barədə məlumat yanlışdır. O qeyd edib ki, silahlı hücumla bağlı saxlanılan 7 nəfər şübhəli şəxsin hadisəylə əlaqəli olub-olmaması araşdırılır: “Məsələ ilə bağlı hər cür detalı qiymətləndiriririk. Əsas şübhəli şəxslər saxlanılıb. Araşdırmalar davam edir. Tapılan 2 silahdan biri hadisədə isifadə edilən silahdır. Ancaq sənətçiyə qarşı xəstəxanada sui-qəsdə cəhd olunması yalandır. Müğənninin xəstəxanada yaxınları və xəstəxana heyəti var. Bundan əlavə biz müəyyən tədbirlər görmüşük. Belə bir şeyin olması mümkün deyil”.
Bu arada müğənninin xəstəxana xərcləri günbəgün artır. Türkiyənin “Bu gün” qəzeti xəbər verir ki, yaralanmasının 5-ci günündə Tatlısəsin borcu artıq 150 000 lirə olub. Müğənninin həyat sığortası olsa da, müqavilədə sui-qəsd nəzərdə tutulmadığı üçün sığorta şirkətinin pul ödəməsi mümkün deyil. Buna baxmayaraq şirkət VİP müştərisi olan Tatlısəsə pul ödəmək üçün üsul axtarır.
Hadisənin baş verdiyi gündən bəri Tatlısəsin keçmiş həyat yoldaşları Ədalət Tatlı, Dərya Tuna və Ayşəgül Yıldız xəstəxanada ayrı-ayrı lüks otaqlarda qalırlar. Xəstəxananın daha 6 otağı da müğənninin Urfadan gələn qohumlarına ayrılıb. Bütün xərclər isə İbrahim Tatlısəsə yazılır.
Xatırladaq ki, müğənni və köməkçisi Türkiyənin Şişli rayonundakı “Nurol Plaza”da həyata keçirilən “Beyaz” TV-dəki “İbo Şov” proqramının çəkilişindən çıxarkən silahlı hücuma məruz qalıblar. Nəticədə İbrahim Tatlısəs başından, köməkçisi isə boğazından güllə yarası alıb.
Sənətçi dərhal özəl xəstəxanalardan birinə aparılıb. Orada ilkin yardımdan sonra Maslak Acıbadem Xəstəxanasına çatdırılıb. Müğənni 5 saat ərzində əməliyyat olunub. Güllə onun başına arxadan girərək öndən çıxıb və sağ beyin sümüyündə sınıq əmələ gəlib. İbrahim Tatlısəsin beynində qanaxma və burun nahiyəsində güllə izi olub. Bu səbəbdən müğənni həmçinin plastik əməliyyat olunub. Həkimlər hazırda İbrahim Tatlısəsin vəziyyətinin normal olduğunu və ölüm təhlükəsinin 10 faizə endiyini bildiriblər.