Paytaxtda və əksər bölgələrdə həyat öz məcrasına qayıdır
8 gün dağıntılar altında qaldı, sağ çıxdı
Yaponiyada martın 11-də baş verən zəlzələ və sunamidən sonra ölən və itkin düşənlərin sayı 18 min nəfəri keçib.
Bu vaxta qədər 7200 nəfərin öldüyü, 10900 nəfərin itkin düşdüyü bildirilir. Yaralıların sayı isə 2600-dür. İtkin düşənlərin sağ qalması ehtimalı demək olar ki yoxdur.
Həlak olanların sayı durmadan artır. Hökumət ölənlərin yaxınlarına meyitləri kremasiya – yaponlar üçün vacib adəti olmadan dəfn etməyə icazə verib. Miyaqinin qubernatoru Ksixiro Muray sakinləri ölkənin başqa rayonlarına köçməyə çağırıb. Çünki hazırda hökumət sakinlər üçün normal yaşayış şəraiti yarada bilmir. Mütəxəssislərin hesablamalarına görə, yalnız yaşayış evlərinin bərpasına yarım ildən bir ilədək vaxt lazımdır.
Radiasiyanın səviyyəsi azalır
Bu arada xilasedicilər Yaponiyanın Miyaqi əyalətinin Kesennum şəhərində dağıntılar altında sağ qalan bir nəfəri xilas ediblər. Bu şəxs zəlzələdən 8 gün sonra xilas olunub.
Bu arada ölkədəki vəziyyətlə bağlı sevindirici xəbərlər də var. Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) beşinci blokun su soyutma sistemi işləməyə başlayıb. Bu barədə Yaponiyanın Atom Obyektlərinin Təhlükəsizliyi üzrə Agentliyi məlumat yayıb.
Radiasiya səviyyəsinin yüksək olmasına baxmayaraq enerci kabeli AES-ə qoşulub. Bu, nüvə yanacağının soyudulmasını təmin etməli və radiasiyanın kütləvi yayılmasının qarşısını almalıdır. Dünən 5-ci blokla yanaşı, 1, 2, və 6-cı blokların, bu gün isə 3 və 4-cü blokların enerci ilə təmin edilməsi planlaşdırılır.
Paytaxt Tokioda, eləcə də əksər bölgələrdə həyat öz məcrasına qayıdıb. Radiasiya səviyyəsi norma daxilindədir. Metro xətlərinin və şəhər elektrik qatarlarının bir hissəsi elektrik enercisinə qənaət məqsədilə dayandırılıb. Ticarət şəbəkəsi tam həcmdə fəaliyyətini davam etdirir. Ərzaq qıtlığı hiss olunmur. Yalnız düyü və çörək olduqca tez satılır.
Yaponiyanın baş naziri Naoto Kan xalqa müraciətində vətəndaşları ölkənin yaşadığı ən pis böhrana qarşı mübarizədə həmrəy olmağa çağırıb. Kan bildirib ki, qəzanın baş verdiyi atom-elektrik stansiyasındakı vəziyyət nikbin olmağa imkan verməsə də, bu böhranın onlara üstün gəlməsinə yol vermək olmaz. O, Yaponiya hökumətinin xalqı və beynəlxalq ictimaiyyəti “Fukusima 1” AES-dəki problemlərlə bağlı şəffaf məlumatlarla təmin etdiyini də deyib.
Xarici vətəndaşlar ölkəni tərk etməkdə davam edir. Fransa, Böyük Britaniya, ABŞ, Çin və Çex respublikası xüsusi reyslərlə vətəndaşlarını Yaponiyadan çıxarır. Birləşmiş Ştatlar vətəndaşlarına Yaponiyanın istənilən hissəsinə vacib olmayan səfərləri təxirə salmaq xəbərdarlığı edib.
Azərbaycandan 1 milyon dollarlıq dəstək
Yaponiyada təhsil alan azərbaycanlı tələbələr isə artıq vətənə qayıdırlar. Bu ölkədə 17 azərbaycanlı tələbə təhsil alır. Azərbaycanın Tokiodakı səfirliyi tərəfindən tələbələrə bilet verilib və onların göndərilməsinə başlanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib ki, səfirlik müraciət edənləri biletlə təmin edir və Bakıya göndərir: “Bu proses daima davam edir. Əgər tələbələr vətənə qayıtmaq istəyirlərsə, onların maddi və digər baxımdan çətinlikləri nəzərə alınaraq, ilk növbədə biletlə təmin edilərək Bakıya göndərilirlər”.
E.Poluxov səfirlik əməkdaşlarının evakuasiyasının nəzərdə tutulmadığını bildirib: “Sadəcə olaraq səfirlik tərəfindən reaktorlardan təxminən 120 km məsafədə olan bütün vətandaşlarımız oradan çıxarılıb. Baxmayaraq ki, bu məsafə 80 km nəzərdə tutulub”. Yaponiyada baş vermiş hadisələr nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur.
Azərbaycan Yaponiyada baş vermiş dağıdıcı zəlzələ nəticəsində yaranmış vəziyyəti nəzərə alaraq bu ölkəyə yardım etmək barədə qərar qəbul edib. Fəlakətin nəticələrini aradan qaldırılması məqsədilə Yaponiyaya 1 milyon dollar həcmində maliyyə yardımı göstəriləcək.
Dünya yapon malları və məhsullarından imtina edir
Dünyanın bütün suşi barları radiasiyadan ehtiyatlanaraq Yaponiyadan gətirilmiş məhsullardan istifadə etməkdən imtina edirlər. Yapon mətbəxinin dünyaca məşhur müəssisələri, atom böhranı yaşayan ölkədən gətirilmiş balıqların tərkibində radioaktiv maddələrin olacağından qorxurlar.
“Qonaqlarımızın təhlükəsizliyi – bu bizim prioretitemizdir. Biz ehtiyat tədbiri olaraq Yaponiyadan təzə məhsul idxalını dayandırmışıq”, – çoxsaylı otellər və lüks restoranların daxil olduğu Asiyanın ən nəhəng “Shangri-La Asia” holdinginin mətbuat katibi Sari Yonq belə deyib.
ABŞ və Böyük Britaniya hökuməti vətəndaşlarına müraciət edərək yapon məhsullarını almamağı tövsiyə edib.
Mehmanxana və restoran tipli müəssisələrdən savayı “Nissan” korporasiyası radioaktiv yoluxma təhlükəsini bəyan edib, həmçinin aviadaşıyıcılara Tokiodan uçuşların olmamasını bəyan edib. “Nissan” şirkətinin vitse-prezidenti Saymon Sprul ictimaiyyəti sakitləşdirmək üçün, bu gün – 18 martda şirkətin Yaponiyadan gətirilmiş avtomobillərində radioaktiv maddələrin olub-olmamasının yoxlanıldığını bəyan edib.