Nemət Əliyev: «Hökumət növbəti dəfə parlamentin toplantısında öz məsuliyyətsizliyini nümayiş etdirdi»
Martın 15-də hökumət parlament qarşısında hesabatla çıxış edib. Baş nazir Artur Rəsizadənin bir saata yaxın çəkən çıxışında yalnız uğurlardan söz açılıb və heç bir problemə toxunulmayıb. Nazirlərdən bir qismi parlamentin iclasına qatılsa da, deputatların onlara sual verməsinə də imkan yaradılmayıb. Baxmayaraq ki, deputatların əksəriyyəti icazə, yaxud tapşırıq olmadan heç bir məmuru tənqid edə, onları pis duruma sala biləcək sual verə bilməz. Bəs hökumətin belə bir şəraitdə və bu vəziyyətdə təqdim etdiyi hesabat qənaətbəxş sayıla bilərmi?
İqtisadçı-ekspert Nemət Əliyevin fikrincə, bu dəfə də Azərbaycan hökuməti öz xislətinə, xarakterinə uyğun şəkildə davranışından əl çəkmədi. Hökumət növbəti dəfə parlamentin toplantısında öz məsuliyyətsizliyini nümayiş etdirdi.
Ekspert hesabatın normal necə ola biləcəyini də xatırlatdı: “Ilk növbədə Azərbaycan hökuməti gördüyü işlərin hesabatını verməlidir. Çünki hökumət ölkənin sosial-iqisadi həyatında, əhalinin dolanışığında baş verənlərlə bağlı məsuliyyət daşıyır. Ötən dövr ərzində ölkənin sosial-iqtisadi həyatında gördükləri işlərin hansı nəticələrə səbəb olduğu göstərilməlidir. Daha sonra perspektivdə görəcəyi işlərin siyahısını açıqlamalı idi. Ancaq təəssüf ki, son hesabatda bunları görə bilmədik. Hökumət nə səbəbdən ölkə iqtisadiyyatının neft sektorundan asılı vəziyyətə salındığına, məşğul əhalinin böyük bir hissəsinin çalışdığı aqrar sektorda nə səbəbdən tənəzzülün baş verdiyinə aydınlıq gətirməli idi. Necə ola bilir ki, ölkənin qeyri-neft sektorundan ixrac olunan malların ümumi ixracdakı xüsusi çəkisi çox kəskin şəkildə aşağı düşüb. Ölkədə əhalinin sosial vəziyyəti pisləşir, əmək haqlarının artım tempi qiymətlərin artım tempindən geri qalıb. Azərbaycan hökuməti ilk növbədə bütün bu soruların cavabını verməli, bundan sonra saxta parlamentə izahat verməli idi”.
Ekspert hökumətin Dövlət Statistika Komitəsinin saxta rəqəmlərinə istinad edərək yalançı ovqat yaratmağa çalışdığını vurğuladı: “Hökumət məsuliyyətsiz bir mövqe sərgiləmələklə işini bitmiş hesab etdi. Ona görə də onun parlament adına bir qurumda verdiyi açıqlama hesabat adlandırıla bilməz. Hesabat bütövlükdə sistem, kompleks halında bir sənəd olmalı və mövcud durumun təhlilinə həsr olunmalıdır”.
Azər Mehtiyev: «Yalnız özlərinin uğurlu hesab etdikləri işləri sadalamaqdan uzağa getmirlər»
İqtisadçı-ekspert Azər Mehtiyev Azərbaycanda hələ də hökumətin hesabat sisteminin qurulmadığını qeyd etdi: “Hökumət adətən hesabata il ərzində ayrı-ayrı nazirliklərin həyata keçirdiklərini toplayır. Eyni zamanda büdcə fəaliyyəti ilə bağlı baş verənlər hesabata salınır. Hökumət hesabat verməzdən əvvəl il ərzində qarşısında durduğu vəzifələri, məqsədləri dəqiqləşdirməlidir. Bu vəzifələrin hansına nail olub-olmadıqlarını müəyyən etməlidir. Ancaq nə baş nazirin çıxışında, nə də ayrı-ayrı qurumların təqdim etdiyi hesabatda qarşı qoyulan məqsədlər və ona nə dərəcədə nail olunması haqda heç bir söhbət yoxdur”.
Ekspert hesabatda yalnız statistik məlumatların əks olunduğunu və bunu hesabat kimi qəbul etmədiklərini vurğuladı: “Hökumət hesabat adı ilə təqdim etdiyi sənəddə fəaliyyəti haqqında parlamentə məlumat verməkdən uzağa gedə bilmir. Biz bunu hesabat kimi qəbul edə bilmərik”.
A.Mehtiyev ötən ilin bir sıra ciddi hadisələrlə yadda qaldığını, lakin hesabatda buna da toxunulmadığını bildirdi: “Hökumətin qarşısında inflyasiyanı 3 faizlik səviyyədə saxlamaq məqsədi qoyulmuşdu. Ancaq illik inflyasiya 5,7% oldu. Faktiki olaraq məqsədə nail olunmayıb. Ancaq hesabatda bu məsələyə toxunulmadı. Yaxud ölkədə kənd təsərrüfatının istehsalında ciddi geriləmə var. Ancaq bunun səbəbləri, hökumətin bu prosesin qarşısının alınması üçün hansı tədbirlər görməsi haqda heç bir məlumat verilmir. Hökumət kənd təsərrüfatından danışanda daha çox diqqəti taxılçılıq və heyvandarlığın üzərinə yönəldir. Yaxud çoxlu sayda tədbirlərin keçirilməsi haqqında məlumat verilir. Lakin bu tədbirlərin real olaraq həm kənd təsərrüfatında, həm də qeyri-neft sektorunda hansı nəticələr doğurduğu və ölkənin iqtisadi inkişafına, əhalinin yaşam səviyyəsinə hansı təsir göstərdiyi barədə heç bir məlumat yoxdur. Yalnız özlərinin uğurlu hesab etdikləri işləri sadalamaqdan uzağa getmirlər”.
Fizzə