«Azərbaycan şəffaf ölkələrin sırasına düşə bilmir»
Mart ayının əvvəllərində Fransanın paytaxtı Paris şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 5-ci beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanı həm hökumət, həm də vətəndaş cəmiyyəti üzvlərindən ibarət nümayəndə heyətləri təmsil edib.
Diqqət çəkən məqamlardan biri də konfransda bir neçə ölkənin prezidentlərinin, o cümlədən, Qırğızıstan prezidenti Roza Otunbayevanın iştirak etməsi olub.
Konfransla bağlı ətraflı məlumat almaq üçün MSŞT üzrə QHT Koalisiyasının Şura üzvü, iqtisadçı alim İlham Hüseynliyə müraciət edərək onun fikirlərini öyrəndik.
– İlham bəy, MHŞT-nin 5-ci Paris Qlobal konfransı ilə bağlı bir qədər ətraflı məlumat almaq istərdik…
– Öncədən bildirim ki, bu beynəlxalq konfrans son dərəcə mötəbər bir tədbir idi və bir çox parametrlərinə görə əvvəlkilərdən ciddi şəkildə fərqlənirdi. Bu konfransda bir neçə ölkənin prezidentləri (Qırğızıstan, Tanzaniya, Mozambik və s.), baş nazirləri, nazirləri, eyni zamanda fond rəhbərləri iştirak edirdi. Tədbirdə həmçinin Avropa Iqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Energetika Agentliyi və dünyanın digər aparıcı təşkilatları yüksək səviyyədə təmsil olunurdu. Konfransda 50-dən artıq ölkədən 1200-dən çox nümayəndənin təmsil olunması faktı iştirakçıların say tərkibi baxımdan da bu konfransa ciddi marq kəsb edirdi.
Qırğızıstanın hazırkı prezidenti Roza Otunbayeva və məşhur xeyriyyəçi Corc Sorosun bu tədbirdəki çıxışları mənim üçün, eləcə də, əksər konfrans iştirakçıları üçün cox yaddaqalan oldu və xüsusi məmnunluqla qarşılandı.
– Konfransın müzakirə mövzusu, yaxud digər keyfiyyət dəyişikliyi ilə bağlı nə deyə bilərsiniz?
– Paris konfransında aparılan müzakirələr Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqi ilə bağlı yeni dövrün başlanmasını ortaya qoymuş oldu. Əgər əvəllər üzv ölkələrin sayının və statusunun artması gündəmin əsas məsələsi idisə, indi təşəbbüsün keyfiyyət tərəfləri, əhatə dairəsinin genişləndirilməsi və bu təşəbbüsün təsir imkanlarının artırılması ciddi müzakirə mövzuları, prioritet istiqamətlər hesab edilir.
5-ci qlobal konfrans Təşəbbüsün rəhbərliyinin dəyişməsilə də yadda qaldı. Belə ki, bu konfransa qədər təşəbbüsə Piter Aygen rəhbərlik edirdisə, bundan sonra onu xanım Kleer Şort əvəzləmiş oldu. Xanım Şort uzun müddət Britaniyanın xarici siyasət idarəsinə rəhbərlik etmiş və dünyada çox hörmət edilən, olduqca prinsipial və nüfuzlu bir şəxsdir. Onu da qeyd edim ki, yeni formalaşmış Beynəlxalq MSŞT Idarə Heyətinə bizim Koalisiyanın Şura üzvü Sabit Bağırov seçildi.
– İlham bəy, sizin bu konfransdan gözləntiləriniz nə idi? Və hansı nəticələrlə geri döndünüz?
– Gözləntilərimiz şəffaflıq təşəbbüsünün beynəlxalq aləmdə daha da genişləndirilməsi və dərinləşməsi idi. Bu təşəbbüsün nəticəsi olaraq heç olmasa üzv hökumətlər, şirkətlər ümumi də olsa öz hesabatlarını açıqlayır. Nə əldə ediblər, qazancları, ödənişləri nə qədər olub. Ancaq artıq 10-a yaxın ölkədə fəaliyyət göstərən şirkətlər fərdi hesabatlar verirlər. Çox təəssüf ki, Azərbaycan hələ də bu ölkələr sırasında deyil. Düzdür, bəzi şirkətlər bəyan edirlər ki, biz bu prosesə qoşulmağa hazırıq. Amma bu, bir neçə şirkətə şamil oluna bilməz. Bütün şirkətlər fərdi hesabat verməlidir. Belə olan təqdirdə şəffaflıq daha çox təmin olunmuş olacaq. Biz hesab edir ki, bunda dövlət maraqlı olmalıdır. Hökumət istəməlidir ki, şirkətlər fərdi hesabat versinlər. Konfransda xüsusilə vurğulandı ki, hər bir ölkənin vətəndaşına əldə olunmuş gəlirlərin şəffaflığı ilə yanaşı onun necə xərclənməsi haqda da məlumatlar əldə etmək imkanı verilməlidir. Yəni bu kimi fikirlər səsləndirildi, çoxlu təşəbbüslər, təkliflər oldu. Bunları müzakirə etməkdə vətəndaş cəmiyyəti olaraq çox maraqlıyıq və MSŞT-nin təsir dairəsini genişləndirməyə çalışacağıq.
– İlham bəy, konfransda xüsusilə yadda qalan hansı məqamları qeyd etmək istərdiniz?
– Doğrusu belə məqamlar çox oldu. Lakin Qırğızıstan prezidenti Roza Otunbayevanın konfransdakı iştirakı və onun çıxışı, habelə, konfrans iştirakçılarının bu çıxışa verdiyi reaksiya, təşkilatçıların və yüksək ranqlı qonaqların Roza xanıma olan sayğılı münasibətləri yaddaqalan oldu. Gəldiyim qənaət bundan ibarət oldu ki, Roza xanıma olan bu hörmət, isti münasibət onun ölkəsində həyata keçirdiyi demokratik islahatlar və özünün təmiz, şəffaf, yüksək intellektli, olduqca sadə və səmimi bir şəxsiyyət, siyasətçi olması ilə bağlıdır.
Yeri gəlmişkən, konfransın gedişi zamanı mənim üçün xüsusi yaddaqalan məqam, məhz, Roza xanımla keçirdiyim görüş oldu. Bu görüş zamanı Roza xanım fürsətdən istifadə edib Azərbaycana və xalqımıza olan sevgilərini ifadə etdi.
Ramin DEKO