Aşağı Güzdək qəsəbəsinin sakinləri növbəti dəfə ölkə başçısı İlham Əliyevə müraciət edib. Sakinlərin şikayəti qəsəbənin yollarının bərbad olması, su, işıq verilməməsi ilə bağlıdır.
Sakinlər ölkə başçısının nəzərinə çatdırır ki, Aşağı Güzdək qəsəbəsində həyat bələdiyyə sədrinin evinə qədərdir: “Bələdiyyə sədrinin evinə qədər yol çəkilib. Su və kanalizasiya xətləri, işıq dirəkləri də onun evinə qədərdir. Bu nə qədər ədalətlidir? Qarşıdan qış gəlir, biz susuz, işıqsız nə edəcəyik? Bərbad yollar qış aylarında daha da acınacaqlı vəziyyətə düşür. Kəndin o maşına maşın getmir. Belə zülmü Allah da götürməz. Dəfələrlə bələdiyyə sədri Bəyağa Abbasova müraciət etmişik lakin heç bir nəticəsi olmayıb. Bələdiyyə sədri deyir ki, gedin kimə şikayət edirsinizsə edin. Cənab prezident, bu sizə üçüncü müraciətimizdir. Amma bizə bəlli deyil ki, nədən bələdiyyə sədri Bəyağa Abbasovun qanunsuz əməlləri ilə bağlı heç bir tədbir görülmür. Əksinə, bu şikayətdən sonra bələdiyyə sədri iclas keçirərək tabeliyində olan şəxslərə tapşırıb, şikayətçilərin yaşadığı əraziyə işıq, su verməyin. Belə çıxır ki, bu adam heç kimi saymır, heç nədən qorxmur. Yaxud da, bizim şikayətlərimiz sizə gəlib çatmır. Ona görə də qərara gəlmişik ki, növbəti sizə dəfə müraciət edək. Cənab prezident, biz də sizə şikayət edirik. Əgər bələdiyyə sədrindən çəkinmirsinizsə göstəriş verin burada yaşayış üçün şərait yaratsın. Dövlət büdcəsindən regionların sosial-iqtisadi inkişaf üçün milyonlarla vəsait ayrılır. Aşağı Güzdək qəsəbəsinin problemlərini həll etmək üçün o qədər də iri məbləğ lazım deyil. Sadəcə məmurlar həmin vəsaiti öz şəxsi işlərinə sərf etməsinlər. Cənab İlham Əliyev, sizdən xahiş edirik ki, bu məsələni diqqətdə saxlayasınız”.