Azərbaycan bu seçki ilə Əliyevlər sülaləsinə son qoymalıdır
Britaniyanın “Guardian” qəzetində Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin “Azərbaycan bu seçkidən Əliyev sülaləsinə son qoymaq üçün istifadə etməlidir” adlı məqaləsi dərc olunub. Məqaləni təqdim edirik:
Azərbaycan xalqı oktyabrın 9-da prezidentini müəyyənləşdirmək üçün seçkiyə gedəcək. Mənim bu seçkiyə getməkdə başlıca məqsədim Əliyevlər sülaləsinin 20 illik pis idarəçiliyinə son qoymaq, Azərbaycanda demokratiyanı bərqərar etməkdir.
Hazırkı prezident Ilham Əliyev hakimiyyəti 10 il əvvəl mərhum atasından miras alıb. Azərbaycan korrupsiya bataqlığına çevrilib, hakim rejim getdikcə daha çox avtoritarlaşıb, amansızlaşıb. Ən əsası, Ermənistanla münaqişə hələ də həllini tapmayıb, Azərbaycan əraziləri indiyədək işğal altındadır.
“Bəsdir” deməyin zamanıdır. Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir. Bizim demokratik qüvvələr birləşərək, indiyədək olmayan ittifaq yaradıblar. Demokratik Qüvvələrin Milli Şurası adlanan bu qurum məni prezidentliyə namizəd seçib. Milli Şurada müxalifət partiyaları, vətəndaş cəmiyyətinin fəalları, ziyalılar, gənc aktivistlər təmsil olunur. Biz siyasi, konstitusion və iqtisadi islahatları ehtiva edən effektiv və əhatəli proqram ortaya qoymuşuq.
Öhdəlik götürmüşəm ki, seçiləcəyim halda, qanunun aliliyi və demokratiyaya keçidi təmin etmək üçün yalnız iki il ərzində prezident ola bilərəm. Bizim təklif etdiyimiz proqrama həmçinin korrupsiyaya qarşı mübarizə, yerli iqtisadiyyatın oliqarxların nəzarətindən çıxarılması, siyasi məhbusların azad edilməsi, prezidentin səlahiyyətlərinin azaldılması, parlamentin gücləndirilməsi, demokratikləşmə, Ermənistanla sülh danışıqlarının ictimaiyyətə açıqlığı daxildir. Sosial ədalətin bərpası və hamı üçün bərabər imkanlar bizim əsas prioritetimizdir.
Əliyev heç vaxt azad və ədalətli seçkidə qalib gəlməyib. Bilir ki, bu seçkidə də qalib gələ bilməz. Azərbaycanda seçkilər və referendum iri miqyaslı saxtakarlıqlarla müşayiət olunub. Ölkədəki bütün seçki komissiyalarını nəzarətə götürən Əliyev rejimi hazırda müstəqil mətbuata, müxalifətə, vətəndaş cəmiyyətinə qarşı repressiyaları daha da gücləndirib. Bu da beynəlxalq hüquq-müdafiə təşkilatları və Avropa Ittifaqı tərəfindən narahatlıqla qarşılanıb, pislənilib. Bir müddət əvvəl Azərbaycanın kasıb regionlarında əhalinin etirazları zorakılıqla qarşılandı.
Son bir neçə ildə Azərbaycandakı neft bumu Əliyevlər ailəsini və onların dostlarını son dərəcə zənginləşdirib. Onlar hakimiyyətdə qalmaq üçün hər şeyə gedirlər.
2009-cu ildə şübhəli referendum vasitəsilə Konstitusiyada bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə olan qadağa aradan qaldırıldı və Əliyev üçüncü müddətə prezident olmaq üçün seçkiyə gedir. Hesab edirəm ki, bu, Azərbaycan Konstitusiyasına və Avropa insan hüquqları Konvensiyasına ziddir. Mən bu məsələni hüquqi müstəvidə mübahisələndirmişəm və məsələyə məhkəmədə baxılmasını tələb etmişəm. Bu məqamla bağlı Konstitusiya Məhkəməsinin dəqiq, obyektiv və birmənalı qərarı olmadan, Əliyevin üçüncü müddətə prezidentliyi qanunsuzdur.
Etiraf edirəm ki, Azərbaycan demokratları bu seçkidə böyük çətinliklə üz-üzədir. Amma biz bununla qarşılaşmalıyıq. Çünki elita çiçəkləndiyi halda, insanların əksəriyyəti neft bumundan çox cüzi yararlandılar. Dağlıq Qarabağ problemi bu günə qədər həllini tapmayıb, yüz minlərlə azərbaycanlı evlərinə qayıda bilmir. Səhiyyə və təhvilin səviyyəsi son dərəcə aşağıdır. Korrupsiya çox geniş yayılıb, ailə-klan hakimiyyəti iqtisadiyyatı boğur. Azərbaycan iqtisadiyyatı yalnız neft-qaz ixracından asılı vəziyyətə düşüb.
Azərbaycan cəmiyyəti və dövlət tədricən eroziyaya uğrayır, halbuki, neft gəlirlərindən əldə olunan milyardlarla dollar havaya sovrulur, nəzarətin yaxşı təşkil olunmamasına görə itirilir. Amma bu vəsaitlərin böyük bir hissəsi Əliyevlər klanı tərəfindən oğurlanır.
Azərbaycanın Seçki Məcəlləsi prezidentliyə namizədlərin özləri və ailə üzvlərinin gəlirləri barədə bəyannamə təqdim etməlidir. Dəfələrlə rəsmi şəkildə etirazlarıma baxmayaraq, Ilham Əliyev indiyədək ailəsinin maliyyə hesabatlarını təqdim etməyib.
Əliyev rejimi beynəlxalq aləmdə imicini yaxşılaşdırmaq üçün son illərdə çox şeyə gedib. Amma reallıq, yuxarıda da təsvir etdiyim reallıq Əliyevin PR məsləhətçilərinin təbliğ etdiyi ütülü mənzərədən çox fərqlidir.
Rejimə öhdəliklərini xatırlatmaq beynəlxalq ictimaiyyətin mənəvi borcudur. Eyni zamanda, ölkənin sabit, demokratik, mütərəqqi istiqamətdə inkişafı Azərbaycanın tərəfdaşlarının da marağında olmalıdır. Bu seçki beynəlxalq aləmə Azərbaycanda yeni iştirak və seçki prosesini etibarlı müşahidə imkanı yaradır.
Seçki kampaniyası boyunca Azərbaycanda dəyişiklik “aclığının” artdığının şahidi oldum. Bütün ölkə boyunca seçicilər, o cümlədən gənclər və yaşlılar daha yaxşı, azad gələcəyə ümid edirlər. Inanıram ki, birləşmiş demokratik qüvvələrin məni vahid namizəd seçməsi diktaturadan demokratiyaya dinc keçidi təmin etmək üçün ən yaxşı şansdır.
P.S. Bu məqalə “The Guardian”da dünən dərc olunub.