Mirvari Qəhrəmanlı: «Həmin kitabın təqdimatı keçirilməlidir, cəmiyyət onu görməlidir»
Ədliyyə Nazirliyi bu ilin 6 ayında ayrılan qrantların statistikasını açıqlayıb. Statistik məlumatlardan belə aydın olur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin 6 ayında “Partnyor” elmin inkişafına dəstək ictimai birliyinə 4107 858 (dörd milyon yüz yeddi min səkkiz yüz əlli səkkiz) manat qrant ayırıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Partnyor” elmin inkişafına dəstək ictimai birliyi arasında 04 fevral 2013-cü il tarixldə qeydə alınan müqavilə ilə “Azərbaycan nefti” monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşrinə 3 milyon manat vəsait ayrılıb.
Bir kitabın nəşrinə 3 milyon manat ayrılması hakimiyyətin neft pullarını necə talan etməsinin bariz nümunəsi sayıla bilər.
Məsələyə münasibət bildirən ARDNŞ mətbuat xidmətinin rəhbəri Nizamədin Quliyev Ədliyyə Nazirliyinin açıqladığı məlumatlarda texniki səhvə yol verildiyini deyir. N.Quliyev artıq bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edildiyini bildirdi: “Məsələni araşdırmışam. Ədliyyə Nazirliyin saytında ARDNŞ-nin bir müqaviləsi ilə bağlı iki yerdə məlumat gedib. Biri 2013-cü ilin 4 fevral tarixinə, biri isə 2013-cü il 27 fevral tarixinə aiddir. Birində ”Azərbaycan nefti” monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşrinə 3 milyon manat vəsait ayrıldığı, ikincidə isə 21ÿmin 825 manat ayrıldığı göstərilir. Bir müqavilə ik dəfə imzalana bilməz. Bu texniki səhvdir və bununla bağlı Ədliyyə Nazirliyinə müraciət olunub”.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə ARDNŞ-nin kifayət qədər böyük məbləğin xərclənməsi və həmin kitabla bağlı hesabat verməli olduğunu deyir: “3 milyon manat kifayət qədər böyük məbləğdir. Bu pulun necə xərclənməsi ilə bağlı ARDNŞ hesabat verməlidir. Çünki xərclənən xalqa məxsus olan neft pullarıdır. Həmin kitabın təqdimatı keçirilməlidir, cəmiyyət onu görməlidir. Niyə bu kitabın tərcüməsi və nəşrinin qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirildiyinə aydınlıq gətirilməlidir”.
Fizzə