Bu gün prezidentliyə namizədlərin təşviqat kampaniyası rəsmən start götürür. Digər namizədlərin təşviqat kampaniyasının nədən ibarət olacağı haqda məlumat yoxdur və bu istiqmətdə hansısa addımlar hiss olunmur.
Milli Şuranın namizədi Cəmil Həsənlinin seçki qərargahı isə artıq növbəti mərhələdəki fəaliyyət planını hazırlayıb. Mərkəzi Seçki Komissiyasına, Dairə Seçki Komissiyasına müşahidəçilərin təyin olunması, Məntəqə Seçki Komissiyalarına məşvərətçi səs hüquqlu komissiya üzvlərinin təyin olunması ilə bağlı siyahı hazırlanıb. Eyni zamanda seçki qərargahı platformanın hazırlanması prosesini sona çatdırıb. Yaxın günlərdə müvafiq nəşriyyatlarla müqavilə bağlanıb, bukletlərin, plakatların və digər təbliğat vasitələrinin çapına başlanılacaq. Bundan əlavə, Cəmil Həsənlinin seçicilərlə açıq və qapalı ərazilərdə görüşləri nəzərdə tutulur. Sentyabrın 22-də Milli Şuranın növbəti kütləvi mitinqi keçiriləcək. Bu gün seçki qərargahının və Seçki Strateji Mərkəzinin növbəti iclası keçiriləcək.