Tanınmış vəkil Elmira Süleymanova ilə təcili görüşmək istəyir
Saxta ittihamlarla həbs edilən və hazırda Bakı Istintaq Təcridxanasında saxlanılan vəkil Qurban Məmmədov Insan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovaya müraciət edib. Müraciətin bir surəti də “Azadlıq”ın redaksiyasına göndərilib. Qurban Məmmədovun müraciətini olduğu kimi təqdim edirik: “Hörmətli Elmira Süleymanova!
Mən, Nəsimi rayon məhkəməsinin 04 iyun 2013-cü il tarixli qərarı ilə (hakim Xumar Mərdanova) haqqımda 2 aylıq həbs qətimkan tədbiri seçilməklə, Bakı Istintaq Təcridxanasına yerləşdirilmişəm. Nəsimi rayon məhkəməsinin 01 avqust 2013-cü il tarixli qərarı ilə (hakim Etibar Hümmətov) həbsimin müddəti 02 sentyabr 2013-cü ilədək uzadılıb
02 sentyabrda haqqımdakı qətimkan tədbiri həbsin müddəti bitsə də, mən heç bir qanuni əsas olmadan, faktiki girov kimi Bakı Istintaq Təcridxanasında, 1-ci korpusun 67-ci kamerasında saxlanılıram.
Bununla da mənim AR Konstitusiyasının 28-ci maddəsinin II hissəsində nəzərdə tutulan: “Azadlıq hüququ yalnız qanunda nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər” hüququm pozulur.
Azərbaycan Respublikasının qanunlarında “Cinayət işi məhkəməyə göndərildikdə ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri otomatik olaraq qüvvədə qalır və ya uzadılır” kimi qayda nəzərdə tutulmayıb. Əksinə, AR CPM-nin 156.2-ci maddəsinə əsasən, “həbs … yalnız məhkəmənin qərarına əsasən seçilə bilər”. 02 sentyabrdan sonra isə mənim azadlığımın məhdudlaşdırılması barədə heç bir məhkəmə qərarı yoxdur.
Mən faktiki olaraq, mənim həbsimdə maraqlı olan və məni siyasi mövqeyimə, müxalifətçilik fəaliyyətimə görə təqib edən siyasi dairələrin qanunsuz tapşırığı ilə girov kimi saxlanılıram.
Həyatım hər an təhlükə altındadır. Çünki mədəni dünyanın gözü qabağında, Avropa Şurasına daxil olan, Avropa Insan Haqları Konvensiyasını qəbul etmiş bir dövləti yönəldən rejim açıq şəkildə – məhkəmə qərarı olmadan insanı həbsdə saxlayırsa, ondan hər cür təhlükə gələ bilər.
Yuxarıdakılara əsasən xahiş edirəm:
1. Təcili surətdə mənimlə Bakı Istintaq Təcridxanasında görüşəsiniz, məni dinləyəsiniz.
2. Mənim qanunsuz həbsdən-girovluqdan xilas edilməyim üçün vəzifələrinizi yerinə yetirəsiniz.
Öncədən təşəkkür edirəm. Sizinlə görüşənədək sağ qalmaq ümidi ilə.
12 sentyabr 2013-cü il.
Girov: Q.C.Məmmədov”.