İranlı general həyacanlı bəyanat verdi; Britaniya xüsusi təyinatlıları əməliyyata başladı
ABŞ prezidenti Barak Obama Senat və Konqresin Nümayəndələr Palatasının rəhbərliyinə Suriyaya qarşı hərbi əməliyyat keçirmək niyyətində olduğu barədə məktub göndərib.
Məktuba ABŞ Silahlı Qüvvələrinin bu məqsədlər üçün cəlb olunmasını sanksiyalaşdıran qətnamənin layihəsi əlavə olunub. Bir səhifəlik sənəddə 1973-cü ildə qəbul olunmuş hərbi səlahiyyətlər barədə qanuna istinad yer alıb. Bu qanuna əsasən, ABŞ prezidenti ölkənin Silahlı Qüvvələrini 60 gün ərzində ölkə hüdudlarından kənarda istifadə etmək hüququna malikdir. “Suriyada kimyəvi və ya digər kütləvi qırğın silahının istifadəsi ilə bağlı prezidentə Silahlı Qüvvələrdən lazım və mümkün bildiyi kimi istifadə etmək hüququ verilir”, deyə sənəddə bildirilir. Sənəddə belə bir addımın atılması kimyəvi və bioloji silah daxil olmaqla istənilən kütləvi qırğın silahının istifadəsinin və yayılmasının (o cümlədən, terrorçu qruplaşmalara və ya digər dövlət və qeyri-dövlət birləşmələrinə ötürmə) qarşısının alınması ilə izah olunur. Ikincisi, belə bir addımın atılması ABŞ-ı, həmçinin onun müttəfiq və tərəfdaşlarını bu tip silahların təhlükəsindən qorumağa imkan verəcək. Obama administrasiyasının planına görə, sənəd Konqresin hər iki palatasının birgə qətnaməsi formasında olmalıdır. Sənədin müzakirəsinə sentyabrın 9-dan sonra başlanacağı gözlənilir.
Konqres üzvləri Obamanın qərarını alqışlayıb
ABŞ Konqresinin üzvləri prezident Barak Obamanın Suriyaya qarşı hərbi əməliyyatların keçirilməsi ilə bağlı məsələnin gündəliyə çıxarılmasını bəyəniblər. “BBC”-nin məlumatına görə, Respublikaçılar Partiyasının Konqresdəki lideri Mitç Makkonell bildirib ki, prezident ölkənin ali baş komandanı kimi bu addımı ilə öz mövqeyini daha möhkəmləndirib. Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsinin təmsilçisi, Demokratlar Partiyasının nümayəndəsi Eliot Engel isə müzakirələrin qızğın keçəcəyini söyləyib.
Suriya müxalifəti isə bəyan edir ki, Barak Obamanın Dəməşqə qarşı təcili addımların qarşısını alan qərarı onları məyus edib. Müxalifət rəsmilərinin sözlərinə görə, hücumun ləngidilməsi Suriya prezidenti Bəşar Əsədə daha çox mülki vətəndaşa ziyan vurmaq imkanı yaradır. Xatırladaq ki, Obama Suriyaya hərbi müdaxiləni təxirə salaraq Konqresin bu barədə qərarını gözləyəcəyini deyib. Konqres kimyəvi silahlardan istifadəyə görə Suriya hökumətinin cəzalandırılmasını təsdiqləməlidir. Obama bildirib ki, Birləşmiş Ştatlar Suriya hökumətinin hədəflərinə qarşı hərbi addım atmalıdır: “Inanıram ki, mənim hücuma dair qərar vermək səlahiyyətim var, ancaq həmçinin düşünürəm ki, ölkənin bu barədə debat keçirməsi də çox mühümdür”. Çıxışdan sonra Obama rəsmi şəkildə Konqresdən xahiş edib ki, potensial kimyəvi hücumları “müəyyən etmək, qarşısını almaq və məhv etmək” üçün ona Suriya hərbi müdaxilə etməyə icazə versin. Prezident Suriyaya Amerika Quru Qoşunlarının yeridilməsini qəti şəkildə istisna edib.
BMT nəticələri 3 həftəyə açıqlayacaq
BMT-nin Suriyaya ezam olunmuş müfəttişlərinin əldə etdikləri materialların tam təhlili 3 həftədən sonra hazır olacaq.
Bu haqda Kimyəvi Silahların qadağan edilməsi üzrə təşkilat bəyanat verib. Bəyanat müəllifi bildirir ki, müfəttişlər tərəfindən toplanan məlumatlar texniki dəyərləndirmə üçün laboratoriyaya göndəriləcək. Müəyyən edilmiş qaydalara uyğun olaraq, bu üç həftə sürəcək. Maraqlıdır ki, BMT-nin baş katibi Pan Ge Mun materialların analizinin iki həftə çəkəcəyini söyləmişdi. Pan Ge Mun Təhlükəsizlik Şurasının daimi üzvlərinə bildirmişdi ki, ekspertlər gördükləri işlə bağlı ona hesabat verəcəklər. O da öz növbəsində hesabatı Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edəcək.
Fransa Suriya məsələsində qərarlıdır
Fransanın prezidenti Fransua Olland ABŞ prezidenti Barak Obama ilə telefon danışığı zamanı Suriyaya münasibətdə qərarlı olduğunu bir daha təsdiqləyib. Barak Obamanın Ağ Evdəki çıxışından öncə Olland onunla telefonla danışaraq Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Söhbət zamanı Obama Fransua Ollanda Konqresin sessiyasını çağırmaq niyyətində olduğunu bildirib. Sentyabrın 4-də isə Fransa parlamentinin fövqəladə toplantısının keçiriləcəyi gözlənilir. Yığıncağın gündəliyində əsas məsələ Suriyadakı vəziyyətdir
Iranlı deputatlar Əsədlə görüşüb
Iran parlamenti milli təhlükəsizlik məsələləri üzrə komitəsinin başçısı Əlaəddin Brucerdinin başçılığı ilə deputatlardan ibarət nümayəndə heyəti Suriyada səfərdə olub. Nümayəndə heyəti Suriyadakı rejimin başçısı Bəşar Əsədlə görüşüb. Görüş zamanı Brucerdi ABŞ-ın Suriyaya ehtimal olunan hücumunu mühakimə edib. Iranlı nümayəndə heyətinin başçısı müxalifətə qarşı fikrilər söyləyib və onların əlində zəhərli qaz olduğu barədə Iranın ABŞ-ı xəbərdar etdiyini söyləyib. Deputatlar Suriya vətəndaşlarına qarşı kimyəvi silah tətbiqini də pislədiklərini vurğulayıblar(“Lent.az”).
Britaniya parlamentində təkrar səsvermə ola bilərmi?
Britaniyanın xüsusi təyinatlı dəstələri kimyəvi silahdan istifadə olunub-olunmadığını araşdırmaq üçün Suriyada əməliyyata başlayıb. Bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb. Əməliyyata Britaniya parlamentinin məlum qərarından sonra start verilib. “The Telegraph” isə məlumat verir ki, Britaniya əldə edəcəyi və Suriyaya zərbə endirmək üçün əsas yaradacaq sübutları ABŞ-a ötürəcək. Bu sübutların tapılıb-tapılmayacağı ilə bağlı heç bir ehtimal irəli sürülməyib. Lakin Britaniya öz mövqeyi ilə göstərir ki, parlamentin məlum “veto”su ABŞ-la kəşfiyyat əməliyyatlarında əməkdaşlığı istisna etmir. Tərəflər arasında əməkdaşlığın başqa bir forması da vacib informasiyaların ötürülməsidir.
Britaniyanın maliyyə naziri Corc Osborn isə bildirib ki, kimyəvi silahdan istifadə olunduğu sübut olunsa belə, D.Kemeron deputatları Suriyaya hərbi müdaxiləni dəstəkləməyə təhrik etməyəcək. Indi sual yaradan məqam Obamanın Suriya məsələsində Konqres üzvlərinə məlum müraciətindən sonra Britaniya parlamentində yeni səsvermənin olub-olmayacağıdır. Nazir bildirib ki, faktlarla bağlı mənzərə dəyişsə belə, rəsmi London Suriyaya güc tətbiq etməyəcək.
Öz növbəsində Britaniyanın Xarici işlər naziri Ulyam Heyq bildirib ki, Suriya məsələsi onların gündəmindən çıxmayıb. Söhbət sadəcə, ölkəsinin Suriyaya qarşı hərbi əməliyyatlarda iştirakdan imtinasından gedir. Digər məqamlarla bağlı tərəfdaşları ilə müzakirləri davam etdirirlər: “Biz Rusiya ilə də təmasları davam etdirir, mümkün diplomatik həllin üzərində düşünürük”. Nazir onu da bildirib ki, hökumət parlamentdə təkrar səsvermənin keçirilməsini mümkün saymır.
Israil Suriyanı hədələdi
“Israil ABŞ-la mütəmadi təmas yaradır və amerikalılar bizə Suriyaya müdaxilədən bir neçə saat əvvəl hücum planının detalları barədə məlumat verəcəklər”. Bu barədə Israilin yerli qəzetlərindən biri Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Israil həmçinin ona məxsus hədəflərə hücum ediləcəyi təqdirdə Suriyanı ağır nəticələrin gözləyəcəyini bildirib. Və bu xəbərdarlığını rusiyalı vasitəçilər vasitəsilə qarşı tərəfə çatdırıb.
Israil bəyan edir ki, Suriya onları müharibəyə cəlb etməyə cəhd göstərsə, bu, Əsəd rejimin məhvi ilə nəticələnəcək.
“ABŞ Suriyaya hücum etsə, Israilə cavab zərbələri endiriləcək”
Iran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadi isə bəyan edib ki, Suriyaya istənilən hərbi müdaxilənin acı nəticələrini bütünlükdə region çəkməli olacaq. Və bölgədə xaos, qeyri-stabil vəziyyət uzun illər davam edəcək. General bildirib ki, ABŞ-ın Suriyaya hərbi müdaxiləsi Rusiyaya Qafqazı itirmək bahasına başa gələcək: “Regionun bu qəddar savaşı dəstəkləyən ölkələri də ağır itkilər verəcəklər”. Firuzabadi onu da bildirib ki, ABŞ Suriyaya hücum etsə, Israilə cavab zərbələri endiriləcək.
Əsəd tərəfdarları ABŞ-ın zərbələrinə hazırlaşır
Öz növbəsində Bəşər Əsəd tərəfdarları ABŞ-ın mümkün hücumlarına qarşı ciddi şəkildə hazırlıq görürlər. Onlar bəyan ediblər ki, Suriya hökuməti ABŞ-dan gələcək istənilən zərbələrə qarşı duruş gətirmək gücündədir. Əsəd tərəfdarları həmçinin kimyəvi silahdan istifadə ilə bağlı iddiaları da rədd ediblər. Dəməşq sakinləri ABŞ-ın hər an raket zərbələri endirəcəyini gözləyirlər.
Dünən ABŞ dövlət katibi Con Kerri NBC telekanalına müsahibə verərək Birləşmiş Ştatların Əsəd rejiminin kimyəvi silahdan istifadəsi ilə bağlı hansı sübutlara malik olmasından danışıb. Onun sözlərinə görə, amerikalı ekspertlər Suriyadan kimyəvi silahdan istifadəni sübut edən saç və qan nümunələri götürüblər. Dövlət katibi araşdırmaların sona qədər davam etdiriləcəyini bildirib.
“Dünya banditi və qatili cəzalandırmalıdır”
Avstraliyanın Xarici işlər naziri Bob Karr isə Əsəd rejiminin ünvanına sərt bəyanat səsləndirib. O, Əsədə işarə edərək bildirib ki, dünya dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edən banditi və qatili cəzalandırmalıdır: “Beynəlxalq aləm kimyəvi silahdan istifadə etdiyinə görə Suriyaya cavab verməlidir. Avstraliya hökuməti ABŞ-ın addımlarını dəstəkləyəcək. Lakin ordumuz hərbi müdaxilədə iştirak etməyəcək”.
Gültəkin