«Vətəndaşlar böyük məmnuniyyətlə Cəmil Həsənliyə imza verirlər»
«Hakimiyyət cəmiyyətdəki siyasi fəallıqdan qorxur və çevriliş şousu ilə toplumda xof yaratmağa çalışır»
Gözəl Bayramlı: «Cəmiyyətin böyük hissəsi Cəmil Həsənlini xalqın namizədi adlandırır»
Milli Şuranın namizədi Cəmil Həsənlinin artıq imzatoplama kampaniyası başlayıb. Artıq imza toplayacaq şəxslər müəyyənləşdirilərək, xüsusi təlmatlandırılıblar. Imzatoplama kampaniyasının gedişiylə bağlı ətraflı məlumat almaq və gündəmin başqa mövzularına münasibətini öyrənmək üçün suallarımızı AXCP sədrinin müavini Gözəl Bayramlıya ünvanladıq.
– İmzatoplama kampaniyası başlanğıcdan çox uğurlu oldu. Əslində imza kampaniyası üçün işlər əvvəlcədən təşkil olunmuş, imza qrupları yaradılmış, regionlara ezam olunacaq şəxslər müəyyənləşdirilmişdi. MSK-dan imza vərəqələrini aldıqdan dərhal sonra əvvəlcədən verdiyimiz tapşırıqlar əsasında partiyamızın Bakı üzrə rayon şöbə sədrlərinin və imza qruplarının iştirakı ilə Seçki Qərargahı toplandı və əvvəlcədən hazır olan imza qrupları imza kampaniyasına başladı. Regionlar üzrə nümayəndə heyətləri dərhal rayonlara səfər etdilər. Imza vərəqələri paylandıqdan bir müddət sonra biz artıq ilkin imzaların toplanması haqqında məlumat almağa başladıq. Partiyamızın rəhbərliyinə daxil olan bir çox şəxslərlə birlikdə mən də Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi bir çox kənd rayonlarında bu prosesdə iştirak edərək, imza vərəqələrinin paylanması və müvafiq təlimatların verilməsini həyata keçirdim. Bir rayonda imza vərəqələrini paylayıb o biri rayona çatana kimi informasiya alırdıq ki, imzaların bir hissəsi artıq toplanıb. Bu onu göstərir ki, AXCP olaraq seçki kampaniyasına hazırlığın təşkilini yüksək səviyyədə həyata keçirə bilmişik, eyni zamanda Milli Şuranın namizədinə xalqın böyük rəğbəti var və seçicilər böyük məmnuniyyətlə Cəmil Həsənliyə imza verirlər. AXCP olaraq hazırda əsas prioritetimiz uğurla başladığımız imza kampaniyasını uğurla da başa çatdırıb, imza vərəqələrini qısa müddət ərzində təqdim etməkdən ibarətdir.
“Hakimiyyət imzaları təhsil şöbələri vasitəsilə yığır”
– MSK-da qeydiyyatdan keçmiş namizədlərin sayı 21-ə çatıb. Maraqlı bir məqam üzə çıxır. Bu namizədlərin qanunvericiliyə uyğun olaraq namizədliklərinin qeydiyyatı üçün MSK-ya təqdim etməli olduğu imzaların sayının 40 min olduğu nəzərə alınarsa, namizədlər üst-üstə bir milyon imza təqdim etməlidir. Bu isə o deməkdir ki, ölkə üzrə hər iki qapıdan biri döyülməli idi. Amma Milli Şuranın namizədi Cəmil Həsənli istisna olmaqla digər namizədlərlə bağlı biz bu tendensiyanı müşahidə etmirik.
– Tamamilə doğru qeyddir. Biz rayonlara imza vərəqələrini çatdırarkən bir qədər geniş heyətlə görüşməyə çalışdıq. Rayon şöbələrinin rəhbərləri, fəalları ilə görüşlərdə bizə verilən məlumatlardan aydın oldu ki, rayonlarda icra hakimiyyəti strukturları, təhsil şöbələri vasitəsilə büdcədən maliyyələşən təşkilatlarda çalışanların, təhsil şöbələri işçilərinin şəxsiyyət vəsiqələri toplanılır, hətta vətəndaşların əksəriyyəti şəxsiyyət vəsiqələrinin nəyə görə toplandığını belə bilmirlər. Onların əksəriyyətinə hətta bildirilir ki, seçki günü səsverməyə belə gəlməsinlər. Bütün bunlar onu deməyə əsas verir ki, hakimiyyət növbəti dəfə seçkini saxtalaşdırmağa hazırlaşır, seçiçicilərin hakimiyyətin namizədinə səs verməyəcəyini bilir və buna görə də qanunları pozaraq heç bir vətəndaşın qapısını döymədən imza vərəqələrini kabinetlərdə doldururlar. Hətta bir çox yerlərdə o da məlum oldu ki, indiyə qədər qeydiyyatdan keçən 21 namizədin heç biri üçün heç bir vətəndaşın qapısı döyülməyib, hakimiyyətin “kabinetlərdə imza kampaniyası strategiyası”na tam əməl olunub. Yəni qapılar imza toplamağa görə döyülməyib. Imza verənlərin sözlərinə görə, seçki kampaniyası dövründə ilk dəfədir ki, Milli Şuranın namizədinə görə onlara müraciət edirlər. Milli Şuranın Seçki Qərargahı da bu rəqəmi hesablamışdı. Çünki 21 namizədin qeydiyyatdan keçməsi həqiqətən də bir milyona yaxın imzanın təqdimini zəruri edir ki, bu da ölkə ərazisində seçki ab-havasının hiss olunması demək olardı. Amma biz bunu görmürük. Yalnız hələ ki, Milli Şuranın namizədi üçün seçicilərin qapısı döyülür. Bu günlərdə məlum oldu ki, ReAl-ın namizədi Ilqar Məmmədov üçün də artıq imza toplanmasına başlayıblar. Ancaq bir çox namizədlər var ki, onlar üçün imzalar JEK-lərdə “yığılıb”. Hakimiyyət imzatoplamanı icra başçılırının, təhsil şöbələri rəhbərlərinin kabinetlərində aparır. Hətta insanlara hörmət edib imza da tələb etmirlər. Sadəcə olaraq şəxsiyyət vəsiqələrini yığırlar.
“Hakimiyyətin namizədləri Milli Şuraya hücum üçün qeydiyyatdan keçirilir”
– Bir çox ekspertlər hesab edir ki, hazırda 21 namizədin qeydiyyatdan keçməsi təsadüfi deyil. Burada məqsəd ITV-də prezidentliyə namizədlər arasında bölünəcək ödənişsiz efir vaxtından müxalifətin real namizədinə az vaxtın ayrılmasına nail olmaqdır. Özəl telekanlların da seçki kampaniyasında iştirak niyyətlərini açıqlamaması hakimiyyətin “siyasətinin” tərkib hissəsidir…
– Hakimiyyət efirdən ölkədə baş verənlərlə bağlı reallıqların elan edilməməsi üçün bu qədər namizədin qeydiyyatdan keçməsinə “imkan” yaradıb. Hər bir şəxsin namizədliyini irəli sürmək hüququ var. Amma hakimiyyət burada elə şəxsləri qeydiyyatdan keçirib ki, onların nəinki qanunun tələb etdiyi kimi 60 dairədə, hətta bir dairədə imza toplamaq potensialı yoxdur. Bu qədər namizədin qeydiyyatdan keçməsində daha bir məqsəd Milli Şuranın namizədinə qarşı kampaniya aparmaqdır. Hakimiyyət ITV-də dövlətin imkanları hesabına ayrılan efir vaxtından da istifadənin qarşısını bu yol ilə almağa çalışır.
– Gözəl xanım, hakimiyyətin xətti ilə irəli sürülən namizədlər əgər seçkilərdə sona qədər iştirak edəcəklərsə, onlara formal olsa belə müəyyən səs faizi yazılmalıdır. Belə olan halda bu səs faizi kimin elektoratından çıxacaq? Hakimiyyətin, yoxsa müxalifətin?
– Əlbəttə ki, hakimiyyətin elektoratından. Əgər onlar sona qədər seçkidə qalarlarsa, onlara hakimiyyə saxta faizlər yazacaq. Amma hakimiyyətin yanında olan bu namizədlərin xalqdan səs alacağı heç inandırıcı deyil. Hakimiyyət seçki siyasətini ona hesablayıb ki, seçkini saxtalaşdıraraq, yüksək səs faizini öz namizədinin xeyrinə yazsın, xalqın vəsaitlərini bütün dünyada öz korrupsiya əməllərini ört-basdır etmək və ölkə daxilində onun əməllərinə şərik olan bir qrupa payladığı kimi, sahib olmadığı səslərdən “namizəd”lərə də pay versin.
“İnsanlar hazırkı idarəetməyə dözmək niyyətində deyillər”
– Əyalətlərdə partiya fəalları keçirilən çoxsayıl görüşlərdə iştirak etmisiniz. Bu görüşlərə sıravi vətəndaşların da marağı böyük olub. Cəmiyyətdə seçki ərəfəsində əhval-ruhiyyə necədir? Toplum dəyişikliklərin baş verməsi üçün iddialıdırmı?
– Azərbaycan cəmiyyəti çoxdan dəyişiklik istəyir və buna hazırdır. Zaman-zaman regionlarda baş verənlər kütləvi etirazlar, hazırda da lokal şəkildə davam edən narazılıqlar onun göstəricisidir ki, insanlar hazrkı idarəetməyə dözmək niyyətində deyillər. Cəmiyyət çox gözəl bilir ki, bu hakimiyyətin Azərbaycan xalqına heç bir faydası yoxdur. Hakimiyyət yalnız özünü və ətrafında olan, onun əməllərinə göz yuman, oğurluqlarına, qanunsuzluqlarına şərik olan bir qrupu düşünür. Ölkədə qanunlar, vətəndaşların hüquqları kobudcasına və addımbaşı pozulur, hakimiyyətdən asılı olan hüquq və məhkəmə sistemi vətəndaş üçün əsl problemə çevrilib. Baş verən qanunsuzluqların fonunda sosial vəziyyət olduqca ağırdır. Insanlar “belə davam edə bilməz” qənaətindədirlər və dəyişikliklərin yollarını axtarırlar. Ona görə qarşıdan gələn seçkilərdə daxili faktorun demokratik qüvvələrin xeyrinə olacağı qənaətindəyim. Xalq dəyişiklikləri reallaşdıracaq əsas sima kimi haqlı olaraq demokratik qüvvələri görür. Milli Şuranın namizədi kimi Cəmil Həsənliyə cəmiyyətdə böyük rəğbəti var. Cəmil Həsənli bütün kriteriyalara görə seçkilərdə iştirak edən bütün namizədlərdən qat-qat üstün və Azərbaycana rəhbərlik etməyə mənəvi haqqı olan ən ləyaqətli, ən nüfuzlu, ən çox sevilən namizəddir. Təsadüfi deyil ki, cəmiyyətin böyük əksəriyyəti Cəmil Həsənlini xalqın namizədi adlandırır. Azərbaycan xalqı həmişə onun mənafeyini hər şeydən üstün tutan, xalqı üçün çalışan əsl ziyalı namizədə üstünlük verib. Cəmil Həsənli məhz belə bir namizəd, məhz belə bir ziyalıdır. Azərbaycan xalqı ölkədə ciddi dəyişikliklər və bu dəyişikliklərin də önünün açılmasını istəyir, bu prosesin önündə isə Demkratik Qüvvələrin Milli Şurasını görür.
– Milli Şuranın son aksiyası gözlənildiyi kimi izdihamlı alınmadı. Bunun bir sıra səbəbləri var. Bundan sonra Milli Şuranın təyin edəcəyi aksiyalardan gözləntiləriniz nədən ibarətdir? Çünki artıq Milli Şuranın seçkidə iştirak edəcəyi namizədi ilə də bağlı bir müəyyənlik yaranıb…
– Son aksiya həqiqətən də o qədər izdihamlı alınmadı. Təbii ki, bunu şərtləndirən bir çox səbəblər vardı, bunlardan da birincisi Milli Şuranın vahid namizədi ilə bağlı qeyri- müəyyənliyin olması idi. Eyni zamanda insanların istirahətdə olması, aksiyaların, hərəkətverici qüvvəsi olan gənclərin, tələbələrin məzuniyyətdə olması da aksiyanın izdihamlılığına öz təsirini göstərmişdi. Rüstəm Ibrahimbəyova namizədliyinin qeydiyyatı ilə bağlı əngəllərin olması insanlarda qeyri-müəyyənlik yaratmışdı. Amma Milli Şuranın seçkidə iştirak edəcək yeni vahid namizədi irəli sürməsi durumu dəyişdi. Cəmil Həsənlinin namizədliyi irəli sürüləndən sonra cəmiyyətin münasibətini gördünüz. Sosial şəbəkələrdə, cəmiyyətdə Cəmil Həsənliyə dəstək artmaqdadır. Milli Şuranın cəmiyyətə namizədini təqdim etdikdən sonra insanların onu dəstəkləməsi onu deməyə əsas verir ki, təşkilatın gələcəkdəki mitinqləri qələbəliklə keçəcək. Uğurlu aksiyalar hələ qarşıdadır. Bundan sonrakı aksiyalarımız on minlərin iştirakı ilə keçiriləcək, cəmiyyət öz namizədinin seçki kampaniyasında çox fəal olacaq.
“İlham Əliyevin deyəcək sözü yoxdur”
– Hakimiyyət bir qayda olaraq təbliğatında on minlərin onu dəstəklədiyini iddia edir. Amma dövlət başçısının əyalətlərə səfərləri zamanı o geniş ictimaiyyət qarşısında deyil, maksimum 25-30 nəfərin önündə çıxışlar edir. Bu çəkingənlik nədən irəli gəlir?
– Geniş kütlələr qarşısında çıxış etməməyin səbəbi xalqa deyiləsi sözün olmamasındadır. 2003-cü ildən Ilham Əliyev dövlət başçısıdır. 10 ildə verdiyi vədlərin heç birini yerinə yetirməyib. Belə olan halda o, xalqın qarşısında nə deyəcək? Əgər xalq hakimiyyəti dəstəkləyirsə, o zaman nəyə görə regionlarda hakimiyyət çoxminli insanların önündə çıxış etməkdən çəkinir. Bu görüşlərdə yalnız həmin rayonun rəhbərliyi və Bakıdan aparılmış nümayəndə heyəti iştirak edir. Əyalətlərə səfər zamanı problemləri olan sadə vətəndaşları dövlət başçısının ətrafına buraxmırlar. Bu hakimiyyət isə başda Ilham Əliyev olmaqla şikayətləri, ölkə reallıqlarını dilə gətirilməsini sevmir. Ilham Əliyev sevir ki, ona desinlər ki, hər şey əladır, ölkənin iqtisadi inkişafı göylə gedir. Bu da hakimiyyətin növbəti yalanlarındandır. Əgər hakimiyyətin böyük nüfuzu varsa, o zaman böyük bir mitinq təşkil etsin və həmin mitinqdə dövlət başçısı çıxış edərək siyasətini bəyan etsin.
– 2005-ci ildə olduğu kimi hakimiyyət yenə bir dövlət çevrilişi şousu hazırlamağa çalışır. Hazırda da “EL” Hərəkatına qarşı bu cür kampaniya qurulmağa çalışılır. Hakimiyyətin yenə ənənəvi taktikaya müraciət etməsini necə dəyərləndirirsiniz?
– Hər zaman ölkədə siyasi fəallıq artanda, hakimiyyətdən narazılıq yüksək səviyyədə olanda iqtidar müxtəlif şoular vasitəsilə siyasi fəallıqdan insanların diqqətini yayındırmağa çalışır. Bu tamamilə əsassız iddialardır. Hakimiyyət özü qurduğu tragikomediyaya, görəsən özü inanırmı? Azərbaycan müxalifətinin tarixində belə bir şey olmayıb. Azərbaycan müxalifəti olaraq biz həmişə konstitusion mübarizənin tərəfdarı olmuşuq. Sadəcə olaraq hakimiyyət cəmiyyətdəki siyasi fəallıqdan qorxur və çevriliş şousu ilə toplumda xof yaratmağa çalışır. Bununla hakimiyyət insanların seçkiyə inamının olmamasına, müxalifəti gözdən salmağa çalışır. Amma Azərbaycan xalqının müxalifətə inamı var və bu inam getdikcə artır. Hakimiyyəti də narahat edən məhz bu məqamdır. Ona görə hakimiyyət müxalifətə qarşı heç bir əxlaqa, qanuna uyğun olmayan kampaniya aparır.
– Adi evlərdə keçirilən toplantılara, müşavirələrə səbirsiz yanaşan hakimiyyət 23 günlük seçki kampaniyasına necə dözəcək?
– Təbii ki, hakimiyyət insanların bir məkana toplaşmasından və hakimiyyətə narazılığını ifadə etməsindən çox narahat olur. Məhz bu üzdən AXCP-nin əyalətlərdə keçirilən müşavirələri hüquq mühafizə orqanlarının təsiri ilə dağıdılırdı. Bundan başqa, qanuna uyğun olaraq rayonlarda fəaliyyət göstərən müxalifətçilər seçicilərin təşəbbüs qrupunun toplantısını keçirmək üçün müvafiq orqanlara müraciət etsələr də onlardan gülünc cavablar alırlar. Məsələn, AXCP-nin 50-dən çox rayon təşkilatı belə müraciətlərdə bulunmuşdular. Hakimiyyət strukturlarının bəziləri balanslarında toplantı üçün yerin olmadığını, bəziləri bu toplantının qanuna uyğun olmadığını, bəziləri isə, ümumiyyətlə, bu tip toplantıların keçirilməsi üçün zamanın keçdiyini rəsmi cavab məktubunda qeyd edib. Bütün bunlar isə hakimiyyətin seçkiyə necə hazırlaşdığını göstərir.
Xəyal