Fədai Qaraxanlı
Dubay mülklərinin izahatını xalqa verməyən dövlət başçısı başqalarından bunu necə tələb edəcək?
İ.Əliyev bir qayda olaraq yeni-yeni “keyfiyyətli” yolların çəkilişindən, körpülərin tikilişindən, göydələnlərin ucalmasından, yeni su kəmərindən, mədəniyyətimizin
təntənəsindən, parkların salınmasından, insanların
“xoş güzəranından”, maaşların artırılmasından bol-bol danışsa da, heç vaxt indiki kimi korrupsiyanın rüşvətin mövcudluğundan söz açmamışdı. Görünür, E.İbrahimov demişkən, İ.Əliyev doğrudan da çox çevik siyasətçidir; Tunisdə və Misirdə baş verən hadisələrin Azərbaycanda təkrarlanmaması üçün ölkədə tüğyan edən korrupsiya və rüşvətxorluğun qarşısını almağa qərar verib…
Nə qədər gülməli səslənir. Ən azı ona görə ki, əvvəla,
bu adam heç vaxt öz qərarına özü hörmət etməyib.
İkincisi, onun buna haqqı çatmır.
Körpü korrupsiyasından niyə danışılmır?
Necə olur ki, “keyfiyyətli” yolların çəkilişindən danışan prezident ili tamam olmayan yolların həmin müddətə iki dəfə təmirə dayanmasından narahat olmur. Körpülərin tikilməsini xalqın gözünə soxur. Amma nədənsə bu körpülərin tikintisi zamanı maya dəyərindən artıq milyonların silinməsini müzakirəyə çıxarmır. Nədən “Xalqlar dostluğu”ndakı ən uzun körpünün beton dirəklər üstündə deyil, Çin səddi çəkməklə ərazidəki sakinlərin küləyini kəsənlərə heç bir irad tutulmur. Çünki həmin körpünün tikintisinə sərf olunan torpaq daşıma prosesi əlavə milyonların ən rahat silinmə variantıdır. Hələ mən keyfiyyətsiz körpülərdəki diqqət çəkən duzlaşmanı demirəm…
İ.Əliyev göydələnlərin çoxalmasından ruhlandığını da tez-tez dilə gətirirdi. Amma uzunmüddətli tənqidlərdən sonra hiss etdi ki, bu göydələnlər şəhərin görkəminə xələl gətirir.
O səbəbdən də şəhərin mərkəzi hissəsi üçün hündürlük həddi müəyyən etdi. Onun bu qərarı da saya salınmadı. Hündür binalar əvvəlki tək tikilməkdə davam edir. Həmin binaların heç bir memarlıq və arxitektur qaydalarına uyuşmadığı isə adamın ürəyini bulandırır. Hərdən də fikirləşirsən ki, başqa nə cür ola bilər. Axı hər bir hakimiyyətin tikdiyi tikililər məhz o hakimiyyətin mahiyyətinin göstəricisidir. Bu yaxınlarda prezident növbəti bir lent də kəsdi. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinin başa çatdığı elan edildi. Amma heç bir Bakı sakini bu suyu öz evində hiss etmədi. Sonradan məlum oldu ki, hələ bu su xəttində işlər yekunlaşmayıb. O ki qaldı burada istifadə olunan boruların keyfiyyətinə bundan isə heç danışmağa dəyməz. Çünki bu su xətti ən ucuz materialdan olan borularla çəkilib ki, bunun da gələcəkdə keyfiyyətsizliyi ilə yanaşı çox güman ki, xəstəlik mənbəyi olacağı da ortaya çıxacaq. Bu su xəttinin çəkilişi üçün hesablanan bir milyard manata əlavə olunan yüz milyonlar isə təbii ki, yenə də prezidentimizi maraqlandırmır. Çünki xalqın milyardlarını oğurlamaq
bu hakimiyyətin əsas məşğuliyyətidir.
Ağacların kəsilməsinə niyə göz yumulur?
Keçən il İ.Əliyev ağacları doğrayıb yerində bina tikməyə qadağa qoydu. Amma elə özünün xeyir-duası ilə keçmiş Moskva mehmanxanasının ərazisi də daxil olmaqla ətraf meşə massivindəki minlərlə ağac doğranıb yerində şəhərə yamaq kimi görünəcək növbəti eybəcər binanın bünövrəsi töküldü. Yaxud da həmin sərəncamın mürəkkəbi qurumamış şəhərin başqa bir yerində -metronun “Neftçilər” stansiyasından üzü Əhmədliyə doğru yolun sağ və solundakı 50-60 illik şam meşəliyi doğranmaqda davam etdi. İndi də davam etməkdədir. İ.Əliyevin park adı ilə əkdirdiyi yarım metrlik şamların böyüməsi üçün isə azı 70 il lazımdır. O da hələ qurumasa.
Mədəniyyətimizin təntənəsindən danışan prezidentimiz hakimiyyətlərinin son on yeddi ili ərzində iki sanballı operanın, yaxud hansısa ciddi bir musiqi əsərinin yarandığını dilə gətirə bilmir. Əvəzində “həyatımda iki min kişi olub” – deyən, birisinə Xalq artisti, güngörməz yerlərini internet vasitəsilə dünyaya nümayiş etdirən və “soyunaraq məşhurlaşacam” deyən, başqa bir istedadsıza isə “Əməkdar artist” adı verməklə prezidentimiz mədəniyyətimizə “böyük töhvə” verdiyini xalqımıza sübut etdi. Yaxud da keçən il Bakı şəhərin İslam mədəniyyəti paytaxtı” elan edib, sonra isə məscidlərin bağlanmasına, hicabın qadağan olunmasına qərar verən prezidentə bu xalq inana bilərmi?
Görəsən, prezident insanların “xoş güzəranından” maaşların 10 faiz artırılmasından danışıb, xalqı ələ saldığına insanların ironiyalı münasibətini bilirmi?
Bir ay məktəbə ayaq döyən müəllimin 150 manatla, pensiyaçının 85 manatla (aylıq komunal xidmətin isə ən azı 85-90 manata çıxdığı halda) necə yaşamalı olduğunun fərqindədirmi? Təbii ki, fərqindədir!
Özü hesab verməyən necə hesab soracaq?
Xalqı ac saxlamaqla insanları siyasətdən uzaq tutmaq yolunu tutub bu klan. Hesab edib ki, bu xalq çörəyə möhtac olduğundan heç vaxt siyasətə yaxınlaşmayacaq və başına açılan oyunlardan da xəbərdar olmayacaq. Amma barıtı qədərindən çox olub. Artıq hər şey ortadadır. Bununla belə bu adam hələ də nəticə çıxara bilmir. Hələ də özünün baş- ayaq qərarları ilə xalqı heyrətləndirməkdə davam edir.
Bir yandan əhalini sakitləşdirmək üçün məmurlarına müvəqqəti olaraq soyğunçuluğa ara verin deyib, digər yandan da qiymətləri qaldıran prezidentə dünyanın heç yerində
rast gəlmək mümkün deyil. Hərçənd ki, onu qınamaq da olmur. Axı bu müddətdə itirilmiş məbləği necəsə kompensasiya etmək lazımdır. Birdəki, birdən-birə dostları ilə necə üz-göz olsun. Özü hələ təkcə Dubaydakı villaların hesabını nə
vaxt bu xalqa verib ki, indi də durub Kəmaləddin Heydərovdan, Ziya Məmmədovdan, Rövnəq Abdullayevdən,
Bəylər Əyyubovdan, Jahangir Əsgərovdan və yaxud istənilən məmurdan (Çünki bu hakimiyyətin nümunə göstərə biləcəkləri korrupsiyaya bulaşmamış kadrı yoxdur) milyardların mənbəyini soruşa bilsin. Odur ki, İ.Əliyevin korrupsiyaya və rüşvətə qarşı guya hansısa tədbirlər planı hazırlaması xalq
arasında ancaq gülüş doğurur. Özü də ironiyalı gülüş..!