«Millət həmişə onun ailəsindən bir addım öndə olub»
Dustaq ailəsinin evindən reportaj
Tanınmış hüquqşünas, “Çalxan” MMC hüquq firmasının direktoru Qurban Məmmədov yenə həbs edildi. “Yenə”ni ona görə yazırıq ki, bu həbs artıq onun həyat salnaməsində üçüncüdür. Ilk dəfə Sovet hökuməti vaxtı 2 il yarım məhbəs həyatı yaşadı. Sonra Heydər Əliyevin dönəmində 5 il dustaq oldu. Indi oğul Əliyevin zamanında.
Necə deyərlər, Məmmədovlar ailəsi başqa vicdan məhbusları ailələrindən kifayət qədər təcrübəlidirlər. Bunu kənardan baxanda belə seyr etmək olar, ancaq bu ailənin qayğıları, kədəri-sevinci var…
Olayın “şahidi” qəzanı nə vaxt “görüb”?
Başlayaq birinci Qurban Məmmədovun necə və nəyə görə həbs olunmasından. Belə ki, ötən ilin sentyabrında baş vermiş qəzaya görə onu həbs etdilər. Səbəb bəlli, niyyət bəlli. Nədən isə Qurban Məmmədovun son zamanlar daha da aktiv olması və siyasi hakimiyyətə qarşı kəskin mövqe tutmasıdır.
Təxminən bir il öncə baş vermiş qəzada “stoyanşik”in ayağı sınmışdı. Guya araşdırma nəticəsində müəyyən olub ki, həmin qəzada günahkar Qurban Məmmədovdur.
Vəkil xəstəxanaların birində avtomobilini saxlayarkən oradakı nəzarətçinin səhv komandası nəticəsində başqa bir maşın da dayanacağa daxil olmuşdu və nəticədə o, iki maşının arasında qalmışdı. Yəni nəzarətçinin diqqətsizliyi və səhvi nəticəsində bu hadisə baş verib. Buna baxmayaraq vəkil nəzarətçini dərhal xəstəxanaya aparır, müalicə etdirir, hətta işləyə bilmədiyinə görə ona 6 ay 300 manat yardım edir. Indi isə…
Mürsəl Maqsudov adlı şəxs Qurban Məmmədovun üzünə dururaq qəzanın şahidi olduğunu deyib. Ancaq ifadəsində olayın axşam olduğunu qeyd edib. Halbuki hadisə günorta baş verib.
Bundan başqa, qəza baş verən zaman Qurban Məmmədovun avtomobili ilə başqa bir sürücünün maşını arasında qalan nəzarətçiyə yalnız vəkil köməklik götərib. Yəni o biri sürücü işinin dalınca gedib. Nə onu axtaran var, nə də bu olayda suçlayan. Bütün günahı isə atıblar Qurban Məmmədovun üstünə. Ancaq…
“Nəvələri onun yolunu gözləyir”
Qurban Məmmədovun həyat yoldaşı Mehparə Məmmədova da onun günahsız olduğunu deyir. Bildirir ki, bu işdə zərərçəkən varsa, o da Qurban Məmmədovun özüdür: “Heç nədən onu həbsə atdılar. Halbuki, onun bu işdə heç bir suçu yoxdur. Nə lazımdırsa, kömək edib”.
Mehparə xanım söyləyir ki, həyat yoldaşı sonuncu dəfə evdən çıxanda “narahat olmayın, bir-iki ildən sonra görüşərik” deyərək çıxıb: “Soruşdum ki, nə olub, nə məsələdir? Cavab verdi ki, yüngül bir qəzaya görə çağırıblar və çox güman ki, həbs edəcəklər. O, bilə-bilə məhbəsə doğru getdi. Həbsinin səbəbi də son günlər daha çox aktiv olmasıyla bağlıdır”.
Mehparə xanım deyir ki, heç vaxt yoldaşına “bunu danış, onu demə” tipli məsləhətlər verməyib: “Özü hüquqşünas adamdır. Nəyin necə olduğunu hamımızdan yaxşı bilir. Həm də ki, uşaq deyil. Və ona nəyləsə təsir etmək çox çətindir, hətta mümkün deyil. Həmişə, millət onun ailəsindən bir addım öndə olub. Biz ikinci planda dayanmışıq Qurban bəy üçün”.
Qurban Məmmədovun həbslərinə öyrəncil olan ailəsi budəfəki sınaqdan da üzüağ çıxacaqlarına inanırlar: “Möhkəmik. Düzdür, həbsxana həyatı rahat deyil, ancaq yenə dözəcəyik. Sadəcə nəvələrimdən narahatam. Nəvələri tez-tez gəlib babalarını soruşurlar. Hər dəfə bir söz deyib, uşaqları aldadırıq. Başqa çarəmiz yoxdur”.
“Həbs edəndə, uyduranda da ağlabatan bir şey olmalıdır”
Qurban Məmmədovun qızı Günel Məmmədova isə deyir ki, atası həmişə haqqı müdafiə edib: “Kömək etmək, yardımçı olmaq ruhunda olub. Istəsəydi qəza törənən zaman o biri sürücü kimi çıxıb gedərdi. Ancaq sona qədər yardım etdi. Yaxud həbs olunacağını bilə-bilə sona qədər sözünü dedi”.
Ailəsi deyir ki, üzünə durduğu insan vəkilə böhtan atıb: “Guya Qurban bəy həmin adama zəng edib onu ailəsiylə təhdid edirmiş. Deyirmiş ki, harasa şikayət etsə, öldürəcək. Qurban bəy belə şey edər? Həmişə haqqın yanında olub. Cinayətkarlara qarşı savaşıb… Sizcə o belə şey edər? Əgər öldürmək istəsəydi, ”stoyanşik”i niyə qucağında xəstəxanaya aparırdı, ailəsinə yardım edirdi? Ümumiyyətlə, Qurban müəllimin leksikonunda “öldürərəm” kimi ifadə yoxdur. Bu qədər böhtan olmaz. Həbs edəndə, uyduranda da ağlabatan bir şey olmalıdır. Axı, heç kim bu ittihama inanmayacaq”.
Keçmiş və indi…
Qurban bəy harada olmasından asılı olmayaraq həmişə mübarizə aparıb. Ailəsiylə vəkilin keçmişinə də bir diqqət yetiririk.
Sən demə, Qurban bəyin atası Cəlal kişi onu musiqiçi kimi görmək istəyib. Bu arzu ilə də 1966-cı ildə onu Bakıdakı 8 saylı musiqi təmayüllü orta məktəbə gətirib. Ancaq Qurban bəyin sol əlinin şəhadət barmağı uşaq vaxtı kəsildiyindən, atanın bu arzusu reallaşmayıb. Bu planın baş tutmadığını gördükdə öncə şərqşünas, sonra isə hüquqşünas olmaq istəyir. Ikinci istəyinə nail olur, ancaq hərbi xidməti başa vurduqdan sonra. Qurban Məmmədov hərbi xidmətə sözün əsl mənasında “kişilik məktəbi” kimi baxıb. Onun düşüncəsinə görə, “kişilik məktəbi”nin məzunu olmayan şəxsə qız vermək, qızların qəsdən bədbəxt edilməsidir.
Qurban Məmmədovun keçən günlərinə nəzər saldıqda məlum olur ki, o, uşaq vaxtından əməksevər olub. Belə ki, o, ilk dəfə 1973-cü ildə – 14 yaşında fəhlə işləyib. O vaxt Naxçıvanda PMK-da (Səyyar Mexanikləşdirilmiş Dəstədə) işləyib. Ilk əmək haqqı 80 manat olub.
Tələbəlik illərində Qurban Məmmədov ictimai-siyasi mövzularda apardığı söhbətlərlə və antisovet təbliğatı ilə xüsusi orqanların diqqətinə düşür. Onu bu problemdən fakültə dekanı Firudin Səməndərov qurtara bilir.
1989-cu ilin iyun ayının 19-da Əbülfəz Elçibəyin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edilir. Iclasda iştirak edə bilməyən Qurban Məmmədov çətinliklə də olsa Sabirabad şöbəsini yaradır. Belə ki, həmin təsis yığıncağında Sabirabadı təmsil edən “Azərittifaq”ın nümayəndəsi isə, Xalq Cəbhəsinin Sabirabad Şöbəsinin yaradılmasına mane olmaq üçün təsis sənədlərini öz seyfində gizlədir. Yalnız həmin sənədləri Qurban Məmmədov ələ keçirdikdən sonra AXC-nin Sabirabad rayon şöbəsi təsis edilir.
***
Qurban Məmmədovun həyat salnaməsində bu cür qəhrəmanlıqlar çoxdur. Biz sadəcə bir-ikisini burada qeyd etməli olduq. Keçmişindən bir az, bu günündn bir az…
Məmmədovlar ailəsini tərk etməli oluruq. Qurban bəyin nəvəsi çox sakit şəkildə bizə baxır, çünki söhbət… O elə bilir ki, babasını gətirməyə gedirik…
Ramin DEKO