Milli Şuranın yaranması hakim partiyadan siyasi təşəbbüsləri aldı
YAP qurultayını keçirdi. Üstündən xeyli keçməsinə baxmayaraq, bu olayın gərginliyi hələ də davam edir. Partiya üzvləri arasında savaş bitmir. Ilham Əliyevin yarımnamizədliyi irəli sürüldü. Ona görə “yarımnamizədlik” deyirəm ki, hakim partiya öz rəsmi yığıncağının işini sona çatdırmadı.
YAP-ın Ramiz Mehdiyevin nəzarətindən çıxıb Paşayevlərin nəzarətinə keçməsinə dair xəbərlər faktla təsdiqləndi. Partiyaya yeni müavin təyin olundu və bir müavin “vuruldu”. Məsələn, Bahar Muradovanın YAP-dakı postundan niyə uzaqlaşdırıldığına dair suala tutarlı bir cavab yoxdur. O, hakim partiyanı heç də Siyavuş Novruzovdan və ya Əli Əhmədovdan pis təmsil eləmirdi. Görünür, Bahar Muradova konkret qruplaşmanın islaholunmaz adamı olduğundan YAP-dakı kürsüsünü itirib.
YAP-ın icra katibinin yeganə qadın müavininin vəzifəsini itirdiyi qurultayda YAP sədri özünə qadın müavin təyin etdi – öz xanımını. Bu mənada da YAP sonuncu siyasi çalarlarını itirərək, ailə qrupuna çevrildi.
Bütün bunlar isə hakim komandanın daxilində baş verənlərin cəmi bir epizoddan təhlili idi. Elə isə hakim elitada nə baş verir?
İlham Əliyev niyə aqressiv idi?
YAP sədrinin qurultay nitqində sonsuz bir aqressiya, üzündə isə qəzəbin son həddi var idi. Amma o bütün bu neqativlə deyirdi: “Bizim alternativimiz yoxdur. Onlar (müxalifət) zəifdilər, ona görə yox ki, biz onlara mane oluruq, ona görə ki, xalq onları dəstəkləmir”.
Sonra isə Ilham Əliyev siyasi opponentlərini “vətən xaini”, “yad qüvvələrə işləyən” adlandırdı. Onun bu məsələdə arqumenti çox maraqlı idi: “Hakimiyyətə gəlmək istəyirlər!”
Hakimiyyətə gəlmək bu qədər pis işdirsə, o zaman hansı yolla olursa olsun hakimiyyətdə qalmaq niyə daha pis iş olmasın?
Dövlət başçısının çıxışının yaratdığı bu məntiq ölkədə siyasətin bir peşə kimi çürüyüb bitdiyinin göstəricisidir. Bir ölkədə ki, siyasətçi hakimiyyətə gəlmək istəyinə görə xain hesab edilir, oradakı siyasi düşüncə orta əsrlərin şahlıq üsulundan başqa heç nəyə uymur.
YAP sədrinin bu cür qəzəbli olmasının səbəbi nə idi? Onun namizədliyi verilmədimi? Verildi. YAP ən güclü partiya deyil bəlkə? Onun dediyinə görə elədir. Bəs nə idi bu neqativ yükün qaynağı?
Ilham Əliyev anlayırdı ki, indi onun namizədliyinin irəli sürülüb-sürülməməsi heç nəyi dəyişmir. Onun namizəd olması əslində, “qabağa verilməsi” deməkdir. Illərdir Ilham Əliyevin birləşdirici obrazını yaradıb böyük sərvətlər əldə etmiş klan və qruplar indi də onu qabağa verib öz canlarını qurtarmaq istəyirlər. Ilham Əliyev və ətrafı yaxşı bilir ki, indi onların hakimiyyətdə qalmasını əsaslandıran bircə şərt də yoxdur. Ona görə də bu vəziyyətin əsas məsuliyyətini Ilham Əliyevə yükləmək lazımdır.
Qəribədir ki, Ilham Əliyevin namizəd olmasını istədiklərini bəzi Qərb diplomatları da eyhamla vurğuladılar. Sanki “özün şəxsən qoşul və şəxsən məğlub ol” deyirlər. Bu isə Ilham Əliyevi aqressivləşdirir. O anlayır ki, geriyə yol yoxdur. Irəlidə isə heç nə…
Rusiya söhbətləri…
Mediada Rusiyanın Azərbaycanda siyasi planlar həyata keçirməsi barədə yazıları Azərbaycanda məhz Rusiyanın adamları kimi tanınan şəxslərin qəzetləri yazır. Bu mənzərə hakimiyyət daxilində baş verənlərin sadəcə, “çaşqınlıq” olduğunu deməyə əsas verir. Çünki hakimiyyət daxilində Rusiyadan təltiflər almış fiqurlar Rusiya əleyhinə danışmağa başlayıblar. Rusiyanın Azərbaycanda hansısa siyasi addımlar planlayarkən özünə ən yaxın adamları nəzərə alacağı şübhəsizdir. Amma bu yaxın adamların Kreml əleyhinə çıxış və kampaniyaları bizi vadar edir ki, prosesə başqa məntiqlə yanaşaq. Nə baş verir ki, Kreml kremlsevərlər üçün təhlükəyə çevrilir?
“Müstəqillik” təhlükəsi ola bilərmi?
Guya, Azərbaycan üçün Rusiyadan müstəqilliyə təhlükə yaranır. Bunun həyəcan təbilini isə Müstəqillik Aktının əleyhinə səs verən şəxslər və ya onların yaxınları çalır. Bu məsələdə səmimi heç bir məqam olmadığı üçün aydınlaşdırmalı bir o qalır ki, Kreml niyə öz peyklərinin hədəfinə çevrilir?
Gəmi batır…
Hadisələrə Ilham Əliyevin dövlətin başına keçməsi prosesindən qiymət verək. Bu konsorsiumun Rusiya istisna olmaqla, qalan bütün tərəflərinin (əsasən də Türkiyə və ABŞ) indiyə kimi “Əliyevlər gəmisi”nin batırılmasına “hə” dediyi bəlli idi. Sonuncu bağ Kreml idi və görünür, artıq o şərt də yetişib ki, Rusiya da bu məsələdə qlobal tərəfdaşlarıyla həmrəy olmağa razılıq verib. Bu isə ilk növbədə “gəmi”də batan Rusiyameyllilərə məlum olub. Bu mənada Ilham Əliyevin yanında son dərəcə mötəbər olan Rusiyameyllilər artıq öz siyasi dəyərlərini itiriblər. YAP-da Ramiz Mehdiyevin sıxışdırılması da bunun nəticəsidir.
Hakimiyyətin vəziyyətinin daha pis olduğunu göstərən məqam odur ki, onlar böyümək əvəzinə, daha da dar çevrəyə istinad edərək, hakim partiyada ailə təmsilçiliyini artırıblar. Bu isə ətrafda artıq inanmaq üçün yeni və ya köhnə dairələrin, dəyərlərin qalmadığını göstərir.
Milli Şuranı vurmaq…
Hazırkı mərhələdə hakimiyyətin həyəcanını və buna müvafiq olaraq səhvlərini artıran əsas amillərdən biri Milli Şuranın yaranmasıdır. Bu, son 20 ilin ən böyük birlik modelidir. Müxtəlifliyin təmin olunmasına görə də, miqyasına görə də Milli Şura hakimiyyətin təmin edə bilməyəcəyi bir koalisiyadır. YAP belə bir gücün qarşısında öz məğlubiyyətini hiss etdikcə aqoniya yaranır. Milli Şuraya hücum əmri ona görə verilib ki, bu, ölüm-dirim savaşı sayılır. Amma perspektivsiz bir mübarizə olduğu indidən onunla görünür ki, YAP bu təşkilatın yaranma xəbərinə görə öz qurultayının tarixini dəyişdi, həyəcanlı qərarlar aldı, daxilində təfriqə yarandı. Xaricdə düşmənləri artdı.
Bir sözlə, hakim partiya itirməkdə davam edir və bunun nə ilə nəticələnəcəyi Milli Şuranın bundan sonrakı addımlarından daha çox asılıdır. Çünki YAP qurultayının vaxtını dəyişdirən olayla həm də siyasi təşəbbüslərin mərkəzi yerini dəyişdi.