MOSSAD və SEPAH-ı nə birləşdirir?
Türkiyədə etirazlar səngidi. Emosiyalar xeyli sakitləşdi. Qardaş ölkədə nə baş verirdi? Türkiyədə yaşananların qaynağı “nə” və ya “hara” idi? Xeyli versiya və analizlər var. Biz isə təbii ki, türk- islam dünyasının ən qabaqcıl dövlətində baş verənlərin Türkiyənin böyüməsinə və bərkiməsinə xidmət edəcəyinə inanırıq. Bununla yanaşı, öz analizimizi də hörmətli oxucumuza çatdırmaq istəyirik.
Versiyalar çoxdur…
Birincisi, etirazın təşkilatçıları tərəfindən verilən izahda “Gəzi parkı”ndakı ağacların kəsilməsinə bir qrup ekoloji aktivistin etirazı göstərilir və görünür. Aksiya zamanı xeyli tanınmış sənətçinin etirazlara qoşulması və ekoloji mühitin qorunmasına dəstək verməsi də bu versiyanı xeyli gücləndirdi.
Ikincisi, rəsmi mənbələrin açıqladığı versiyaya görə, bu olayların arxasında Türkiyənin regional oyunçu kimi aktivləşməsini istəməyən qüvvələr durur. Bu versiyanı gücləndirən arqumentlər isə olduqca çoxdur. Bu barədə növbəti bir qədər sonra bəhs edəcəyik. Amma əsas məqamlardan biri odur ki, Türkiyə siyasi elitası da bu məsələdə maraqlı mövqelərilə diqqəti çəkdi. Xüsusilə Cümhuriyyət Xalq Partiyasının proseslərə münasibəti qatı destruktivizmin bariz nümunəsi idi.
Üçüncü versiya odur ki, əslində, hadisələr səmimi etirazçılar tərəfindən başladı, amma maraqlı qüvvələr tərəfindən istiqamətləndirildi. Bu versiyanı qüvvətləndirən tək arqument odur ki, etirazçılar özləri də prosesdə təxribatçı dəstələrin olduğunu etiraf etdilər. Normalda isə polislə dil tapmağa çalışdılar və qarşılıqlı rəftarları kifayət qədər normal oldu. Bu isə üçüncü qüvvənin mövcudluğunu və vəziyyəti qəsdən gərginləşdirdiklərini deməyə əsas verir.
Ekologiya ciddi səbəbdirmi?
Birinci versiya haqqında düşünərkən belə deyirlər ki, bu, əsas ola bilməz. Çünki Türkiyədə çox ciddi problemlər var. Əhali bunları qoyub niyə ağac kəsilməsinə etiraz etsin? Bu, əlbəttə, ilk baxışdan tutarlı arqument təsiri bağışlayır. Amma elə azərbaycanlı türklər öz praktikalarından bilirlər ki, bu cür məsələ etiraza, hətta xalq hərəkatına səbəb ola bilər. Topxanada meşələrin kəsilməsinə etiraz edən Azərbaycan xalqının mübarizəsi müstəqil Azərbycanla nəticələndi. Bu mənada, “Gəzi parkı” aksiyasının da səmimi bir etiraz olmasına inam böyükdür. Amma…
Xarici əl axtarışı…
Ikinci versiya, yəni bu olayın arxasında xarici qüvvələrin dayanması məsələsi olduqca aktualdır. Ona görə ki, Türkiyə hazırda regionun “patrul” xidmətini həyata keçirir və bu arada öz daxilində problem yaşayır. Bir çoxları hesab edirlər ki, SEPAH (Türkcəsi – Devrim Muhafızları) bu məsələdə maraqlı olub. Bəziləri isə MOSSAD-ın maraqlı olduğu versiyasını irəli sürürlər.
SEPAH niyə maraqlı olsun?
Qeyd edək ki, Iranda son aylarda baş verən ən maraqlı hadisə ETELAAT-ın səlahiyyətlərinin böyük bir qisminin SEPAH-a verilməsidir. SEPAH indi həm də Iranı xarici kəşfiyyatdan qoruyur və əks-kəşfiyyat işini görür. Bu mənada, Türkiyə onun ilk hədəfi ola bilər. Çünki Türkiyə Suriya məsələsində çox aktivdir və Iran bilir ki, Dəməşqdən sonra növbə Tehranındır. Buna görə də Ankaranın başını özünə qatır. Ankara isə baş verənlərdə birtərəfli iz axtarmır. Çünki Tehran bu işi etmək üçün təkbaşına gücə sahib deyil. Deməli, başqa bir tərəfdaş var. Və bu, kim ola bilər?
MOSSAD xofludurmu?
MOSSAD şefinin Ankara səfəri diqqəti çəkdi. Görünür ki, nəyinsə sübuta ehtiyacı varmış. Belə olmasaydı, “Gəzi parkı” dosyası gündəmdə olmazdı. Xəbər portalları yazır ki, Ərdoğan hələ də MOSSAD-ın rəhbərilə görüşə razılıq verməyib (söhbət yazı hazırlanan vaxtdan gedir-S.H.). Bu isə Ankara şefinin baş verənlərə əsəbi yanaşmasının göstəricisidir. Yəni, Rəcəb Tayyib Ərdoğan MOSSAD-a qəzəblidir. Israil niyə bu olaylarda əli olmadığını sübut etməyə cəhd göstərsin ki? Deməli, nəyisə sübut etməyə ehtiyac var. Deməli, şübhələr var.
MOSSAD-la SEPAH-ı nə birləşdirə bilər?
Hamı bilir ki, Israil regionda Iran və Suriyaya münasibətdə Qərbin təmsilçisi kimi görünürdü. Deməli, Suriya və Iran bitəndən sonra Israilin heç bir düşməni qalmır. Onun bu bölgədə silahlandırılması və ya maddi cəhətdən gücləndirilməsi üçün əsas qalmır. Bu mənada, Iran və Israilin ortaq marağı Suriya probleminin gec həll olunması və ya bitməyən prosesə çevrilməsidir. Bunun üçün də Ankarada problemlər yaranmalı və Türkiyə hökuməti daxilə fokuslaşmalıdır.
Ərdoğanın səhvi
Məntiq sübut edir ki, üçüncü variant doğrudur. Yəni, səmimi və haqlı etirazlar sonra dağıdıcı və “istiqamətlənmiş” xarakter alıb. Bunun məsuliyyətinin kimin üzərində olmasını dəqiqləşdirməyə gəlincə, baş nazir Ərdoğan ilk sırada gəlir. Çünki bir ölkədə 50 faizdən çox seçicinin səsini alan baş nazir xalq etirazına belə reaksiya verməməli idi. Məncə, bunun tək ifadə və çıxış yolu forması var idi: “Bu hökuməti seçən də, etiraz edən də eyni xalqdır, qərar onundur”.
Bununla da Ərdoğan həm səmimi etirazçıların sevgisini qazana bilərdi, həm də yad cibdə olanları məyus edərdi. Bu mənada, baş nazir ona qarşı qurulmuş oyuna yardımçı oldu. Istənilən halda isə, Türkiyə bir daha sübut etdi ki, ona hökmranlıq etmək iddiası hər zaman boşdur.
***
Biz isə inanırıq ki, Türkiyə xalqı bu olanları özünü daha yaxşı ifadə etmək fürsəti kimi dəyərləndirib, demokratiyasını daha da gücləndirəcək. Etirazdan qorxmağa dəyməz. Çünki yalnız ölülər etiraz etməz.