Avropa Parlamentinin Barrozanı Əliyevlə ciddi danışığa dəvət etməsi hansı perspektivlər vəd edir?
Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının ağır vəziyyətilə əlaqədar qəbul olunan qətnamədə hakimiyyətə qarşı ciddi mesajlar səsləndirilir. Qətnamə müəllifləri REAL Hərəkatının sədri Ilqar Məmmədovun həbsindən çıxış edərək, ölkədə insan hüquqları sahəsindəki ciddi problemlərdən bəhs ediblər:
“Azərbaycanda siyasi fəallar, jurnalistlər, müstəqil düşüncəli insanlar ifadə azadlığı sahəsində hakimiyyətin çox ciddi təzyiqlərilə üzləşirlər. 2006-cı ildən başlayaraq, hökumət Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə imkan vermir. Hakimiyyət dinc etiraz aksiyasında iştirak edənlərin böyük məbləğdə cərimələnməsini və uzun müddətli həbsə məhkum edilməsini qanuniləşdirib. Qanunvericiliyə edilən əlavə və dəyişikliklər müstəqil qeyri-hökumət təşkilatlarının vəziyyətini daha da pisləşdirməyə yönəlib. Seçki ilində siyasi vəziyyətin yaxşılaşdırılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan hakimiyyətini siyasi motivli işlər üzrə həbs olunmuş bütün şəxsləri, o cümlədən jurnalistləri, hüquq müdafiəçilərini və vətəndaş cəmiyyəti fəallarını azad etməyə çağırırıq. Biz Azərbaycan hakimiyyətini seçmə qaydasında jurnalistləri, hüquq müdafiəçilərini və digər vətəndaşları məsuliyyətə cəlb etmək praktikasına son qoymağa çağırırıq”.
Qətnamədə diqət çəkən məqamlardan biri də Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozaya edilən müraciətdir. Müraciətdə Avropa Komissiyasına Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, müstəqil məhkəmə sisteminin mövcudluğunun təmin olunması, demokratik islahatların, fundamental hüquq və azadlıqların həyata keçirilməsinin təmin olunması məsələsində prinsipial mövqe tutmaq barədə çağırış öz əksini tapıb: “Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Ilham Əliyevin Brüsselə səfəri zamanı onunla Azərbaycanda insan hüquq və azadlıqları barədə ciddi danışmalı, narahatlıqları açıq şəkildə diqqətə çatdırmalıdır. Azərbaycanda bu il keçiriləcək prezident seçkiləri ərəfəsində ciddi narahatlıq doğuran məsələlər daim nəzarətdə saxlanılmalı, mətbuat azadlığına dəstək verilməli, məhkəmə işlərinə xüsusi diqqət yetirilməlidir”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Avropa Parlamentinin bu qətnaməsi Azərbaycana münasibətdə beynəlxalq birliyin yanaşmasını sərgiləyir. F.Qəhrəmanlının fikrincə, qətnamənin dilinin sərtliyi Azərbaycan daxilindəki durumdan irəli gəlir: “Yəni ölkə daxilində vəziyyət elə bir kritik həddə çatıb ki, minimum demokratik proseslərin belə varlığından danışmaq mümkün deyil, fərqli fikirliyə qarşı basqılar hər gün artmaqdadır. Qarşıdan prezident seçkisi gəlsə də, ölkədə ən minimum demokratik seçki imkanları belə yoxdur. Bu isə beynəlxalq səviyyədə ciddi narahatlıq yaradır. Avropa Parlamentinin bu qətnaməsi məsələyə ümumi yanaşmadan daha çox konkret mövqenin ifadə olunduğunu göstərir. Ilham Əliyevin Brüsellə səfəri zamanı bu məsələnin müzakirə olunmasının vacibliyinin gündəmə gətirilməsi və bu istiqamətdə Avropa Birliyinin rəhbərliyinə təzyiqlərin göstərilməsi o deməkdir ki, Azərbaycanda demokratiya məsələsi ümumi bəyanatlarla ifadə olunmur. Bu artıq münasibətlərdə konkret prioritetə çevrilib. Azərbaycanla Avropa Birliyi arasında münasibətlər də bu prioritetlərə münasibətdən asılı olaraq müəyyənləşəcək”.
F.Qəhrəmanlının sözlərinə görə, bu cür sərt qətnamənin meydana gəlməsi Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı ifadə oluna biləcək mövqeyin bazasını hazırlayır. Yəni Avropa Birliyinin Azərbaycandan gözləntiləri doğrulmayacaqsa, o zaman anti-demokratik şəraitdə keçirilən saxta seçkilərin tanınmaması üçün əsas yaranır: “O baxımdan belə bir qətnamənin məhz seçki ərəfəsində qəbul olunması və dövlət başçısı ilə müzakirəyə çıxarılmasının tələb edilməsi onu göstərir ki, Avropa Birliyi demokratiya insan haqları məsələsində tələblərini daha konkret formada istəməkdədir. Avropa Birliyinin bu məsələlərdə geri çəkilmək niyyəti yoxdur. Demokratiya artıq seçkilər ərəfəsində Azərbaycana münasibətin sərgilənməsi üçün əsas prioritet kimi qəbul ediləcək”.
Politoloq Vəfa Quluzadə isə bildirdi ki, Avropa Parlamenti bundan əvvəl də Azərbaycan iqtidarına qarşı sərt qətnamələr qəbul etsə də, oradakı iradlar nəzərə alınmayıb və müraciətlərin bir nəticəsi olmayıb: “Avropa Parlamenti, Avropa Birliyi Azərbaycana qarşı müxtəlif təkliflər, iradlar irəli sürüb. Amma bu mövqeyin beynəlxalq aləmdən daha çox daxili proseslərə təsiri var.”
Xəyal