Ərdoğan «Gəzi parkı» etirazlarını sənətçilərlə də müzakirə etdi
«Hər kəsi dinlədik, dinləyəcəyik də…»
Türkiyədə iki həftə davam edən etirazlardan sonra baş nazir Rəcəb Tayyib Ərdoğan iyunun 13-də axşam saat 23.30-da başlayan və gecə saat 3.30 radələrində sona çatan toplantı keçirdi. Taksim Dayanışma Platforması və sənətçilərdən ibarət qrupla görüş təxminən 4 saat çəkib. Görşdən bir neçə saat sonra hökumət açıqlama verərək bildirib ki, istənilən halda, referendumun nəticəsini gözləyəcəyik.
Ankarada keçirilən danışıqlardan sonra hakim Ədalət və Inkişaf Partiyasının sözçüsü görüşün pozitiv olduğunu, lakin nümayişçilərin parkı tərk etməməkdə israrlı olduqlarını bildirib. O həmçinin parkda referendumsuz tikinti işlərinin aparılmayacağını da qeyd edib.
Sənətçilər adından aktyor Halit Ergenç (“Möhtəşəm yüz il”in Sultan Süleymanı) açıqlama verib: “Biz sənətçilər, eyni zamanda hadisələrin iştirakçıları olaraq, qayğılarımızı və çıxış yollarını dilə gətirdik. Baş nazir bizi dinlədi və bəzi nəticələrə nail olduq. Məhkəmə qərarına hörmətlə yanaşcaqlarını və müsbət nəticə olarsa, referenduma gedəcəklərini bildirdilər”.
Yazar Sunay Akın da görüşlə bağlı fikirlərini bölüşüb: “Çox xoşbəxtəm, çünki məsələnin həllilə bağlı ətraflı müzakirələr oldu və nəticəyə nail olduq. Demokratik bir mərhələnin başlandığına inanıram. Taksim meydanına gedib şeirlərimizlə, mahnılarımızla yaxşı bir final qeyd etməliyik”.
Istanbul valisi Hüseyn Avni Mutlu da 50 nəfərdən ibarət qrupu qəbul edib. Görüşdə “Gəzi parkı”nda baş verənlər müzakirə olunub. Dəvətlilər arasında olan Hayreddin Bulan adlı bir etirazçı Mutluya bildirib ki, heç bir halda, proseslərə polis müdaxiləsi olmamalıdır, insanlara şəfqətli əl uzadılmalıdır.
Mutlu etirazçıya belə cavab verib: “Rahat olun. Heç bir müdaxiləyə ehtiyac qalmadan məsələ həll olunacaq”.
Onu da qeyd edək ki, nümayişçilər Ərdoğanın “Gəzi parkı”ndan və Istanbulun mərkəzindən çəkilmək barədə son xəbərdarlığını rədd ediblər. Minlərlə insan gecəni Taksim meydanında və “Gəzi parkı”nda keçirib.
Bununla belə, Ərdoğanın keçirdiyi görüşün müsbət təsiri də özünü göstərib. Türkiyənin “Hürriyet” qəzetinin saytında sorğu yerləşdirilib. “Etirazçılarla dialoqdan sonra etirazlar davam etməlidirmi?” sualına 117 min nəfər cavab verib. Onların 33.7 faizi hesab edir ki, davam etməlidir. Qalan 66.3 faiz respondent isə “davam etməməlidir” qənaətindədir.
Ötən gün Ərdoğan hakim partiyanın genişləndirilmiş toplantısında da çıxış edərək, mesajlar ünvanlayıb: “Gənclər, artıq burada duracağınız qədər durdunuz. Mesajlarınızı verdiniz. Əgər sizin mesajınız ”Gəzi parkı”dırsa, bu mesajı aldıq və dəyərləndirdik. Bu ölkə demokratik sistemlə idarə olunur. Seçim müddətini 5 ildən 4 ilə endirdik. Bu da bizim fərqli fikrə hörmətimizin göstəricisidir. Taksim meydanında “Gəzi parkı” bəhanəsilə böyük bir teatr tamaşası quruldu. Təxribatlar, media vasitəsilə aktyorluq etmək lazım deyil. Kimin nə sözü varsa, səkkiz aydan sonra seçkilərdə söyləsin. Bu ölkədə hər şey şəffafdır. Hər kəsi dinlədik, dinləyəcəyik də…”
Son məlumatlara görə, Taksim Dayanışma Platforması Türkiyənin 7 bölgəsində forum keçirəcək. Forumlarda hər kəsə söz veriləcək və “Gəzi parkı” ilə bağlı qərar açıqlanacaq.
Ilham Hüseyn