ABŞ, İngiltərə və Fransa xüsusi təyinatlıları Liviya şəhərlərinə girdi
Pakistanda nəşr olunan “Pakistan Observer” qəzetinin yazdığına görə, ABŞ, İngiltərə və Fransa hərbi qüvvələrinə aid xüsusi təyinatlı dəstələr artıq Liviyada üsyançıların nəzarət etdiyi ərazilərdədir.
Qəzet Liviya diplomatik mənbələrinə istinad edərək bildirib ki, fevralın 23-ü və 24-də ABŞ və Fransa xüsusi təyinatlılarını daşıyan kiçik katerlər Benzaqi və Tobruk şəhərlərinəki limanlarda lövbər salıb. Üsyançıların ələ keçirdiyi şəhərlərə yerləşdirilən xüsusi təyinatlıların sayı 100-dən artıq deyil. Onların Qəzzafiyə sadiq silahlılarla savaşan etirazçılara dəstək verəcəyi söylənilir.
Getdikcə daha artıq nifrət qazanan və təklənən Müəmmər Qəzzafi isə ölkənin şimalındakı neft ixracı limanı olan Breqanın yenidən bombalanmasına qərar verib. Şəhərin hərbi helikopterlərlə bombalanması dünyanın hiddətinə səbəb olub.
Bu arada Beynəlxalq Hərbi Cinayətlər Məhkəməsi Liviyadakı hadisələrlə bağlı istintaqa başlayıb. Məhkəmə ittihamçısı Luis Moreno-Okampo Liviyada insanlığa qarşı cinayət törədilməsi iddiasıyla rəsmi araşdırmaya başladığını bildirib.
Amerikalı general Liviyanı bombalamağı təklif etdi
“Liviya səmasını uçuşlara bağlamaq üçün bu ölkəni təcili bombalamaq lazımdır”. Bu sözləri ABŞ Senatında dinləmələr zamanı ölkənin Fars körfəzindəki ordusunun komandanı, general Ceyms Mattis söyləyib.
O deyib ki, illüziyaya qapılmaq lazım deyil və Liviyanın səmasını uçuşlara qadağan etmək üçün Liviyanın Hava Hücumundan Müdafiə sistemini dağıtmaq lazımdır. Buna da yalnız bombalama nəticəsində nail olmaq mümkündür.
Qeyd edək ki, hazırda Süveyş kanalından keçməklə Liviya sahillərinə ABŞ-ın 2 döyüş gəmisi yaxınlaşır. Gəmilərin göyərtəsində 800 dəniz piyadası və döyüş vertolyotları var. “USS Enterprise” təyyarə daşıyan gəmisi də Liviya sahillərinə doğru hərəkət edir.
***
Keçmiş protokol xidmətinin rəhbəri Qəzzafinin özünü öldürməyəcəyinə əmindir
Liviyada ölkə başçısı Müəmmər Qəzzafiyə sadiq hərbi qüvvələr ölkənin şərqində üsyançıların nəzarət etdiyi bir neçə şəhərə hücuma keçib. Onların paytaxt Tripolidən 750 km. aralıda yerləçən Əcdəbiyyə və Breqa şəhərlərinə həmlələri haqda xəbərlər yayılıb. Bəzi məlumatlara görə isə Qəzzafinin hərbi dəstələri Benqazidən 200 kilometr qərbdə, Aralıq dənizi sahilində yerləşən Breqaya nəzarəti ələ alıblar. Əcdəbiyyəyə isə havadan zərbələr endirilir.
Breqa Liviyanın neft ixracı sahəsində vacib liman şəhəridir və şəhərin yaxınlığında beynəlxalq aeroport yerləşir. Şəhərdə böyük neft emalı, eyni zamanda maye qaz zavodu var.
Əcdəbiyyədə isə üsyançılar hərbi baza və silah anbarını ələ keçiriblər.
Xatırladaq ki, Qəzzafiyə sadiq hərbi qüvvələr dünən də strateji əhəmiyyətə malik olan və paytaxt Tripolidən 50 kilometr qərbdə yerləşən Zaviya şəhərinə uğursuz hücum etmişdi.
***
ABŞ-ın Liviya sahillərinə göndərdiyi hərbi gəmilər Aralıq dənizində növbə çəkir. Hərbi gəmilərən diri artıq Liviya sahillərində lövbər salıb. Daha iki hərbi gəmi isə sahilə yaxınlaşmaqdadır.
Ağ evdən bildiriblər ki, hərbi gəmilər humanitar fəaliyyətlə görəvləndiriliblər. Lakin masada “bütün mümkün variantlar” var. Pentaqonun şefi Robert Geyts də bir çox variantı dəyərləndirdiklərini, lakin hələlik hər hansı hərkətə qərar vermədiklərini bildirib.
***
Bu arada Liviya diktatorunun ölkədən qaçan keçmiş protokol xidmətinin rəhbəri Nuri əl Mismari beynəlxalq ictimaiyyətə çağırış edib. Əl Mismari deyib ki, beynəlxalq güclər Liviyaya quru qoşunları çıxarmasınlar. Bunun əvəzinə o, Liviyanın uçuş-eniş zolağını dağıtmağı təklif edib.
Əl Mismarınin fikrincə, Qəzzafi rejiminin sonu yaxınlaşıb, lakin Qəzzafi sona qədər mübarizəyə hazırdır və heç yerə getməyəcək, çünki hələ də insanların onu dəstəklədiyinə inanır. Əl Mismari Qəzzafinin özünü öldürməyəcəyinə əminliyini də ifadə edib.
***
Qəzzafi isə yenidən tərəfdarları qarşısında çıxış edərək dünyaya meydan oxuyub. Tripolidə bir çadırda toplanan yüzlərlə tərəfdarına müraciət edən Qəzzafi özünün istefa verəcək xarakterdə olmadığını bildirib. Qəzzafi tərəfdarlarının toplantısı Liviya televiziyası ilə də canlı yayımlanıb.
Qəzzafi çıxışı zamanı deyib ki, Liviyadakı sistem xalqın sistemidir və heç kim xalqın iradəsin qarşı çıxa bilməz. Onun fikrincə, dünya Liviyadakı sistemi anlamır. “Barmağımızı Liviyadakı iqtidarın xalqdan başqa kimlərinsə əlində olduğuna şübhə edənlərin gözünə soxuruq”, – deyə Qəzzafi bildirib.
Qəddafi çıxışında dəfələrlə “Haydı qardaşlarım, birlikdə söyləyək: Allah, Muammər, sadəcə Liviya!” deyərək qışqırıb, tərəfdarları da ona eyni şəkildə cavab verib.