«Elmarı öldürdülər ki, ondan sonrakı yazarların içində senzura yaratsınlar»
İctimaiyyət Elmar Hüseynovun qətlinin ildönümündə mərhum jurnalistin məzarını ziyarət etdi
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin dünən 6 ili tamam oldu. Siyasi partiya rəhbərləri, media nümayəndələri, hüquq müdafiəçiləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri və ictimaiyyətin digər tanınmış simaları dünən II Fəxri Xiyabanda Elmar Hüseynovun xatirəsini anıblar.
Elmar Hüseynovun atası Sabir Hüseynov oğlunun qatilinin sifarişçilərinin və icraçılarının bir gün mütləq layiq olduqları cəzanı alacağına əminliyini vurğulayıb.
Müsavat başqanı Isa Qəmbər deyib ki, Elmarın qatili Əliyev rejimidir: “Amma bu rejimin də zəngi çalınıb artıq. Elmarın qatillərinin qanun qarşısında cavab verəcəyi gün çox uzaqda deyil. Elmarı öldürənlər cəsarətli insanı aradan götürməyə nail oldular. Amma azad sözü öldürməyə nail ola bilmədilər. Bu hakimiyyət azadlığı boğa bilməyəcək. Azadlıq qalib gələcək”.
Oxucuların, o cümlədən özünün də Elmarın qələmindən çıxan cəsarətli yazılar üçün darıxdığını deyən Isa Qəmbər onu da qeyd etdi ki, Elmar Hüseynov daim azadlıqsevərlərin qəlbində yaşayacaq: “Həyat davam edir. Azərbaycandakı gənclər imkan verməyəcək ki, azadlıq uğrunda meydan boş qalsın”.
AXCP sədri Əli Kərimli də bu qətlin siyasi motivlə törədildiyini vurğuladı: “Ilk gündən bilinirdi ki, Elmarın qətli siyasi sifarişin nəticəsidir. Elmarı öldürdülər ki, rejimin ömrü uzansın. Təkcə Elmarla kifayətlənmədilər. Həbsləri, təzyiqləri davam etdirdilər ki, daha çox hakimiyyətdə qalıb, xalqı daha çox soysunlar. Rejimin ömrünü bir az uzada bildilər. Amma bunun müqabilində ümummilli lənət qazandılar. Azərbaycanda azadlıq uğrunda mübarizəni bir az səngitdilər, amma yeni bir dalğanın da yaranmasına əsas yaratdılar. Elmar ilk cığır açan idi. Elmarı öldürdülər ki, ondan sonrakı yazarların içində senzura yaratsınlar. Amma bu, mümkün olmadı. Indi artıq çoxları həqiqətləri bilir. Indi Elmarın yazdıqlarını dünya da bilir. Bu adamların öz əməllərinə görə cavab verəcəkləri gün uzaqda deyil. Elmarın şüarı belə idi: ”Sizin və bizim azadlığımız naminə!” Elmar bir azadlıq fədaisi idi. Bugünkü xalqların böyük azadlıq mücadiləsini özü görə bilmədi. O, bizim xalqımızın simvollarından biridir”.
Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun direktoru Emin Hüseynovun təklifilə dünən axşam saat 21.00-da – Elmar Hüseynov qətlə yetirilən ərəfədə mərhum jurnalistin vaxtilə yaşadığı blokda şam yandıraraq, xatirəsi yad edildi.
Xatırladaq ki, Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır və ötən 6 ildə qətlin sifarişçiləri və icraçıları tapılaraq, məsuliyyətə cəlb olunmayıb.
Elmin