İqtidar ideoloqları məxfi sorğular keçirib; vəziyyət ağırdır; bütün resurslar seçkiyə cəlb edilib
Azərbaycan hakimiyyəti fövqəladə seçki hazırlığına başlayıb. Hakimiyyət içindən redaksiyamıza sızan məlumatlarda deyilir ki, beynəlxalq təşkilatlardan əlini üzən iqtidar daxildə məxfi sorğular keçirir. Bu sorğulara hakimiyyətin nəzarətində olan ictimai-siyasi təşkilatlar cəlb olunub.
Sorğularda məqsəd ölkə daxilində əsl vəziyyətin nədən ibarət olduğunu müəyyənləşdirmək olub. Nəticələr hakimiyyəti ciddi təlaşa salıb. Aydın olub ki, iqtidarı dəstəkləyənlər çox məhdud saydadır. Məlumatlarda deyilir ki, hakimiyyət ölkədəki narazılıqdan xəbərdar olsa da, vəziyyətin bu qədər acınacaqlı olduğunu gözləmirmiş. Sorğulardan sonra dərhal seçkiyə fövqəladə hazırlıq başlanılıb. Xüsusilə bölgələrlə ciddi iş aparılması qərara alınıb. Bunun üçün hər bölgədən olan məmurlar – orada yaşayıb-yaşamamasından asılı olamayaraq – cəlb edilib. Həmin məmurlar qrup şəklində rayonlara getməli, insanlarda bu hakimiyyətə inam yaratmalı, seçkidə onları Ilham Əliyevə səs verməyə təşviq etməlidirlər. Proses artıq başlayıb. Bundan başqa hüquq-mühafizə orqanları hazır vəziyyətə gətirib. Bu qurumların rəhbərliyində olan şəxslərə dekabr ayına qədər məzuniyyətə çıxmaq yasaq edilib. Hakimiyyət seçki hazırlıqları çərçivəsində Demokratik Qüvvələrin Milli Şurasına da yer ayırıb. Müxalifətin birləşdiyi bu qurumu qısa müddətdə parçalamaq qərara alınıb. Məlumatlara görə, bunun üçün daxildən bəzi adamların ələ alınması planlaşdırılıb. Həmin şəxslər müəyyən şirnikləndirci vədlərin müqabilində Milli Şuradan istefa verməli, qurumun əleyhinə bəyanatlar səsləndirməlidir.