PA şöbə müdirinin açıqlamaları hakimiyyətin qorxusunu ifşa etdi
İlham Əliyevin sözçüsü Əli Həsənov yenidən hakimiyyətin yaşadığı qorxuları dilə gətirib. Iqtidar daxilində gedən əsas müzakirələrin mövzusunu gizlədə bilməyən hakimiyyət rəsmisi bir neçə dəfə hökumət daxilindəki psixoloji gərginliyi büruzə verib. Bu, Azərbaycan müxalifətini nə yolla olursa olsun hakimiyyətə gəlmək istəyində qınayıb.
Bununla da indiki komandanın hakimiyyəti itirmək təhlükəsi ilə üz-üzə qaldığını gizlədə bilməyib: “Azərbaycan müxalifəti isə hər yola getməyə hazırdır, təki hakimiyyət ehtirası təmin olunsun. Onlar Azərbaycan dövlətinə qarşı xaricdən gələn təzyiqlərə dəstək verirlər. Məsələn, bu gün qəzetlərin bir neçəsinə baxıram, yazılır: ”Azərbaycan hakimiyyəti küncə sıxışdırılıb”. Niyə? Azərbaycan hakimiyyətini təhrik edirlər ki, filan bloka qoşulsun. “Hakimiyyət küncə sıxılıb…”. Bu açıqlamadan da görünür ki, Əli Həsənov həm ölkənin daxilində, həm də xaricdə indiki hakimiyyətin getməsinə olan təzyiqləri anlayır və bunu iqtidar komandasının təmsilçisi kimi ifadə edir. Bu həm də, hazırkı iqtidar komandasının dünyadan gələn təzyiqlər qarşısında manevr imkanlarını itirdiyinin göstəricisidir. Bu cür vəziyyətlərdə müxalifəti ittiham etmək ölkədə yaranmış narazılıqların əsas səbəblərindən diqqəti yayındırmaqdır. Əli Həsənov sonra Ilham Əliyevin bu təzyiqlərlə şəxsən üzləşdiyinə işarə edərək deyir: “Ilham Əliyevin düşüncəsi millətimizin gələcəyi ilə bağlıdır. YAP-ın yürütdüyü siyasət Azərbaycan xalqının gələcəyidir, milli birliyin, milli maraqların qorunmasıdır. Ilham Əliyev heç bir xarici dövlətə söykənməyib, bundan sonra da söykənməyəcək. Heç bir xarici güc Ilham Əliyevi müstəqillik iradəsindən az da olsa geriyə çəkindirə bilməyib və çəkindirə bilməyəcək!”. Bu o deməkdir ki, Əli Həsənov etiraf edir ki, Elmar Məmmədyarovun Israilə və Moskvaya, Ramiz Mehdiyevin Irana, Səməd Seyidovun Amerikaya olan səfərləri Azərbaycan hakimiyyəti üçün nəticəsiz başa çatıb. Əgər belə olmasaydı Əli Həsənov dünyanı Azərbaycan hakimiyyətinə təzyiq etməkdə ittiham etməzdi. Məlumdur ki, dünya siyasətinə təsir edən mərkəzlər yuxarıda adı çəkilən dövlətlərdir. Bu mənada Azərbaycan hakimiyyəti əli hər tərəfdən üzülmüş, isterika içərisində dünyaya əsəb nümayiş etdirən bütün diktaturalar kimi, daxildə düşmən axtarışı ilə məşğuldur. Bunun nəticəsi xalqdan tamam ayrılmaq və tarixin xatırlanması arzu olunmayan hissəsinə çevrilməkdir.