Dövlət naziri: «Mövcud viza problemi ticarəti, turizmi, dostluq və qardaşlığı təəssüf ki, əngəlləyən xarakterdədir»
Zəfər Çağlayan: «Azərbaycanla ticarət dövriyyəmiz iki ölkəyə, iki qardaşa yaraşan rəqəm deyil»
Türkiyənin xarici ticarətə cavabdeh dövlət naziri Zəfər Çağlayanın müsahibəsini ixtisarla dərc edirik.
– 90-cı illərin sonlarından 2000-ci illərin əvvəlinə doğru Azərbaycanın xarici ticarət dövriyyəsində Türkiyənin payının xeyli azaldığına şahid olmuşduq. Münasibətlərin bugünkü səviyyəsi barədə nə demək istərdiniz?
– Təəssüf ki, Azərbaycan ilə Türkiyə arasında olması lazım gələn ticari nöqtəyə gələ bilmirik. Hazırda Türkiyənin 300 mlrd. dollardan çox xarici ticarət dövriyyəsi var. Biz dünyanın bütün bölgələrinə 20 min növdən çox məhsul ixrac edirik. Ixracatımızın 50%-i Avropa Birliyi ölkələrinədir. Azərbaycanla ticarət dövriyyəmiz təxminən 2,5 mlrd. dollardır. Bu, iki ölkəyə, iki qardaşa yaraşan rəqəm deyil. Bu rəqəmlərin daha yüksək olması lazımdır və biz bunu rahat şəkildə yapa bilərik. Gürcüstanla Türkiyə arasında imzalanmış sərbəst ticarət sazişini Azərbaycanla da imzalayaq, bəzi məhsullarda bir-birimizə gömrük üstünlüyü verək, bu yolla ticarətimizin dövriyyəsini daha da artıraq. Azərbaycanlı qardaşlarımız Türkiyəyə sərmayə qoysunlar. Bir çox türk iş adamının Azərbaycanda investisiyası var, bunun daha da artmasını istəyirik. Biz həqiqətən bir millətik. Ancaq təəssüf ki, bir millət olmağın üstünlüklərini ticarətdə həyata keçirə bilmirik.
Əgər lazımi addımları atsaq, hazırkı ticarət dövriyyəmizi 4-5 dəfə artırmaq çətin deyil.
– Azərbaycan-Türkiyə ticarət dövriyyəsini istənilən səviyyəyə çatdırılmasının önündə hansı əngəllər var?
– Biz Azərbaycana viza tətbiq etmirik. Hörmətli baş nazirimiz iki ölkə arasındakı viza rejiminin tamamilə ləğv edilməsini hərarətlə dəstəkləyir. Biz bunu dünyaya izah etməkdə çətinlik çəkirik. Hazırda Rusiya ilə də vizaları ləğv edirik. Artıq vətəndaşlarımız bir çox ölkəyə vizasız gedə bilir. Təkrar deyirəm: Azərbaycanla aramızda mövcud olan viza problemi ticarəti, turizmi, dostluq və qardaşlığı təəssüf ki, əngəlləyən xarakterdədir. Ona görə burada çox sürətli şəkildə vizanı ləğv etməyimiz, iş adamlarının önündəki əngəlləri aradan qaldırmağımız, gömrük sahəsindəki maneələri aradan qaldırmaq lazımdır: bu, ticarətimizi xeyli inkişaf etdirəcək. Prezident Ilham Əliyevlə Bakıdakı görüşümüzdən sonra Naxçıvanla iqtisadi münasibətləri gücləndirməyi qərarlaşdırmışdıq. Yaxın keçmişdə bir çox iş adamını da heyətimizə daxil edərək Naxçıvana getdik. Oradakı görüşlərimizdə Gürcüstanı da ehtiva edəcək bir sərbəst ticarət zonası yaradılması məsələsini müzakirə etdik. Bu mövzuda irəliləyişə nail olmağımız lazımdır. Sərbəst ticarət sazişi barədə təklifimizi Bakıya çatdırmışıq. Biz bu məsələlərlə bağlı azərbaycanlı qardaşlarımızın konkret addımlar atmasını gözləyirik. Bunları həyata keçirsək, ticarət dövriyyəmiz də yüksələcək, bir-birimizlə daha çox qaynayıb-qarışacağıq.
– İnvestisiya sahəsində Türkiyənin azərbaycanlı sərmayədarlar üçün xüsusi təşviqləri varmı? Və ya Azərbaycan tərəfi Türkiyə iş adamlarına hansısa təşviqlər tanıyırmı?
– Türkiyənin çox önəmli sərmayə təşviqləri var. Azərbaycanda da müəyyən təşviqlər var. Əslində bu təşviqləri görməyən iş adamları başqa ölkəyə heç vaxt investisiya qoymaz. Bir kapitalistin bir yerə sərmayə qoyması üçün orada önəmli şərtlər görməsi lazımdır. Buraya sərmayə təşviqlərindən əlavə, keyfiyyətli kadr, xammal, mal ixrac edəcəyi bazarlara yaxınlıq və s. amillər daxildir. Burada sərmayə qoyulan ölkənin gömrük qaydaları son dərəcə önəmlidir. Iş adamı enerjini ucuz əldə edərsə, ucuz iş qüvvəsi tapa bilərsə, gedib o ölkəyə sərmayə qoyur. Yoxsa hal-əhval tutmaq üçün heç kim başqa ölkəyə investisiya qoymaz. Ancaq söhbət Azərbaycandan gedəndə, mən bizim iş adamlarımızın böyük əksəriyyətinin qardaşlıq duyğusu, “Bir millət, iki dövlət” duyğusu içində Azərbaycana investisiya qoyduğunu bilirəm. Türkiyəyə sərmayə qoyulması məsələsində biz sərbəst bazar qaydalarına axıra qədər riayət edirik. Buraya investisiya qoyan hər hansı iş adamı öz gəlirini istədiyi vaxt istədiyi yerə göndərməkdə sərbəstdir. Türkiyədə bir gündə şirkət qurulur. Əgər bir azərbaycanlı qardaşımız Türkiyəyə investisiya qoyursa, burdan dünyanın bir çox yerinə gömrüklərdən azad şəkildə mal sata bilir. Türkiyə Avropa Birliyi ilə sərbəst gömrük sazişi imzalayıb və biz AB-nin 27 ölkəsinə gömrük vergisi olmadan mal satırıq. Azərbaycanlı qardaşım eyni malı o ölkələrə Azərbaycandan göndərmək istəyəndə gömrük vergiləri ödəmək məcburiyyətində qalır.
Biz eyni zamanda Şimali Afrika və Orta Şərq ölkələrinə də gömrüksüz mal göndəririk. Amma Qarabağ məsələsi ədalətli şəkildə həll edilməyənə qədər Türkiyə Ermənistanla heç bir münasibət yaratmaz. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Iqtisadiyyatları sadəcə enerjiyə bağlı olan ölkələr dünyada enerji qiymətləri yüksələndə zəngin olur. Enerjinin qiyməti aşağı düşəndə isə o ölkələr kasıblaşırlar. Dünyada heç bir şeyin qiyməti daim yüksəlməz. Ürək stenoqramı kimi qiymətlər bir aşağıya, bir yuxarıya gedər. Ona görə də Azərbaycan iqtisadiyyatının daha çox inkişaf etməsi orada sənaye və ticarətin daha çox inkişaf etməsinə bağlıdır. Bu gün dünyada gəlirini böyük ölçüdə enerjidən əldə edən ölkələr sənaye sektorunun, xidmət sektorunun inkişafına diqqət yetirməsələr, ciddi problemlərlə qarşılaşa bilərlər.
– Keçən ilin martında Bakıdakı türk iş adamları ilə görüşünüzdə onların bəzi sıxıntıları olduğuna dair xəbərlər çıxmışdı. O sıxıntılar aradan qaldırıldımı?
– Mən sizə bir sərmayədarın bir ölkəyə investisiya qoymasının səbəblərini dedim: bank sistemi liberaldırsa, bürokratik əngəllər olduqca azdırsa, təsirli bir ədliyyə sistemi varsa, iş adamları o ölkəyə investisiya qoyur. Iş adamları beynəlxalq məhkəmələrdə öz haqlarını qoruya bilməlidirlər. Nə demək istədiyimi hər halda, anlayırsınız. Türkiyə Cümhuriyyəti 1923-cü ildə qurulub. 2003-cü ilə qədər ölkəmizə gələn ümumi əcnəbi sərmayənin miqdarı 14,5 mlrd. dollardır. AKP hökuməti gələndən sonra tam sərbəst bazar iqtisadiyyatı qaydaları tətbiq etməyə başladı və iqtisadi sabitlik əldə edildi. Istəyən şirkət gəlirini və sərmayəsini rahat şəkildə dünyaya göndərə bilir. Bunun sayəsində qlobal iqtisadi böhrana baxmayaraq, son 7 ildə bizim ölkəmizə 90 milyard dollar, yəni 7 ildə bizdən əvvəlki 80 ildəkindən 6 dəfə çox əcnəbi sərmayə gəlib. Bu sərmayənin 70%-i Avropadan gəlib. Avropalılar bizim islahatlarımıza önəm verməsəydilər, bura gəlməzdilər. Dünyadakı bütün ölkələrin əcnəbi sərmayəyə ehtiyacı var. Biz Azərbaycanın bölgədə güclü bir ölkə olmasını istəyirik. Bunun üçün Azərbaycan iqtisadiyyatının daha çox şaxələndirilməsi lazımdır(APA).