Həbsdə olan «NİDA» Vətəndaş Hərəkatının üzvü Məhəmməd Əzizov iyunun 2-dək cəza kamerasına salınıb. Bu barədə AzadlıqRadiosuna «NİDA»-nın üzvü Namiq Hüseynli məlumat verib: «Kürdəxanı həbsxanasında saxlanan «NİDA»çılara yemək, kitab aparmışdıq. Digərlərinə gətirdiklərimizi həbsxana nəzarətçiləri götürsə də, Məhəmmədə gətirdiklərimizi geri qaytardılar. Bildirdilər ki, o, rejim qaydalarını pozduğundan cəza kamerasına salınıb. Amma konkret nə etdiyini soruşduqda cavablamalıdır». Məhəmməd Əzizovun vəkili Fariz Namazlı bildirib ki, onunla sonuncu dəfə ötən həftə görüşüb: «Məhəmmədin nə vaxt və nəyə görə cəza kamerasına salınmasından xəbərsizəm. Sabah onunla görüşməyə çalışacam». Fariz Namazov sonuncu dəfə Məhəmmədlə mayın 24-də görüşüb. Həmin gün Məhəmməd Əzizov Azərbaycan Televiziyasını və Milli Təhlükəsizlik Nazirliyini məhkəməyə verib. O, MTN-nin AzTV-yə istintaq materiallarını ötürməsinin qanunsuz hesab olunmasını, 9 mart 2013-cü ildə AzTV-də yayımlanan süjetdə iddiaçının təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunun tanınmasını, AzTV-nin «Xəbərlər» buraxılışında ondan üzr istənilməsini istəyir. Məmməd Əzizov martın 7-də həbs olunub. O, narkotik maddə saxlamaqda ittiham olunub. «Amnesty International» təşkilatı onu «vicdan məhbusu» elan edib. Hazırda «NİDA»nın 7 üzvü həbsdədir. Onlar narkotik və qanunsuz silah saxlamaqda ittiham olunurlar.