«Artıq bir subyekt olaraq xalq siyasi meydana çıxır və etirazını bildirməyə başlayır»
«Beynəxlaq güclərin Azərbaycanla bağlı yekdil qərarı var»
Mehman Əliyev: «Coğrafi, ideoloji nöqteyi nəzərdən Azərbaycanın bütün palitrası Milli Şurada təmsil olunacaq»
Müsahibimiz “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevlə söhbətimizin əsas mövzusu Milli Şura və müxalifət düşərgəsində baş verən proseslərlə bağlı oldu. Hazırda Milli Şuranın yaradılması ilə bağlı ciddi, gərgin danışıqlar getməkdədir.
– Mehman bəy, Milli Şura ideyası barədə nə düşünürsünüz və prosesdə sizin iştirakınız hansı səviyyədədir?
– Milli Şura ideyası birbaşa prezident seçkiləri ilə bağlıdır. Son zamanlar Azərbycanda cərəyan edən proseslərə diqqət yetirmək lazımdır. Bir sıra regionlarda etiraz aksiyalarının şahidi olmuşuq. Bundan başqa, müəssisələrdə tətillər olub, gənclər bir neçə aksiya keçirib. Yəni artıq bir subyekt olaraq Azərbaycan xalqı siyasi meydana çıxır və öz etirazını bildirməyə başlayır. Bu halda siyasi qüvvələr, ictimai xadimlər başa düşürlər ki, xalqın istəyini həyata keçirmək, öndə getmək bu prosesdə onların birbaşa öhdəliyi, missiyasıdır. Bu çox vacib məsələdir. Ona görə bu gün Milli Şura ilə bağlı danışıqlar gedir. Təşkilatda siyasi partiyaların, ictimaiyyət, media nümayəndələrinin, regionlardan tanınmış şəxslərin təmsilçiliyi nəzərdə tutulub. Coğrafi, ideoloji baxımdan Azərbaycanın bütün palitrası bu təşkilatda təmsil olunacaq. Bu çox mühüm məqamdır. Əsas məqsəd xalqın istəyini bu seçkidə həyata keçirməkdir.
– Mehman bəy, siz dediniz ki, regionlarda, müəssisələrdə insanlar artıq hüquqları uğrunda mübarizə başlayıblar. Siyasətçilər də bu etirazları artıq bir sosial sifariş kimi qəbul edirərək, təşkilatlanırlar və Milli Şuranın yaradılması uğrunda iş gedir. Amma hakimiyyətyönlü mətbuat Milli Şuranın yaradılmasını kənar bir qüvvənin təsiri ilə əlaqələndirməyə çalışır. Xüsusilə bu istiqamətdə Rusiyanın adı çəkilir…
– Birincisi, Milli Şuranın yaradılması daxili tələbatdır. Bu bir faktdır və biz bunu müşahidə edirik. Təşkilatın yaradılmasında xarici faktora, Rusiyanın adının hallanmasına gəlincə, bu ölkədə iki milyondan artıq azərbaycanlı yaşayır və işləyir. Rusiyadakı azərbaycanlıların elələri var ki, burada ailələri, yaxınları var. Bu baxımdan Rusiyadan Azərbaycana çox böyük pullar gəlir. Biz onları yalnız Rusiya vətəndaşı kimi qəbul etməməliyik. Onların Azərbaycanla bağlı çox ciddi maraqları var. Onlar Azərbaycandan ona görə gediblər ki, burada yaşamağa, işləməyə şərait olmayıb. Indi onlar vətənlərinə qayıtmaq istəyirlər. Bu baxımdan soydaşlarımızın istəyini Rusiyanın marağı kimi qəbul etmək düzgün deyil. Bu gün Rusiyadakı soydaşlarımız da təşkilatların, bir araya gələrək Azərbaycandakı proseslərdə iştirak etmək istəyirlər. Bu real vəziyyətdir. Amma bu gün Azərbaycanla bağlı gedən proseslərdə yalnız Rusiyanın maraqlarını görmək lazımdır. Azərbaycanla bağlı Rusiyanın, Amerikanın, Avropa Birliyinin, ayrı-ayrı xarici dövlətlərin öz maraqları var. Regionda Iran və Türkiyənin maraqları da var. Amma biz müşahidə edirik ki, bu beynəxlaq güclərin Azərbaycanla bağlı yekdil qərarı var. Bu beynəlxalq güclər artıq Azərbaycan hakimiyyəti ilə işləmək istəmir. Bunun səbəbləri müxtəlifdir. Biz görürük ki, bu gün Azərbaycanın Rusiya, Avropa Birliyi, Iranla, Türkiyə ilə münasibətləri olduqca gərgindir. Bu vəziyyətin yaranmasındasa birbaşa hakimiyyət özü günahkardır. Hazırda Azərbaycanda formalaşmaqda olan Milli Şura ilə həmin xarici qüvvələrin maraqları sadəcə üst-üstə düşür.
Milli Şuranı yaradanlar normal dövlət qurmaq istəyir
– O zaman belə bir sual meydana çıxır. Milli Şuranın təşəbbüskarları sırasında Azərbaycanı dünyaya çıxartmaq etibarı ilə hansı mövqeyin daşıyıcıları var. Bu insanlar Azərbaycanı dünyanın hansı formada tərkib hissəsi kimi görmək isəytirlər?
– Bu qüvvələr Azərbaycanı Avropa Birliyi ölkələri ilə sıx əməkdaşlıq edən, gələcəkdə ölkəmizin Avropa Birliyinin üzvü kimi görmək istəyirlər. Bu qüvvələr Azərbaycanı demokratik, azad, insan və söz azadlığını, bütün haqları qoruyan bir dövlət kimi görmək istəyirlər. Onlar azad biznesin, mülkiyyət toxunulmazlığının tərəfdarıdırlar. Yəni normal dövlət, vətəndaşa xidmət edən hakimiyyət qurmaq istəyirlər. Milli Şuranı yaradanlar bu il 95 illiyini keçirdiyimiz 1918-ci ildəki Azərbaycan Xalq Cumhuriyyətini qurmaq istəyirlər. O zaman bu alınmadı. SSRI dağılandan sonra biz müstəqillik qazansaq da, demokratik dövlət qura bilmədik. O zamandan biz axtarışdayıq. Biz uzun bir yol gedirik. Hamı yorulub bu yolu getməkdən. Hamının artıq istəyi budur ki, hamını düşünən, vətənə, dövlətə xidmət edən hakimiyyəti qurmaq lazımdır. Əsas məqsəd budur.
– Növbəti sualımız Azərbaycan Avropa Birliyi münasibətləri ilə bağlıdır. Bu sualı verməkdə məqsədimiz odur ki, Azərbaycan hazırda həssas dönəmdə yaşayır. Həm seçki ili, həm də qonşuluqda baş verən hadisələr bizi bir qədər tələsməyə məcbur edir. Proseslər xeyli dramatikdir. Bu ilin noybrında Ermənistan, Moldova və Gürcüstanın Avropa Birliyi ilə assosiativ sazişə imza atmağı gözlənilir. Azərbaycan isə hələ də bu sazişdən imtina edir. Bu addımın hansı fəsadları ola bilər?
– Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə sıx əməkdaşlıq qurmaq, Avropa dəyərlərini qəbul etmək istəmir. Çünki Azərbaycan hakimiyyəti rüşvət, korrupsiya, yalan üzərində qurulan bir sistemdir. Bizim ölkədə dövlət vəsaitləri külli miqdarda mənimsənilir və oğurlanır. Yəni Azərbaycanda anormal bir dövlət sistemi var və bu sistem məmur təbəqəsinin, onun ətrafının varlanmasına xidmət edir. Hakimiyyət bu sistemlə vidalaşmaq istəmir. Avropa Birliyi ilə assosiativ mərhələdə əməkdaşlıq isə Azərbaycanın üzərinə əlavə öhdəliklər qoyacaq. Hakimiyyət insan haqları, sahibkarlara normal şərait yaratmağa məcbur olacaq. Çünki 2011-ci ildə Varşavada Avropa Birliyinin zirvə toplantısında iştirak edən Azərbaycan üzərinə öhdəliklər götürmüşdü ki, insan haqları, söz və mətbuat azadlığının qorunması istiqamətində ciddi addımlar atacaq. Iki ildə heç bir proses baş vermədi. Əksinə, geriləmə müşahidə olunur. Bir müddət əvvəl Avropa Birliyinin komissarı Ştefan Füle Bakıya gəlmişdi. Daha sonra isə Ilham Əliyev Avstriyaya səfər etmişdi. Hesab edirəm ki, bu iki səfər birbaşa bu proseslə bağlı idi. Avropa Birliyində çox böyük narazılıq var. Bu gün Qərb tərəfi Azərbaycanı tələsdirir. Onlar istəyir ki, Azərbaycan mövqeyini dəqiqləşdirsin. Çünki Ermənistan, Gürcüstan, Moldova bu istiqamətdə seçimlərini birmənalı ediblər və bunu açıq formada deyirlər. Amma Azərbaycan tərərfi heç bir ciddi cavab vermir. Azərbaycanla bağlı, ümumiyyətlə, vakkum bir vəziyyət yaranıb. Noyabrda Avropa Birliyinin mühüm sammiti gözlənilir və bu tədbirdə Azərbaycanın mövqeyini nümayiş etdirməsini istəyirlər. Avstriyada Ilham Əliyev prezidentlərin birgə deklorasiyasına imza atanda, orada həmin o prinsiplərə öz sədaqətini bildirdi. Amma biz belə sənədlərin imzalanmasını çox görmüşük. Zaman göstərəcək, bu imzalanma prosesinin cüzi də olsa xeyri olacaq, yoxsa yox.
2013-də seçkini saxtalaşdırmaq mümkün olmayacaq
– 2003-cü il Ilham Əliyev hakimiyyətinin başlanması və 2013-cü il bu hakimiyyətin on illik müddətinin başa çatmasıdır. Çox xarakterik bir təqvimdir. Azərbaycan istər azadlıqlar, istərsə də siyasi-iqtisadi, əhalinin rifahı baxımından xeyli dərəcədə geri gedib. Çünki biz ayrı-ayrı beynəlxalq təşkilatların hesabatlarına istinad edirik. 2013-cü ildə Azərbaycan hakimiyyətinin yenidən seçkini, ümumilikdə prosesi saxtalaşdırmaq imkanı olacaqmı?
– Şanslar çox azdır. 2003-cü ildə vəziyyət tamam başqa cür idi. Azərbaycanda Rusiyanın, Amerikanın və başqa dövlətlərin maraqları toqquşurdu. Daxildə birlik də yox idi. Xalq prosesləri subyekt kimi kənardan müşahidə edirdi. Belə bir vəziyyətdə seçkiləri saxtalaşdırmaq asan idi. Bu gün isə xarici qüvvələrin Azərbaycanla bağlı vahid mövqeyi mövcuddur. Bunu Ramiz Mehdiyevin Irana, Səməd Seyidov və Asim Mollazadənin ABŞ-a, Elmar Məmmədyarovun Israilə səfəri də göstərdi. Rusiya ilə bağlı yaşanan son “Eurovision” qalmaqalı da buna bir işarədir. Daha sonra ABŞ-ın Milli Demokratiya Institutu, Avropa Birliyi ilə yaşanan gərgin münasibətləri unutmaq lazım deyil. Beynəlxalq birliyin Azəraycanla bağlı mövqeyindəki yekdil yanaşma mühüm məsələdir. Ikinci məqam, Azərbaycan xalqı bir siyasi subyekt kimi fəaldır və meydanlara çıxmağa hazırdır. Azərbaycan xalqının proseslərə hazır olduğunu ölkədə baş verənlər də sübut edib. Üçüncü məqam isə odur ki, daxildə bütün qüvvələr bir araya gəlib və bu sistemi dəyişməyi vahid məqsəd kimi qarşılarına qoyublar. Daxildəki qüvvələr Azərbaycanı normal, demokratik, insan haqlarının hörmət edildiyi dövlətə çevirmək istəyirlər. Bütün bu üç amil seçkilərdə mühüm rol oynayacaq və biz müsbət nəticəyə gələ biləcəyik.
Seymur Həzi,
Xəyal Şahinoğlu