Partiyanın rayon şöbə üzvləri və rəhbərliyi görünməmiş vəhşiliklə üzləşdi; AXCP iqtidara xəbərdarlıq etdi
Rayon rəhbərliyi yerli təşkilatın iclasına imkan verməmək üçün xüsusi əməliyyat hazırlayıb
Dünən AXCP Ali Məclisinin sədri Həsən Kərimov, partiya sədrinin müavini Gözəl Bayramlı, Ali Məclis üzvləri Təzəxan Mirələmli və Ağaseyid Hüseynov Lerik rayonunda yerli cəbhəçilərlə müşavirə keçirmək istəyiblər. Ancaq əvvəlcədənÿ”hazırlıq” görənÿrayon polisi və Icra Hakimiyyətinin nümayəndələri sözün həqiqi mənasında cəbhəçilərə divan tutublar.
Məlumatlara görə, yerli polis AXCP rəhbərliyini mühasirəyə alaraq, rayona buraxmaq istəməyib. Ali Məclis sədri Həsən Kərimovu itələyərək, kobudluqla maşına mindiriblər. Həsən Kərimovun halı pisləşib, ona hətta su içməyə də icazə verilməyib. Digər cəbhəçi Ağaseyid Hüseynovun avtomobili yararsız hala salınıb və özünü isə polislər döyüb.
Gözəl Bayramlı qəzetimizə açıqlamasında bildirdi ki, onlara qarşı hücum əməliyyatını icra başçısının müavini Cəlil Baxışov və Heydər Əliyevin dostu çoban Xanışın qızı koordinasiya edib. Hətta rayon təhsil şöbəsinin müdiri də öz avtomobili ilə əməliyyata cəlb olunub.
“Bu qədər qanunsuz, qeyri-insani hərəkətlər hakimiyyətin mahiyyətini göstərir. Biz cəbhəçilərlə dinc şəkildə müşavirə keçirmək istəsək də, polis bizimlə düşmən kimi rəftar etdi. Hazırda 4 maşın arxamızca düşüb. Həsən bəyin halı pisləşib. Xüsusi hazırlanmış adamlara yumurta verib yollara düzüblər ki, bizə hücum etsinlər”,- deyə G.Bayramlı qeyd etdi.
AXCP Lerik rayon şöbəsinin sədri Firudunÿ Səmədov isə bildirdi ki, onları yumurta və pomidor atəşinə tutublar:ÿ “Bizi maşına mindirib təhqir etdilər, xüsusi adamlara yumurta verib üstümüzə göndərdilər. Indi də məni ucqar bir kənddə atıb gediblər. 150 nəfər cəbhəçi ilə müşavirə keçirməyimiz hakimiyyəti ÿnarahat edib. Bizim qanuni yığıncağımıza, qeyri-qanuni şəkildə müdaxilə etdilər.ÿ Ölkədə qanun işləmir, insanların həyatına dəyər verilmir”.
Məsuliyyəti İlham Əliyev daşıyır
AXCP Lerik rayonunda partiya üzvlərinə qarşı polis və mülki şəxslərin hücumunun təşkil edilməsilə bağlı bəyanat verib.
Bəyanatda AXCP Lerik şöbəsinin müşavirəsini keçirmək istəyən rayon cəbhəçilərinin və Bakıdan rayona ezam olunan Ali Məclis sədri Həsən Kərimov, partiya sədrinin müavini Gözəl Bayramlı, Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli və partiya fəalı Ağaseyid Hüseynovun hücuma məruz qaldığı, öyrədilmiş adamların onları yumurta atəşinə tutması, avtomobillərini əzməsi xatırladılaraq bildirilir ki, bu “vandalizm aktına” görə məsuliyyət birbaşa siyasi hakimiyyətin üzərinə düşür.
Bəyanatda qeyd olunur ki, Lerikdə baş verənlər Azərbaycan iqtidarının son vaxtlar AXCP-yə qarşı gücləndirdiyi repressiv siyasətin davamı olmaqla yanaşı, artıq bütün əndazənin aşıldığını göstərir. Hakimiyyət təkcə polis və hüquq mühafizə əməkdaşlarını deyil, öz tərəfdarı olan mülki şəxsləri də siyasi rəqibinə qarşı qanunsuz hərəkətlərə sövq edir və bununla ölkədə vətəndaş qarşıdurmasına rəvac verdiyini sanki, anlamır.
Qanuni qeydiyyatdan keçmiş bir partiyanın leqal fəaliyyətinə belə zorakı yollarla mane olmaq qanunun ayaqlar altına atılması ilə yanaşı, hakimiyyət məsuliyyətini anlamamaq deməkdir. Azərbaycan iqtidarı opponentinə qarşı özünün mülki tərəfdarlarını belə, zorakı hərəkətlərə səfərbər etməklə ölkənin siyasi həyatına hansı təhlükəli gələcək vəd etdiyini dərk etmir.
AXCP bəyan edir ki, bütün bu baş verənlərin məsuliyyəti bilavasitə ölkə başçısı və hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin üzərinə düşür. AXCP hesab edir ki, üzvlərinə qarşı getdikcə azğınlaşan, daha absurd xarakter alan qanunsuz hərəkətlər birbaşa İlham Əliyevin bu partiyaya, eləcə də ölkənin prinsipial müxalif qüvvələrinə qarşı düşmən münasibət bəsləməsindən qaynaqlanır.
AXCP iqtidarı üzərinə düşən məsuliyyəti nəhayət dərk etməyə, belə qanunsuz və bütövlükdə ölkə üçün təhlükəli, utancverici hərəkətlərdən çəkinməyə çağırır.
AXCP bəyan edir ki, üzləşdiyi zorakı və qanunsuz maneələr onu haqlı mübarizəsindən və fəaliyyətindən çəkindirə bilməz. İlham Əliyev hakimiyyəti tutduğu yolun səmərəsizliyini anlamalı, siyasi rəqiblərinin, o cümlədən AXCP-nin qanuni fəaliyyətinə imkan yaratmalıdır.
Hakimiyyət dərk etməlidir ki, onun siyasətini qəbul etməyən AXCP-yə, başqa siyasi rəqiblərinə və bütövlükdə fəal ictimaiyyətə qarşı repressiv davranışı xalqın ona nifrətini artırır, cəmiyyətdə qisasçılıq hisslərini körükləyir. Bu isə bir siyasi qüvvə kimi onun gələcəkdə, hakimiyyətdən getdikdən sonra ölkədə fəaliyyət imkanlarını heçə endirir.
İlham Hüseyn