Yeganə Əmiraslanova: «Gör, Azərbaycan kişisini necə sındırırlar»
Nazim Məmmədov: «Onları Allaha tapşırıram»
Yanvarın 20-də Gədəbəy rayonunun Zamanlı kənd sakini Ədalət Hüseynov öz evini yandırmışdı. Yanğın nəticəsində Ə.Hüseynov həlak olmuş, həyat yoldaşı Hökumə Hümbətova və azyaşlı oğlu Tural və Tapdıq müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq əvvəlcə Gədəbəy, sonra Şəmkir rayon mərkəzi xəstəxanasına, daha sonra isə Bakı şəhəri 5 saylı xəstəxanaya yerləşdirilmişdilər.
Ədalət niyə intihar etmişdi?
Hadisədən bir gün sonra əməkdaşımız Zamanlı kəndində olaraq olayın detallarını və səbəblərini öyrənmişdi. Məlum olmuşdu ki, Ə.Hüseynov meşədən ağac kəsdiyinə görə 1000 manat cərimələnib. Çox kasıb dolanan Ədalət inəyini satıb cərimənin 500 manatını ödəyib. Bundan sonra Gədəbəy polisinin əməkdaşları tez-tez onların evinə gələrək Ədaləti təhqir edib və döyüb. Pulun qalanını ödəyə bilməyən Ədalət Hüseynov ailə üzvlərini evə yığaraq benzin töküb evini yandırıb.
Mərhumun həyat yoldaşı Hökumə Hümbətova da mətbuata ilkin açıqlamalarında deyilənləri təsdiqləmişdi.
“Polisin əlindən bir stəkan su içməyə imkan yoxuydu”
Hökumə xanımın o vaxtkı açıqlamasından: “Polisin əlindən bir stəkan su içməyə imkan yoxuydu. Gündə gəlib-gedirdilər. Yoldaşım deyir ki, məni döyəndə onlara ”yazıb prezidentə verəcəm, məni niyə döyürsüz? – dedim. Cavab verdilər ki, prezident oranın prezidentidir, buranın prezidenti bizik”. Ürəyim partlayır. Səbr edə bilmirəm. Dözmək olmur. Istəyirəm özümü öldürüm. Deyirəm kaş ki, mən orda öləydim, balalarımı belə görməyəydim”.
Məsələ ictimailəşdikdən sonra ailəyə təzyiqlər başladı. H.Hümbətovadan verdiyi izahatları dəyişdirmək tələb olundu. Nəhayət, bu təzyiqlər “bəhrəsini” verdi.
“Həmin gün bir neçə nəfər gəlib məni hədələdi ki…”
Ötən gün Hökumə Hümbətova və onun qohumları Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçiriblər. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Gədəbəy rayon sakini Ərəstun Nağıyev deyib: “Bəzi şəxslər təsadüfən baş verən yanğından öz məqsədləri üçün istifadə etməyə çalışırlar”.
Yanğın zamanı xəsarət alan H.Hümbətova isə hadisə zamanı şokda olduğundan mətbuata verdiyi müsahibələrdən xəbəri olmadığını deyib: “Həmin gün bir neçə nəfər gəlib məni hədələdi ki, belə ifadə ver, mən də verdim. Lakin bu hadisə bir faciə nəticəsində baş verib”.
Tədbirdə çıxış edən digər şəxslər isə deputatlığa sabiq namizəd Nazim Məmmədov və Yeganə Əmiraslanovanın bu faciədən öz məqsədləri üçün istifadə etməyə çalışdıqlarını deyiblər. Etibar Hümbətov Nazim Məmmədovun ailəyə heç bir yardım etmədiyini deyib: “Icra hakimiyyətindən, millət vəkilindən başqa heç kim bizə dəstək olmur. Lakin bəzi şəxslər bizə hədə-qorxu gəlməyə və faciədən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Mənə zəng edib deyirlər ki, guya biz pula görə belə danışırıq”.
“Hər kəs öz vicdanı və Allah qarşısında cavab verəcək”
Sabiq millət vəkili, deputatlığa namizəd Nazim Məmmədov isə adının məqsədyönlü şəkildə hallandığını deyib: “Çox təəssüf ki, mənim adımdan belə işlərdə istifadə edirlər. Mən bir Şınıxlı kimi hadisədən xəbər tutub o ailəyə baş çəkmişəm, onlara yardım etmişəm. Hər zaman hüquqları pozulan şəxslərin yanında olmuşam. Hər kəs öz vicdanı və Allah qarşısında cavab verəcək. Mən də onları Allaha tapşırıram”.
“Hökuməni yəqin mətbuat konfransına xərəkdə aparıblar”
Gədəbəydən deputatlığa namizəd olmuş Yeganə Əmiraslanova “Azadlıq”a açıqlamasında bunları deyib:
“Mən şöbə müdiri ilə danışmışam. Deyib ki, Hökumə xanım hələ xəstəxanadan buraxılmayıb. Yəqin onu mətbuat konfransına xərəkdə aparıblar. Srağagün orda olanda vəziyyətləri ağır idi”.
O, Gədəbəyin icra başçısı Kamran Rzazadə haqqında da danışıb: “Görün Kamran Rzazadə nə qədər şərəfsiz əməllərlə məşğuldur. O, indiyə kimi rayonda baş verən bütün hadisələrdən ”təmiz” çıxmağı bacarıb. Biz onun bu hadisədən “təmiz” çıxmasına imkan verməyəcəyik. Kamran Rzazadəni bu hadisə ilə bağlı möhkəm sıxışdırırlar. O, belə tədbir təşkil etməklə vəziyyətdən çıxmağa çalışır”.
Y.Əmiraslanova Hökumə Hümbətovanın qardaşı Etibar Hümbətovun bu cür açıqlamalar verməsinə təəssüf etdiyini bildirib: “Mətbuata ilk açıqlamanı verən adam idi. Demişdi ki, Ədaləti özünüintihar həddinə çatdırıblar. Indi isə başqa cür açıqlama verir. Gör, bu hakimiyyət Azərbaycan kişisini hansı həddə gətirir, necə sındırır? Mən o qadını da qınaya bilmirəm. Canı ilə əlləşən insanı necə qınayım?”.
Elmin