Fuad Qəhrəmanlı: «Avtoritar liderlər cəmiyyətlə qarşıdurmaya getmədən onları maliyyə resurslarından məhrum etmək lazımdır»
Ərəb inqilablarının dünyaya daha bir töhfəsi diktatorların bank hesablarının dondurulması ilə oldu. Artıq xalq etirazları ilə üzləşən diktatorların hesablarına həbs qoyulması ənənəsi formalaşıb. Amma bir məqamı da vurğulamaq yerinə düşər. O da ondan ibarətdir ki, əgər Tunis və Misir inqilablarında diktatorlar hakimiyyətdən getdikdən sonra onların hesablarına həbs qoyulmuşdusa, indi Qəddafi nümunəsində biz onun hələ hakimiyyətdə olduğu bir zamanda hesabına həbs qoyulduğunun şahidi oluruq. Əslində bu, dünyanın diktatorlara qarşı istifadə edə biləcəyi ən effektli silah sayıla bilər. Bir növ “cinin şüşə şüşədə olduğu kimi, diktatorların da canı bank hesablarındadır”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, bu, avtoritar rejimlərlə mübarizədə yeni proyektdir. “Washington Post” qəzetində diktatorlara qarşı mübarizə ilə bağlı gedən məqaləyə toxunan F.Qəhrəmanlı vurğuladı ki, artıq dünya ictimaiyyətində diktatorlara qarşı sərt obyektiv münasibət formalaşmaqdadır: “Diktatorların qəddarlığının önlənməsi üçün ən effektli yol onların maliyyə resurslarının nəzarətə alınmasıdır. Əslində baş verənlər həm Azərbaycana, həm də oxşar rejimlərə Qərbin mesajıdır. Digər tərəfdən, Qərbin diktator rejimlərinə daha bir mesajı Sudan diktatoru Əl Bəşir hakimiyyətdə olduğu müddətdə onun barəsində beynəlxalq axtarışın elan olumasıdır. Dünya artıq o mərhələyə çatıb ki, avtoritar rejimlərlə vidalaşmaq ərəfəsindədir”. F.Qəhrəmanlı hesab edir ki, avtoritar liderlər cəmiyyətlə qarşıdurmaya getmədən onları maliyyə resurslarından məhrum etmək lazımdır.
Siyasi şərhçi Zəfər Quliyevin fikrincə də, avtoritar liderlərlə mübarizənin növbəti mərhələdə məhz bank hesablarının dondurulması istiqamətində aparılması bir normaya çevrilə bilər: “Artıq bank hesablarının məxfiliyi klassik anlamda mövcud deyil. Məhz buna görə Mübarəkin hesabının dondurulması belə tez bir zamanda gerçəkləşdirildi. Digər tərəfdən, yeni dəyişikliyə görə, istənilən vaxt avtoritar liderlərin bank hesabları yoxlanışa məruz qala bilər. Düşünürəm ki, bu, avtoritarizmlə mübarizədə mühüm addımdır. Burada Qərbin vacib siyasi dairələrinin ümumi qərarı olmasaydı bu, mümkün olmazdı. Hakimiyyətdə olan diktatorların hesablarına müdaxilə onların xalqa qarşı mübarizəsindəki inamına da zərbə vurmuş olacaq”. Z.Quliyevin sözlərinə görə, əgər diktatorlar əvvəllər ölkədən qaçaraq, yığdıqları milyonları xaricdə xərcləyəcəklərini düşünürdülərsə, artıq bunun da qarşısı alınacaq.
Xəyal