Corc Vaşinqton Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin Avropa, Rusiya və Avrasiya institutunda Əkrəm Əylislinin “Daş Yuxular” əsəri müzakirə edilib. Mühazirəçilər əsərin hazırki konflikt üzərində müxtəlif təsirləri haqda fikirlərini paylaşıblar.
“Amerikanın səsi”nin məlumatına görə, Corctaun Universitetinin Tarix Departamentindən mühazirəçi Mikayıl Mamedov əsərin Azərbaycanda ciddi etirazlara səbəb olduğunu deyib. O həmçinin əsərin məzmunu haqda konfrans iştirakçılarına qısa məlumat verərək Ermənistan tərəfinin də bu kimi addımlar atmasının hər iki xalqda sülh hisslərinin güclənməsinə kömək edəcəyini düşündüyünü bildirib.
Azərbaycan tərəfdən öz fikirlərini bölüşən politoloq Ülvi Ismayıl Əkrəm Əylislinin Azərbaycanın nüfuzlu yazarlarından biri olduğunu, onun əsərlərinin Şərqi Avropa dillərinə çevrildiyini, romanlarına filmlər, teatrlar səhnəyə qoyulduğunu, milli mükafatlar aldığını söyləyib.
Arsen Xaratyan bu kimi əsərlərin qısa bir müddətdə cəmiyyətdə mənfi fəsadlar yaratsa da, uzun müddət üçün faydalı olacağına inandığını bildirib. O, “Daş Yuxular” əsərinin tarixi deyil, bədii əsər olduğunu vurğulayaraq beynəlxalq ədəbiyyatdan misallar gətirib.ÿ
A.Xaratyan Əkrəm Əylisli kimi yazıçıların hər iki cəmiyyətdə mövcudluğunun tolerantlıq gətirəcəyini deyib.
Forum sual-cavab sessiyası ilə yekunlaşıb.