Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri, millət vəkili Sabir Rüstəmxanlı və Firudin Pərvizniya cümə günü ABŞ Dövlət Departamentində görüş keçiriblər. Bu xəbər Turan-a DAK mətbuat xidmətindən verilib.
ABŞ-ın Azərbaycan səfirliyinin dəstəyi ilə reallaşan səfər çərçivəsində aprelin 26-da DAK həmsədrləri ABŞ Dövlət Departamentində görüş keçiriblər. Görüşdə Güney-Quzey Azərbaycanın bəzi mühüm problemləri ərtafında fikir mübadiləsi olub.
Ermənistanın işğalçılıq müharibəsinin nəticələrinin aradan qaldırılması üçün səlahiyyət verilən Minsk Qrupu həmsədri kimi ABŞ-ın və Rusiyanın bu yöndə fəaliyyətinə toxunulub. Rusiyanın bir əyalətinə dönən Ermənistana heç bir məntiqə sığmayan, milyardlarla təmənnasız hərbi bəxşişlərə və s. yardımlara diqqət çəkilib.
Deputat S.Rüstəmxanlı ABŞ-Azərbaycan münasibətlərinin ədalət prinsipləri üzərində inkişafının bölgənin gələcəyi üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə İran rejiminin anti-Azərbaycan siyasətinə, islam ölkələrində zəruri dəyişikliklərə, “Orta Şərq layihəsi”ndə Güney Azərbaycanın yeri məsələsinə DAK-ın münasibəti də nəzərə çatdırılıb.
DAK həmsədrlərinin ABŞ-a səfəri aprelin 23-dən başlayıb və mayın 2-dək davam edəcək.