“Repressiyalarla narazılıqların qarşısını almaq mümkün olmayacaq”
Fuad Qəhrəmanlı: «Repressiv addımlar hakimiyyətin dəyişən situasiyaya reaksiya verə bilmək qabiliyyətinin olmadığını göstərir»
Hər dəfə ölkədə gərginlik yarananda, hakimiyyətə qarşı çıxışlar açıq formaya keçəndə iqtidar repressiv tədbirlərini gücləndirir. “NIDA”çı gənclərin qondarma ittihamlarla həbsi də bu qəbildən tədbirlərə daxildir. Bu addımların əsas məqsədi isə cəmiyyətin aktivliyinin qarşısını almaq və onun hərəkətverici qüvvəsi olan gəncləri qorxutmaqdır. Bəs hakimiyyətin bu addımları seçki ərəfəsi dövrdə, siyasi ehtirasların qızışdığı vaxtda nəticə verə bilərmi? Elə AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı ilə müsahibəmizə bu sualla başladıq.
– Əslində baş verənlər proseslərin məntiqinə tam uyğundur. Cəmiyyətdə siyasi fəallıq artdıqca, dünənə qədər siyasətdən uzaq olan insanlar demokratik proseslərə qoşulduqca bu hakimiyyəti daha da aqressivləşdirməli idi. Çünki artan vətəndaş faallığı avtoritar rejimi daha çox təhdid edir. Istər regionlarda narazı insanların etiraz aksiyaları, istərsə də gənclərin ölkədə dəyişiklik tələbi ilə meydanlara çıxması iqtidar və müxalifət arasındakı qüvvələr tarazlığını hakimiyyətin əleyihinə dəyişir. Bu səbəbdən də repressiv üsullarla hakimiyyət cəmiyyətdə xof yaratmağa, siyasi fəallığın artan dinamikasını durdurmağa çalışır. Tofiq Yaqublu və Ilqar Məmmədovun həbsi, cərimə sanksiyalarının tətbiqi və son olaraq da “NIDA” Vətəndaş Hərəkatının üzvlərinin şərlənərək həbs olunması insanları qorxutmaq məqsədi güdür. Əslində bu üsullar hakimiyyətin dəyişən situasiyaya adekvat reaksiya verə bilmək qabiliyyətinin olmadığını göstərir. Bir halda ki, gənclər kütləvi şəkildə siyasətə qoşulurlar, dəyişiklik istəyirlər, regionlarda insanlar problemlərin həlli tələbi ilə kütləvi etirazlara qalxırlar, deməli, əvvəlki inzibati üsullarla prosesləri nəzarətdə saxlamaq mümkün olmayacaq. Siyasi represiya və həbslər yeni deyil, həmişə olub. Amma son vaxtlar baş verənlər onu göstərir ki, daha bu üsullar ilə xalqı nəzarətdə saxlamaq üçün yararlı deyil. Insanları iqtidara qarşı etiraza qaldıran korrupsiya, məmur özbaşınalığı, ədalətin yoxluğu kimi problemlər bu hakimiyyətin mahiyyətindən qaynaqlanır. Hakimiyyət islahatlara gedib bu məsələləri həll edə bilmirsə, cəmiyyətdə etiraz enercisi də artmaqda davam edəcək.
İqtidar təbliğat siyasətində “Azadlıq”a uduzur
– “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı da xüsusi ittiham qaydasında məhkəməyə müraciət olunub. Qəzetimiz iri məbləğdə cərimələnib. Hakimiyyət təzyiqlərini bir deyil, bir neçə istiqamətdə gücləndirməkdədir. Müstəqil mediaya olan bu təzyiqləri necə dəyərləndirmək olar?
– Qənimət bəyə qarşı bu təzyiqlər həm də onun “Azərbaycan Saatı” proqramı ilə bağlıdır. Tunisdəki prosesləri digər ölkələrə məhz “Əl-Cəzirə” kanalı tirajladı. Bu baxımdan “Azərbaycan Saatı” proqramı iqtidarın insanlarda yaratdığı streotipləri dağıdaraq, onların gözünü açmaqda, bu rejimin onların problemlərinin əsl səbəèbkarı olduğunu göstərməkdədir. Buna görə də indi Qənimət bəyi cəzlandırmaqla həm də bu proqramı susdurmaq istənilir. Ancaq Qənimət bəy siyasi represiya aparatının üstünə gedən bir demokratiya fədaisidir, onu bu yolla susdurmaq mükün deyil. O cümlədən də “Azadlıq” hər gün bu rejimin təməllərini sarsıdır, cəmiyyəti dəyişikliklər uğrunda mübarizəyə sövq edir. Iqtidar bu qədər resursla təbliğat siyasətində “Azadlıq”a uduzur. Ona görə də onu susdurmaq üçün hər cür absurd bəhanədən istifadə etməyə çalışır.
– 2013-cü il seçkisi sosial medianın ölkədə baş verənləri sürətli şəkildə ictimaiyyətin diqqətinə çatdırdığı bir seçkidir. Bu üzdən bir müddət əvvəl sosial şəbəkələrdəki aktiv gənclər təzyiqlərə məruz qalırdılar. Eyni zamanda ineternet medainın da rolu durmadan artır. Amma hakimiyyət bu resursları nəzarətə almağa çalışır…
– Müasir dövrdə sosial media avtoritar rejimlərin qəniminə çevrilib. Avtoritar idarəçilik informasiya üzərində sərt nəzarət yolu ilə insanları ölkədə baş verənlərdən bixəbər saxlamağa çalışır. Ancaq sosial media informasiya üzərindəki bu nəzarəti sıradan çıxararaq insanlara ölkədə baş verənlərlə bağlı operativ məlumat almaq imkanı yardır. Eyni zamanda insanlara bu məlumatların müzakirəsində iştirak etməyə fürsət verir. Məhz bu səbəbdən də sosial şəbəkələr insanları məlumatlandıraraq səfərbər edir. Nəticədə onlar fəal etirazçı qruplara çevrilirlər. Bizdə də bu proses başlayıb və artıq gənclər “facebook” vasitəsi ilə kifəyət qədər kütləvi etiraz aksiyaları keçirə bildiklərini göstəriblər. Bu proses hakimiyyət islahatlara getmədikcə daha da kütləviləşəcək, bir mərhələdən sonra iqtidar da anlayacaq ki, o artıq ayrı-ayrı internet fəalları ilə deyil, bütövlükdə gənc nəsil ilə qarşı-qarşıya dayanıb. Bu gün sosial şəbəkələr artıq ictimai rəyi məyyənləşdirən bir quruma çevrilib və iqtidarın nəzarətindəki TV-lər bu prosesdə öz əhəmiyyətini itirdiyi üçün müxalif mövqe ictimai rəydə dominat faktora çevrilib.
Qərbin dəstəyi daxildəki proseslərdən asılıdır
– ABŞ-ın ölkəmizdəki səfiri son müsahibəsində eyham vurub ki, ABŞ-ın Azərbaycanda qarşıdan gələn seçkilərdə gözləntisi normal seçkinin keçirilməsidir. Eyni zamanda o vurğulayıb ki, seçkidə növbəti prezidentin kim olacağını xalq müəyyənləşdirəcək. Diplomatik dildən bu açıqlamanı necə tərcümə etmək olar?
– Daxili siyasi proseslərdə Qərb diplomatlarının fikirlərinə indeksləşərək, demokratik proseslərin perspektivini planlaşdırmaq doğru deyil. Bu gün ABŞ demokratiyanı xarici siyasətinin piroritetlərindən biri kimi təqdim edir. Ancaq bu enerji, təhlükəsizlik və iqtisadi maraqların demokratik ideallara qurban veriləcəyi anlamına gəlmir. ABŞ xarici siyasəti realizmə əsaslanır və xalq olaraq gücümüz hesabına ölkədə dəyişiklik edəcək qüvvəyə çevrilməyənə qədər Qərb də demokratik proseslərə bir mənalı dəstək ifadə etməyəcək. Bu baxımdan Morniqstarın müsahibəsində “prezidentin kim olacağını Azərbaycan xalqı müəyyənləşdirəcək” sözləri heç bir siyasi mövqe ifadə etmir. Çünki bu ifədələri indiki iqtidar mənsubları da işlədirlər və kimsə sözdə bunun əksini iddia etmir. Bir halda ki, Ukraynaya tətbiq olunan “Maqnintski qanunu” Azərbaycana tətbiq oluna bilmir. Deməli, hələlik biz o vəziyyəti yarada bilməmişik ki, ABŞ demokratik prosesləri birmənalı şəkildə dəstəkləsin. Qərbin dəstəyini almağın yolu xalqımızın siyasi proseslərdə daha fəal iştirak etməsindən keçir. ABŞ və digərləri də ölkədəki qüvvələr nisbətinə baxıb mövqe müəyyənləşdirəcəklər. Seçkinin saxtalaşdırılması ölkədə siyasi böhrana, sabitliyin pozulmasına səbəb olacaqsa, Qərb o halda hakimiyyətdən demokratik seçki keçirilməsini istəyəcək. Yox, saxta seçki nəticələrinə qarşı böyük ictimai müqavimət ortaya qoymaq mümkün olmayacaqsa, o zaman Qərb də nəticələri qəbul etməli olacaq.
İqtidar yaratdığı problemlərin qurbanına çevriləcək
– Son günlərin gündəmdə olan mövzularından biri də əsgər ölümləridir. Bu qədər ictimai etiraz olmasına baxmayaraq nədən hakimiyyət bu prosesin qarşısını almaq istəmir?
– Yox, deməzdim istəmir, istəyir, özü də hamıdan daha çox. Çünki bu əsgər ölümlərinə görə ictimai qəzəb birbaşa bu iqtidarın üzərinə yönəlir. Ancaq bunun qarşısını almaq imkanında deyillər. Çünki korrupsiya, yararsız kadr siyasəti, daxili qruplaşmaların mövcudluğu, idarəetmə metodunun yararsızlığı və s. faktorlar mövcud problemləri həll etməyə imkan vermir. Bundan ötrü orduda islahatlar aparılmalı, məsuliyyət daşıyan şəxslər cəzalandırılmalıdır. Bu, hazırkı hakimiyyətin iradəsi xaricində olan məsələdir. Ona görə də Ilham Əliyev əsgər ölümlərinə etiraz edənlərin tələblərini nəzərə almaq əvəzinə, onları “antimilli ünsür” adlandıraraq, mövcud vəziyyətin əsl səbəbinin onun hakimiyyəti olduğunu etiraf etdi. Təkcə hərbidə deyil, digər sahələrdə də eyni vəziyyət hökm sürür. Ancaq hakimiyyət mahiyyətindən qaynaqlanan problemləri heç bir sahədə həll etmək gücündə olmadığı üçün əslində iqtidar yaratdığı problemlərin də qurbanına çevriləcək. Bu gedişatı görmək və vaxtında islahatlara getmək lazımdır. Sonra gec olacaq.
Nə Qərb, nə Rusiya hakimiyyətə qəyyumluq etməyəcək
– Budəfəki seçkinin daha bir özəlliyi hakimiyyətin bir qayda olaraq seçki saxtakarlığını ört-basdır etmək üçün arxalandığı Rusiya və Iranla münsibətlərinin gərgin olmasıdır. Bu məqam qarşıdaki seçkiyə necə təsir edə bilər?
– Ümumiyyətlə, bu gün hakimiyyət xarici siyasətdə çox çətin problemlərlə üzləşib. Rusiya ilə münasibətlərdə yaranan gərginlik iqtidarda daha çox narahatlıq yaradır. Çünki ruslar diplomatik ifadələrlə, siyasi jestlərlə məsələlərə münasibət bildirməklə kifayətlənməyə bilərlər. Rusiya yaxın qonşularında, özünün təsir zonası saydığı ərazilərdə adətən, maraqlarını təmin etmək üçün daha praktik üsullar seçir və lazım olanda əməliyyat tədbirlərinə də əl atır. Bu gün daxili faktorların və hakimiyyət daxili amilləri nəzərə aldıqda Rusiya və Iran üçün Azərbaycanda real əməliyyat şərtləri mövcuddur. Kriminal qruplarla işdən tutmuş, biznes çevrələri, etnik amil, iqtidar daxilində idarə olunan qrupların mövcudluğu, Qarabağda hərbi əməliyyatlar və s. faktorlar seçki ərəfəsində təsir vasitəsi kimi istifadə oluna bilər. Ona gürə də, bu dəfə seçkilərdə hakimiyyət üçün ən ciddi problemlərdən biri də Rusiyadan gələn təhdidi neytrallaşdırmaq olacaq. Reallıq da ondan ibarətdir ki, bu dəfə seçkilərin saxtalaşdırılması ilə bağlı nə Qərb, nə də Rusiya hakimiyyətə əvvəlki kimi qəyyumluq edəcək.
– İlham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibəsində 3-cü dəfə namizədliyini irəli sürməklə bağlı qəti qərar qəbul etmədiyini bildirmişdi. YAP-ın növbəti qurultayı avqust ayına təsadüf edir. Hakimiyyətin fərqli namizədi ola bilərmi?
– Vəziyyət çox mürəkkəbdir. Təbii ki, Ilham Əliyev növbəti dəfə hakimiyyətdə qalmağa çalışacaq. Ancaq onun bu günə qədər bu məsələ ilə bağlı qəti mövqe bildirməməsi daha çox proseslərin inkişaf istiqamətini nəzərə alması ilə bağlıdır. Əgər cəmiyyətdə onun üçüncü dəfə namizədliyinə qarşı böyük ictimai etiraz olacaqsa və ya ölkədəki vəziyyət hakimiyyətin nəzarətindən çıxa biləcək səviyyədə gərginləşəcəksə, xarici amillər bu iqtidarın davam etməsinə qarşı olacaqsa, o zaman o namizəd olmaya bilər. Yox, bu şərtlər olmayacaqsa, aydındır ki, o növbəti dəfə də iqtidarı əlində saxlamağa çalışacaq. Iqtidarın fərqli namizədinin olması iqtidardaxili qrupların uzlaşması və bəzi xarici güc mərkəzlərinin razılığı ilə həll oluna bilər. Indiki halda isə belə bir konfiqurasiyanı qurmaq real görünmür. Əks təqdirdə irəli sürüləcək başqa namizədlə iqtidarın indiki mürəkkəb şərtlər çərçivəsində ayaqda qalması mümkün olmayacaq.
– Seçki yaxınlaşır. Bəs müxalifətin hazırlıqları nə yerdədir?
– Bu gün müxalifət olaraq bizim məqsədimiz ilk növbədə ölkədə vəziyyəti dəyişməkdir. Bundan ötrü isə IP də daxil olmaqla müxalifətin daha geniş seçki ittifaqının yaradılmasına nail olmamız gərəkdir. Bizim istər seçkidə iştirak, istərsə də digər fərqli qararımız olacaqsa, onun səmərəsi böyük birliyin yaranmasından asılı olacaq. Bu prosesi sürətləndirib cəmiyyətə hakimiyyəti idarə edəcək lideri və komandanı, proqramı təqdim etməyimizin zamanı yetişib.
Xəyal