Paytaxtda “əsgər” döyüşü: polis zorakılığı effek vermədi; rejimin güllələri boşa getdi
“Bu gün hakimiyyətin, İlham Əliyevin daha bir silahı boşa çıxdı. Deyərdim ki, hakimiyyət son güllələrini atdı. Atdı, amma onların hamısı boşa getdi. Haqqı zorla sındırmaq olmaz, bunu gərək əvvəlcədən biləydilər”.
Martın 10-da Bakının mərkəzində polisin güllə, səs bombaları, su şırnağına məhəl qoymadan keçirilən aksiyadan sonra AXCP sədrinin müşaviri Asif Yusifli bu açıqlamanı bizə verdi. Qarabağ qazisi olan Asif Yusifli yayda avtoqəza keçirib, ona görə hələ də qoltuq ağacları ilə gəzir. O bu vəziyyəti ilə aksiyaya qoşulanlar arasında idi: “Qarabağ dərdi olan bir ölkədə əsgər ölümlərinə hakimiyyətin susqunluğu bütün vicdanlı vətəndaşlar kimi məni də sakit saxlaya bilməzdi”.
Rejimin hədə-qorxusu effekt vermədi
Əsgər ölümlərinə etiraz olaraq martın 10-na təyin olunan aksiyanın möhtəşəm alınacağına əsaslar da güclü idi, əks arqumentlər də. “Alınacaq” deyənlər aksiyanın “facebook”dakı təbliğatına işarə edirdilər: aksiya gününə qədər 200 mindən artıq insana mitinqlə bağlı dəvət göndürülmişdi. 20 min insan isə aksiyaya qatılacağını bildirmişdi. Amma hökumət də boş dayanmamışdı: bu vaxta qədər keçirilən aksiyalarda saxlananlar böyük miqdarda cərimələnmişdi, həbslər olmuşdu, aksiyadan bir gün əvvəl telekanallarda çaşdırıcı informasiyalar yaymışdılar ki, mitinqin vaxtı dəyişdirilib. Ən mühümü bir gün əvvəl həbs olunan “NİDA”çı gənclər efirə çıxarılmış, onlardan “səmimi etiraflar” alınmışdı. Amma bunların heç biri alınmadı. Aksiyanın təyin edildiyi vaxta – günorta saat 3-ə qalmış artıq Fəvvarələr meydanı gənclərlə qaynamağa başlamışdı.
Yenə mənasız və işə yaramayan canlı sədlər
Polisin budəfəki aksiyaya xüsusi hazırlaşdığı hələ erkən saatlarından bilinirdi. Fəvvarələr meydanında mülki geyimli güc orqanları əməkdaşları gəzişir, iki-iki, üç-üç topalaşnları dinləyirdilər. Fəvvarələr meydanın dörd bir yanında xüsusi texnika və polisdən qat-qat sədlər çəkilmişdi. Saat 2-də artıq meydana giriş məhdudlaşdı. Polislər sipər çəkərək ərazidəki adamları hətta evlərinə də buraxmırdılar.
Güllələr boş gedir…
Saat 3-də meydan tam dolmuşdu. Ətraf küçələr də insanlarla aşıb daşırdı. Hamı sanki bir komanda gözləyirdi. Elə bu an Fəvvarələr meydanına birləşən küçələrin birindən cəbhəçi gənclərin kalonu şüarlarla daxil oldu. “Əsgərimiz ölməsin, ordu morqa dönməsin” şüarı meydan üçün səfərbəredici komanda oldu.
Sıralara düzülən aksiyaçılar elə ilk andan cəsurluq etdilər. Onlar düz polisin cəmləşdiyi mərkəzə (McDonalds-ın önü) doğru yürüş etdilər. Keçən aksiyalardan fərqli olaraq polis bu dəfə cəld tərpəndi. Müdaxilə həmən başladı və bu, yeni çalar oldu.
Etirazçı kütlənin üzərinə 3 xüsusi texnika ilə həmlə başlandı. Onlardan mərkəzdəki su fışqırdırdı, sağdakı vahiməli səs yaradırdı, o birindən isə rezin güllələr atılırdı. Güllələr yerə və insanların başı üzərinə sıxılırdı. Texnikanın dalınca isə Çevik Polisin dəbilqəli əsgərləri gəlirdi. Qabaqlar görünməyən fenomen də elə bu zaman yarandı. Nə güllə, nə qulaqbatırıcı səs, nə təzyiqlə vurulan suyun qarşısında heç kim qaçmırdı. Hətta ayrı-ayrı insanlar tapıldı ki, su şırnağının önündə nümayişkarənə dayandılar. Kütlənin bu müqaviməti qarşısında polisin başını itirdiyi aydın görünürdü.
İnsan iradəsi önündə susan silah və texnika
Texnika vasitəsi ilə meydan bir dəfə təmizləndi. Amma sakitlik çox ani sürdü. Meydanın əks tərəfindən yenidən toparlanma baş verdi. Bu dəfə də etirazçılar meydan oxudular: yürüş yenə düz polisin üzərinə oldu.
Polis qüvvələri yenə eyni davanaşı seçdilər – güllə, səs bombası və su şırnağı. Aksiyaçılar isə bu dəfə daha mərdanə dayandılar. Onlar texnikanın qarşınsından qaçmayaraq, yerə oturdular. Hicablı bir xanım isə tək üç texnikanın qarşısını kəsdi. Bu hadisə aksiyanı kənardan izləyənləri belə təsirləndirdi. Dörd bir yandan hakimiyyətin, polisin ünvanına nifrinlər yağırdı. Hadisələrin bu məqamında polisin fiziki zorakılığı ilə həbslər başladı.
Polis təkcə fəallara deyil, şəhid ata və analarına qarşı ifrat zorakılıq edərək, onları yerlə sürüyürdü. Qıraqdakıların “Bu insalar övladlarını itirib ki, onları döyəsiniz?” deməsi də polislərə kar etmirdi.
İnsanları boğmaq istəyi
Həbslərdən sonra növbəti, 3-cü dalğa yarandı. Bu dəfə “erməni kilsəsi” tərəfdən həmlə baş verdi. Əllərində milli bayraq və əsgər fotolarını tutan aksiyaçılar meydana yürüdülər. Onların ətrafında tezliklə böyük bir insan seli formalaşdı. Bu dəfə onlara zərərsizləşdirmək üçün şəxsən Bakı Şəhər Baş Polis İdarəsinin rəsi müavini Səhlab Bağırov komanda verdi. Komanda açıq eşidildi: qazdan istifadə edin!
Polisin tuthatutu güclənsə də, aksiya səngimirdi.
Aksiyalar davamlı olacaq
Fəvvarələr meydanında aksiya yekunlaşan vaxt Sahil mterosu ətrafında, eləcə də bulvarda da etirazlar baş verdi. Ümumilikdə aksiya müsbət ovqatda başa çatdı. Etirazçılar aksiyanın baş tutduğunu bəyan etdilər və bildirdilər ki, hakimiyyətin orduda baş verən özbaşınalığa münasibəti dəyişməsə, növbəti günlərdə daha bir mitinq keçiriləcək. Aksiyanın sonunda verilən məlumatda yüzədən artıq fəalın saxlanıldığı bildirilirdi. Xatırladaq ki “Əsgər ölümlərinə yox” aksiyasına əskər siyasi qüvvələr, gənclər hərakatları nümayəndələri, vəkillər, hüquq müdafiəçiləri və yazarlar qatılmışdı.
“Rejim ciddi zərbə aldı”
AXCP sədri Əli Kərimli bu gün Bakıda “Əsgər ölümlərinə son” şüarı ilə keçirilən etiraz aksiyasına qiymət verib. Əli Kərimli Facebook səhifəsindəyazıb:
“Bugünkü aksiyadan rejim ciddi zərbə aldı.
Mübarizənin yeni mərhələsi hələ indi başlayır. Hökumət isə artıq arsenalındakı xalqı qorxutma vasitələrinin çoxunu istifadə etdi və heç bir nəticə əldə etmədi. Mitinq ərəfəsi həbslər, dövlət çevrilişinə cəhd şousu, aksiya zamanı rezin güllələrdən, su şırnaqlarından istifadə xalqı qorxutmadı. Minlərlə insan etiraz etdi. Polis aksiyanın qarşısını almaqda aciz qaldı.
Aksiya zamanı hakimiyyət növbəti kobud səhvini etdi. Şəhid atasına, öldürülmüş əsgərin anasına zor tətbiqi, onların yer ilə sürüdülməsi hər kəsi qəzəbləndirir, hakimiyyətin anti-insani mahiyyətini ortaya qoyur. Azərbaycan xalqı belə mənəviyyatsızlığı bağışlamayacaq. Hökumət anlamalıdır ki, yalnız zor gücünə idarə etmək artıq mümkün olmayacaq. Zorun da işləmədiyi, nəticə vermədiyi bir mərhələ var. Azərbaycan cəmiyyəti sürətlə o mərhələyə daxil olur”.
Aksiyada həbs edilənlərlə bağlı əldə etdiyimiz ilk məlumatlar
İntiqam Əliyev (vəkil)
Xədicə İsmayıl (jurnalist)
Erkin Qədirli (REAL Hərəkatı)
Rəsul Cəfərov (REAL)
Zöhrab İsmayıl (REAL)
Zərifə Məhyəddinova (AXCP, sədrin müşaviri)
Məhəmməd Məcidli (AXCP, sədrin müşaviri)
Təzəxan Mirələmli (AXCP)
Vüsal Bayramov (AXCP)
Elşən Ağayev (AXCP)
Babək Həsənov (AXCP)
Nüşabə Atakişiyeva (AXCP)
Nihad Hüseyn (AXCP)
Türkel Əlisoy (AXCP)
Bəyim Həsənli (AXCP)
Tofiq Dadaşov (AXCP)
Sabir Məmmədov (AXCP)
Çilənay Türkel (AXCP)
Aysun Seyidli (AXCP)
Renat Nəcəfov (AXCP)
Teymur Kərimov (AXCP)
Zaur Məmmədov (AXCP)
Ramin Musayev (AXCP)
Eltac Əlisoy (AXCP)
Aqil Əliyev (AXCP)
Elvin Baycan (AXCP)
Rauf Məmmədli (Müsavat)
Ayaz Xəlilzadə (Müsavat)
Ağababa Məmmədov (Müsavat)
Azər Sadıqov (Müsavat)
Şamil Beydulla (Müsavat)
Fərid (Müsavat)
Səbuhi Quliyev (VHP)
Türkan Əziz (VHP)
Sevinc Məmmədova (VHP)
Əlövsət Əliyev (VHP)
Osman Əhmədov (ADP)
Azər Sadıqov (ADP)
Turan Əliyev (ADP)
Orxan Babayev (ADP)
Hafiz Fərhadov (ADP)
Xəyal Kərimli (Azad Gənclik Təşkilatı)
Ruslan Əsəd (“Ol” Təşkilatı)
Ülkər Rzayeva
Anar Namazov
Tural Məmmədov
Xətai Qurbanlı
Turab Namazov
Dönməz Məmmədov
Savalan Əhədov
Almaz Yenisey
Ümumilikdə toplanan məlumatlara görə, 54 nəfər Səbail, 57 nəfər Yasam, 37 nəfər Xətai polisində saxlanılıb. Material hazır olan ərəfədə saxlanılanlardan bir qismi sərbəst buraxılmışdı.
Saxlanılanlar barədə dəqiqləşdirməni buradan oxuya biləcəksiniz.
Natiq