“2013-cü il seçkiləri xalqın istədiyini edəcəyi bir seçki olmalıdır”
Mehriban Vəzir: «Qənimət Zahidin «Azərbaycan saatı»ndakı fəaliyyəti iqtidarın mahiyyəinə uyğun olaraq cavabsız qala bilməzdi»
Hakimiyyət ölkədə azad sözün boğulması istiqamətində siyasətini sərtləşdirməkdədir. Daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi məhkəməyə verir. Artıq Q.Zahidə qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb. IP Koordnasiya Şurasının üzvü Mehriban Vəzirlə müsahibəmizə azad sözə qarşı olan son basqıya münasibətlə başladıq.
– Azərbaycanın bugünkü iqtidarı azad sözdən qorxur. Çünki rejim təmsilçisi olan böyük məmurların idarəetməsində böyük, hətta ağlasığmaz qüsurlar var. Bu səbəbdən fəaliyyətlərində şəffaflıq yoxdur. Məhz buna görə azad sözlə, şəffaf idarəetmə ilə düşmənçilik edirlər. Dövlətin bütün inzibati resurslarını azad sözü əzmək naminə, danışan dilləri kəsmək, görən gözləri tökmək naminə istifadə edirlər. Qənimət bəyə yönələn addımlar da azad sözə qarşı yönəlmiş prosesin tərkib hisəsidir. Təbii ki, Qənimət bəyin rəhbərlik etdiyi “Azərbaycan saatı”nın bu işdə böyük rolu var. “Azərbaycan saatı” ciddi və zəruri bir informasiya qaynağıdır. Məhz cəmiyyətin azad informasiya ehtiyaclarından doğan amildir. Cəmiyyət xidmətçi sözdən, kölə sözdən bezardır. Azad söz istəyir, müxaliflərin də mövqeyini bilmək istəyir. O da məlumdur ki, bu fəaliyyət iqtidarın mahiyyətinə uyğun olaraq cavabsız qala bilməzdi. Təəssüf ki, bu rejim xalqımızın qurduğu, uğuruna can qoyduğu dövlətimizin gücündən istifadə edərək məhz xalqımızı susdurmağın minbir üsulunu tətbiq etməkdədir.
– İndiyə kimi azad sözə olan hər bir basqıya, hər bir jurnalistin həbsinə görə hakimiyyət sərt beynəlxalq təzyiqlə üzləşir. Amma bütün bunlara baxmayaraq təzyiqlər hələ də davam edir. Hakimiyyətin bu siyasəti dayandırmaması nəylə bağlıdır?
– Bu artıq bir seçim məsələsidir. Bu rejim öz seçimini edib. Yəni bir tərəfdə özbaşnalıq – xalqın-dövlətin sərvətini mənimsəmək, danışan dilləri kəsmək, o biri tərəfdə demokratik və ədalətli idarəetmədir. Bu iki yoldan birincisini seçib bu rejim. Seçim bu şəkildə edilirsə, davamı da saymazlıq, eşitməzlik, yekəxanalıq olur. Bu siyasəti dayandırmaq sistemi dəyişmək, seçimi dəyişmək deməkdir. Belə bir dəyişiklik isə mümkün görünmür. Bu mümkünsüzlüyü ötən müddət isbat etdi.
Ordu maliyyə ilə deyil, əsgərinin ruhu ilə güclü olur
– Martın 10-na “Əsgər ölümünə son” şüarı ilə aksiya keçiriləcək. Bundan əvvəlki aksiyada da əsgər ölümünə son qoyulması tələb olunsa da dövlət başçısı günahkarları cəzalandırmaq əvəzinə məlumatı ictimailəşdirənləri “ünsür” adlandırdı…
– Orduda baş verənlər acınacaqlıdır. Əslində milli faciə, milli xəyanətdir. Azərbaycan xalqına və Azərbaycan Dövlətinə xəyanətdir. Azərbaycan əsgərinin ölümü, qətli bu iqtidar üçün gizli statistikadır. Bu iqtidar ordunu gücləndiririk deyəndə yalnız maddi-texniki tərəfləri, orduya ayrılan maliyyəni nəzərdə tutur. Orduya ayrılan maliyyənin artması hakimiyyətin fəlsəfəsinə görə, ordunun güclənməsidir. Amma onların bilmədiyi, bəlkə də bildikləri bir şey var. Ordu əsgərinin, zabitinin ruhu ilə, anaların güvənci ilə güclü olur. Azərbaycan ordusu ruhu ilə zəiflədilmiş, çökdürülmüş ordudur. Analar üçün bu ordu oğlunun düşmən əlinə düşməsidir, əsirlikdir, girovluqdur, yoluxucu xəstəliklər, nəhayət, ölümdür. Lakin, artıq əsgər anaları susmaq istəmir. Nəhayət! Atəşkəsdən bəri də hər gün qəsdən və özbaşınalıqdan törənmiş əsgər ölümləri olurdu. Amma analardan səs çıxarmırdı. Qorxu və məlumatsızlıq cəmiyyəti linç etmişdi. Amma bu gün analar dövlətdən əsgər göndərdiyi oğlunu istəyir. Qətllərə görə hesab sorur. Orduda baş verən dəhşətlərin qarşısını yalnız anaların kütləvi etirazları, birgə, koordinasiyalı və davamlı fəaliyyətləri ilə almaq olar. Mən ümid edirəm ki, analar bir gün həmrəyliyə gəlib, sözlərin deyəcəklər.
– Azərbaycanın bir sıra rayonlarında son aylar müxtəlif etiraz aksiyaları keçirildi. Ismayıllıda, Imişlidə və başqa rayonlarda əhali hüquqlarını müdafiə etmək üçün etirazlarını açıq sərgilədi. Bu aksiyaların heç birini müxalifət təşkil etməmişdi. Artıq bu cür tendensiyaların müşahidə olunması nədən xəbər verir?
– Müxalifət və qeyri rəsmi müxalif olanlar 93-cü ildən bəri, tam iyirmi ildir ki, bu rejimə, bu idarəetməyə etirazını bildirir. Bu çevrə bəzən güclənir, bəzən zəif düşürülür. Lakin inkarı mümkün olmayan bir həqiqət var: müxalif insanlar iyirmi ildir ovuclarında köz daşıyırlar. Məhz əldə məşəl deyil, ovucda köz! Çünki belə əzazil bir rejimdə müxalif mövqedə durmaq ölüm-dirim məsələsidir. Hazırkı aksiyalar – regional etirazlar, gəncliyin, anaların, ziyalıların səslənməsi həmin o ovucda daşınmış közün alolandırdığı müqavimətdir, ictimai gücdür. Xalq kütlələri müxalifətə qoşulursa və yaxud müxalifətin illərdən bəri tək, dəstəksiz, təzyiq və təhdidlər altında dediklərini deməyə, məhz ucadan deməyə başlayırsa, bu, artıq fərqli bir vəziyyətdir. Düşünürəm ki, nəzərdə tutduğum o fərqli vəziyyətin başlanğıcındayıq. Artıq, susmaq günaha yazılır.
Cərimələr insanları qorxutmur
– Bir müddət əvvəl hakimiyyət etiraz aksiyalarında iştirak edən şəxslərə qarşı yüksək cərimələrin tətbiqi qanuniləşdirdi. Amma bütün qadağalara baxmayaraq ictimaiyyət yenə də aksiyalar dəstək verir. Baş verənləri necə dəyərləndirmək olar?
– Tarix öyrədir, qaba rejimlər öyrənmir. Görünür, dünya belə gəlib, belə də gedəcək. Və bunlar heç vaxt bilməyəcəklər ki, canı boğazına yığılmış xalqı ayağının altından xalça-palaz çəkməklə susdurmaq olmaz. Cərimələri qanunsuz şəkildə artırmaq, fərdə görə ailənin, qohumların əmlakına həbs qoymaq, ümumiyyətlə, repressiyaları qanuniləşdirmək müasir dövlətə, mədəni idarəetməyə yaraşan iş deyil. Ictimai etirazları boğmaq üçün insanların xalça-palazı daşınırsa, burada dövlət dövlətlikdən çıxır. Dövlət kübar, ağayana idarə olunmalıdır. Vətəndaşın etirazına görə onu yağmalayan dövlətə dövlət deyilmir, bunun adı başqadır. Yağmanı qanuniləşdirmək də dövlətçilik adına ləkədir. Əksinə, dövlət bütün gücü ilə çalışmalıdır ki, vətəndaş azad və varlı yaşasın, iş yeri olsun, qanunlar repressiv deyil, vətəndaşın hamisi olsun və hakimiyyətə etirazı olanda sözünü desin. Desin ki, problemlər eşidilsin və həll edilsin. Dövlətçilik və siyasi mədəniyyət müasir idarəetmədən bunu tələb edir. Hazırkı idarəetmənin anlamadığı məhz budur. Bəlkə də anladığı, sadəcə olaraq həyata keçirə bilmədiyi və ya bu yüksək missiyaya aid olmadığı.
– Dövlət başçısının barmaq silkələyən müşavirəsindən sonra məmurlara nəzərət məqsədilə Ictimai Şura yaradıldı. Amma bu qurum konkret olaraq məhkəmələrin, prokurorluğun həyata keçirməyi olduğu funksiyanı reallaşdıracaq. Belə olan halda adlarını sadaladığımız qurumlar nəyə lazımdır?
– Bu da sovet qafasının məhsuludur. Bütün bunlar sivil idarəetməyə uyğun deyil. Ağsaqqallar birliyi, ağbirçəklər birliyi, ictimai şuralar və s. Mənasız işdir. Bu qurumlarda oturanlar əsasən böyük məmurların böyükləri və məzlum məşhurlardır. Onların da həqiqətləri üzə deməyə nə cəsarətləri, nə də mənəvi ehtiyacları var. Olsa-olsa mədhiyyə deyərlər. Vəziyyət o qədər ağırdır ki, daha bu rejimi şuralar və ağsaqqallar xilas edə bilməz. Bircə xilas yolu var: demokratik seçki. Vəssalam.
– Hazırda cəmiyyətin demokratik qüvvələri bir yerdə görməklə bağlı sosial sifarişi mövcuddur. Toplum Ziyalılar Forumunu, Ictimai Palatanı və ölkədə demokratik dəyişikliklər istəyən qüvvələri bir yerdə görmək, vahid mövqedən çıxış etməsini istəyir. Bu istiqamətdə prosesləri necə qiymətləndirirsiniz?
– İctimai Palatanın, Ziyalılar Forumunun və başqa bu kimi qurumların mövqeyi vahiddir. Bu mövqe ondan ibarətdir ki, hakimiyyət 2013 seçkilərinin demokratik və şəffaf olmasını təmin etməlidir və bu onun dövlət və xalq qarşısında son borcu və məsuliyyətidir. Düşünürəm ki, təkcə bu kimi qurumlarda deyil, Azərbaycan cəmiyyətində vahid mövqe formalaşıb: ədalətli seçki istənir. Və hazırda müxalif qüvvələrin, namizəd olan və hələ elan etməyən potensial qüvvələrin arasında danışıqlar başlayıb. Biz bunun uğurla davam edəcəyinin və uğurla bitəcəyinin gözləntisindəyik. Bu da müxalifətin vətən və xalq qarşısında son borcu və məsuliyyətidir. Tərəflər atdıqları addımlara görə cavab alacaqlar.
– Qarşıdan gələn prezident seçkiləri qabaqkılardan köklü sürətdə fərqlənir. Öncə onu vurğulayaq ki, bu seçkilərdə narazılıq əvvəlkindən daha çoxdur. Ikincisi, hakimiyyət bir qayda olaraq seçki saxtakarlığında arxalandığı Rusiya və Iranın beynəxalq dəstəyindən məhrum olub. Bundan başqa, hazırda sosial şəbəkələrin ölkədə gedən proseslərə də təsiri güclüdür. Sosial mediada ölkədə baş verənlər dərhal əksini taparaq, geniş müzakirə olunur. Bu baxımdan 2013-cü il seçkilərindən nə gözləmək olar?
– Azərbaycanda baş verən proseslərə təsir edən faktorları iki yerə bölmək olar. Xarici və daxili faktorlar. Xarici faktorlar gözümüzün önündə dəyişməkdədir. Rusiya, Iran, hətta Israillə münasibətlər rəvan deyil. Eyni zamanda Qərb Azərbaycanda demokratik seçki istəyir. Bütün bu xarici amilləri tətikləyən daxili gerçəklərdir. Azərbaycan xalqının etirazı, demokratiya və sosial ədalət istəyi yetərincə olmazsa, xaricdən gəlib bizə şəffaf seçki peşkəş edilməyəcək. Adil seçki xalqların öz qazancıdır. Bu qazancı ya biz özümüz qazanacağıq, ya da… məncə, ikinci yol yoxdur, xalq özü həll etməlidir öz taleyini. Xalq özü vəziyyəti dəyişməlidir. Ona görə də hətta bu gün xarici müşahidəçilər də əsas diqqətlərini Azərbaycanın daxili proseslərinə zilləyiblər. Ismayıllıda, Gəncədə, Lənkəranda nə baş verir? Bu insanlar nə istəyir? Proseslər bu şəkildə davam edəcəkmi? Çox şey Azərbaycanın daxilinə bağlıdır. Xarici amillər də öz işini görür. Amma daxili amillər çox mühümdür. Azərbaycan insanı dəyişikliklər istəyirsə, dəyişikliklər üçün ayağa qalxacaqsa, demokratiya uğrunda yürüyəcəksə, mütləq dəyişikliklər edəcək. Xalq istəyəcəksə, nail olacaq.
Xəyal