Hakimiyyət gənclərin aksiya hazırlığına həbslərlə cavab verdi
Martın 7-də “NIDA” Vətəndaş Hərəkatının üzvləri Bəxtiyar Quliyev, Məhəmməd Əzizov və Şahin Novruzov mülki geyimli şəxslər tərəfindən həbs edilib.
Son həbslər “NIDA”ya qarşı təzyiqlərin tərkib hissəsidir
“NIDA” Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Rəşad Həsənovun “Azadlıq.tv”yə verdiyi məlumata görə, Bəxtiyar Quliyevin evinə 4 nəfər mülki geyimli şəxs gəlib. Onlar B. Quliyevin yaşadığı mənzildə axtarış aparıb. Mülki geyimlilər evdən bir neçə içi maye ilə dolu butulka və narkotik maddə tapdıqlarını bildiriblər. B. Quliyevin valideynləri isə evdə əvvəllər həmin əşyaların olmadığını bildiriblər. Mülki geyimli şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim ediblər. Təşkilatın digər üzvü Şahin Novruzovun evində axtarış Səbail Rayon Məhkəməsinin qərarı ilə aparılıb. Ş. Novruzovun da mənzilindən içi dolu butulkalar və narkotik tapıldığı bildirilib. NIDA Vətəndaş Hərəkatının həbs edilən 3-cü üzvü Məmməd Əzizovun kirayədə yaşadığı mənzil də mülki geyimlilər tərəfindən nəzarətə götürülüb. Orada olan mülki geyimlilər M.Əzizov barədə məlumat verməkdən imtina ediblər.
Rəşad Həsənov həbsləri təşkilata qarşı növbəti təzyiq kimi dəyərləndirib: “Son həbslər ”NIDA” Vətəndaş Hərəkatına qarşı təzyiqlərin tərkib hissəsidir. Hakimiyyət üzvlərimizin evinə benzin dolu butulkalar və narkotik atmaqla təşkilatımızın zorakı metodlarla mübarizə apardığı barədə rəy formalaşdırmaq istəyir. Qeyd edirəm ki, həmin əşyalar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən evlərə qoyulub. Hərəkatımız demokratik yolla mübarizə aparır. Üzvlərimiz arasında tanınmış bəstəkarlar, yazıçılar və jurnalistlər var. Fəaliyyətimiz hər zaman şəffaf olub. Bəxtiyar Quliyev və Məmməd Əzizov əvvəllər də polis tərəfindən saxlanılıb. “NIDA” Vətəndaş Hərəkatının nüfuzunun günü-gündən artması, xüsusən gənclərin təşkilatımıza üz tutması hakimiyyəti ciddi narahat edib. Basqılara baxmayaraq mübarizə davam edəcək”.
MTN və Baş Prokurorluğun məlumatı
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri “NIDA”çı fəallarının həbs edilməsi barədə məlumat yayıb. Məlumatda bildirilir: “Milli Təhlükəsizlik Nazirliyininin və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan ”Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana, 1995-ci il təvəllüdlü, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin Ibrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd “Molotov kokteyli”, 94.0 min manat məbləğində pul vəsaiti, 252,27 qram həşiş qətranı və 1992-ci il təvəllüdlü Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində “təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülmüşdür.
Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.
Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar”.
NIDA öz mübarizəsini davam etdirəcək
“NIDA” Vətəndaş Hərəkatı isə üzvlərinin həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: “Hərəkatın oğurlanan hər 3 üzvü 10 mart 2013-cü il tarixində keçiriləcək ”Əsgər ölümlərinə son!” aksiyası barədə, xüsusilə sosial şəbəkələrdə fəallıq göstərirdilər.
NIDA Vətəndaş Hərəkatı olaraq, hesab edirik ki, bu oğurluqlar siyasi sifariş əsasında həyata keçirilir, hədəf etirazçıları susdurmaq, demokratik dəyərlər uğrunda mübarizə aparan hər kəsi qorxutmaqdır. Xüsusilə 12 yanvarda keçirilmiş “Əsgər ölümlərinə son!” aksiyasında Nida üzvlərinin fəallığına görə 10 mart aksiyası qabağı bu cür tədbirlərlə qorxu yaratmaq istəyirlər. Ancaq bütün bunların Nida Vətəndaş Hərəkatının fəaliyyətinə heç bir təsiri olmayacaq. NIDA öz mübarizəsini davam etdirəcək”
Gənclər təşkilatları bu təzyiqlərin qarşısında geri çəkilməyəcək
Azad Gənclik Təşkilatı da NIDA-çıların həbsini birbaşa onların ictimai-siyasi fəaliyyətləri ilə bağlı olduğunu bildirib: “Bu gənclər həm sosial şəbəkələrdə, həm də aksiyalarda aktiv iştirak ediblər. Gənclərin oğurlanmasını pisləyir və bu özbaşınalığı ölkəmizin gələcəyinə biganə qalmayan gəncliyin fəallaşmasına qarşı atılan addım hesab edirik.
Gənclər təşkilatları, hərəkatları bu təzyiqlərin qarşısında geri çəkilməyəcək. Düşünürük ki, əsgər ölümləri ilə bağlı martın 10-da olacaq mitinq qabağı hakimiyyət bu repressiyalarla etirazların qarşısını almağa cəhd edir. Son bir neçə ildə hakimiyyətin belə cəhdlərinin çox olmasına baxmayaraq, artan etirazların qarşısını almağa nail ola bilməyib.
Həmçinin, təşkilat olaraq 10 mart “Əsgər ölümlərinə son!” mitinqini dəstəkləyir və həmin mitinqdə aktiv iştirak edəcəyimizi bildiririk. Azərbaycan gəncliyinə, tələbələrinə 10 mart mitinqində aktiv iştirak edərək həm əsgər ölümlərinə, həm də gənc fəalların oğurlanmasına, hüquq-mühafizə orqanlarının özbaşınalıqlarına etirazlarını bildirməyə çağırırıq”.