Naxçıvandan xəlvəti Bakıya gəlmiş, Naxçıvan şəhəri, Əcəmi küçəsi ev 2, mənzil 3-də yaşayan Nadir Məmmədovun “Turan”a bildirdikləri adamı dəhşətə gətirir.
Elə bil faşist Almaniyasında gestapoda, kommunist SSRI-sində NKVD zirzəmisində baş vermiş hansısa “istintaq” prosesindən sətirlər oxuyursan.
“Naxçıvan Daxili Işlər Nazirliyinin iş otağında, nazir Əhməd Əhmədov əlimin üç dırnağını bir-bir kəlbətinin arasına qoyaraq sıxdı”, – deyə vətəndaş başına gələnləri danışır.
Bu cür faktlar yüzlərlə, minlərlədi. Kimi səsini çıxara, başına gələnləri xalqa çatdıra bilir, kimi də daha fəna əzablara düçar ediləcəyindən çəkinib səsini içinə salır.
Bu ölkədə baş verən hadisəyə bir də diqqət yetirin: nazir, həm də vətəndaşı qoruyan polis naziri vətəndaşın dırnaqlarını kəlbətinin arasına salıb sıxır. Indi doğrudanmı düşünmək gərəkdi ki, Ilham Əliyev yaxşıdı, ətrafı pis? Axı ətraf həmişə başa tabe olur. Beyindən siqnal almayan əl şapalaq vurarmı? Ayaq şıllaq atarmı? Təbii ki, yox. Bəs beyin yox isə? Beyin öz funksiyasını itirib, daha heç bir siqnal göndərmirsə və ətraflar özbaşına hərəkət eləyirsə? Xeyir, bəylər, cənablar və xanımlar – biz psixiatrik dispanserdən yox, Azərbaycan Respublikasından danışırıq. Burda beyin də işləyir, ətraflar da. Hər şey saat kimi nizamlanıb. Bu saatın hansı zamanla qurulması isə tamam ayrı söhbətdi.
Yaxın Şərq inqilab beşiyinə çevrilib çalxalanır. Indi dünyanın ana gündəmi bu inqilablardı.
Zaman-zaman Şərqi demokratiyadan, azad idarəçilikdən uzaq tutmaqla onu daha rahat ram edəcəyini düşünərək istibdad rejimlərinin hakimiyyətdə qalmasına əngəl olmamış, bir çox hallarda isə ona qucaq açmış Qərb illərlə sürdürdüyü taktikanın yanlış olduğunu, özünün müqəddəs Avropa dəyərlərinə zidd hərəkət etdiyini anlayıb. Əslində, inqilab Şərqdə yox, Avropada baş verib – Avropa düşüncəsində, zehniyyətində. Qərb artıq demokratik, gəlişmiş Şərqin ona yar ola biləcəyi fikrinə gəlib. O, özündən yerlə göy qədər fərqlənən hirsli, hikkəli, gerizəkalı, Orta Çağdan bir addım bu yana gələ bilməmiş, hər an düşünülməmiş addımlar ata biləcək şərqlidənsə, haqları boğulmamış, nifrətlə dolub-daşmayan, sözünü, fikrini deyə bildiyinə görə içində qorxulu vulkan püskürmələri yatmayan dinc, üzügülər, rahat şərqlinin daha təhlükəsiz olduğunu açıq-aydın dərk eləməyə başlayır. Buna görə də baş qaldıran hər inqilaba Qərbin xoş niyyətli gülümsəyişini, xeyir-duasını, dəstəyini görürük. Və sizi əmin eləyirəm ki, bundan sonra da “azadlıq” deyə ayağa qalxacaq hər bir ulus, hər bir xalq Qərbdən o xeyir-duanı görəcək, qabaqlar olduğu kimi aldadılıb yarı yolda tək başına buraxılmayacaq.
Bəli, dünya bu günü də gördü.
Lakin istibdad rejimlərinin bir-birinin ardınca çökdüyü, qırx illik, əlli illik kralların, diktatorların xalqın az qala hər tələbini yerinə yetirməyə hazır olduğu bir vaxtda azərbaycanlı bir nazir hələ təzə-təzə şövqə gəlir, vətəndaşın dırnağını kəlbətinlə sıxır, öz qəddarlığından və hakimiyyətindən zövq alır. Azad ruhlu gənclərin cibinə narkotik atır, Dövlət himnini oxuyan gəncləri döyüb polis maşınlarına doldurur, onlara xəbərdarlıq eləyirlər. Nə xəbərdarlığı? Yəni bir də dövlət himni oxumayın. Bu dövlətdə bir himn var, adı – Köləlik himni. Onu oxudunmu, sən çaldın…