Mədəniyyət haqqında moizə – mühazirə oxumaq fikrindən çox uzağam. Hər şeydən iki dənə olduğu kimi, indi bizdə iki mədəniyyət var. Biri rəsmi, digəri isə qeyri-rəsmi və cavan! Biri fiziki mənada, o biri isə ruhani anlamda güc! Nə isə. Qayıdım mətləbə.
Yeni kanalın açılışından hamınızın xəbəri var. Mən elə həmin açılışla bağlı, Ə.Vahid demişkən, qaibanə təəssüratlarımı sizlərlə bölüşmək istəyirəm. Bəri başdan ərz edim ki, o qədər böyük təəssürat deyil.
Hər şey bəlağətli nitqlərdən başladı, böyüklərimizə minnətdarlıq dolu sözlər yenə də əndazəsini aşdı. Artıq buna alışmışam. Kompüterdə əvvəlcə parolu yazdığımız kimi, bunlar da nitqlərinə minnətdarlıq dolu ismarışlarla başlayır və bir daha sidqi-ürəkdən rəhbərə özlərinin sədaqətini izhar edirlər. Buna sözüm yox, olsun. Amma mənim diqqətimi başqa bir detal çəkdi. Əvvəlcə zal hökumət və dövlət adamları ilə dolu idi. Fəqət, muğam festivalı başlayan kimi yerlərin böyük əksəriyyəti boşaldı, dövlət və hökumət adamlarının çox hissəsi çıxıb getdi. Bu, heç təəccüblü görünmədi. Əksinə, mənim üçün daha çox təəccüblü olan həmin adamların muğam festivalına gəlişi idi. Onlar bizi çox intizarda qoymadılar. Kanalın açılışına həsr olunmuş hissə elə bitən kimi zalı tərk etdilər. Muğam onların nəyinə lazımdır ki?!
Onların baxışlarında və elə məişətlərində də bu millətə qarşı böyük həqarət var. Milli şüarlar onlar üçün siyasi texnologiyanın bir elementidir. Bəli, onlar ali bir təbəqədir, idarə edənlərdir. Onlar bütün buxovlardan, o cümlədən də milli hisslərdən tamam yüksəkdə durmalıdırlar ki, yaxşı idarə edə bilsinlər. Onlar bu millətə, onun mədəniyyətinə, ədəbiyyatına, musiqisinə vurulsalar, bu cür idarə edə bilməz və başlayarlar özləri üçün yox, millət üçün işləməyə! Onlara bu, lazımdırmı? Yox, lazım deyil! Onlara nə lazımdır?
Hakimiyyət və sərvət!
Məşhur bir film var. Orada alman zabiti hiss edir ki, tətiyi çəkərkən barmaqları əsir. O, bərk narahatlıq keçirir, bunu böyük bir dərd kimi qəbul edir, mərhəmət hissinin ona hakim kəsiləcəyindən ehtiyat edir və bu hissi özündən qovmaq üçün təkrar-təkrar tətiyi çəkir, hər dəfə də bir əsir yerə yıxılır, dünyasını dəyişir. Əsl mədəniyyət də belədir, tətiyi çəkməyə imkan vermir, səni ovsunlayır və sən artıq istədiyin qədər qəddar ola bilmirsən, humanistləşirsən.
Indi bizim məmurlar da ancaq bircə halda muğama qulaq asa bilərdilər – vəzifəni tərk edib təqaüdə gedəndən sonra. Onda onların ürəyinə mərhəmət və yazıqlıq gələrdi, indisə onları tamam başqa hisslər məşğul və idarə edir…
Bu yazı da sualla başladı. Amma mən bu sualın cavabını bilmirəm. Doğrudan da, görən haradan başlayır mədəniyyət? Haradan başladığını bilmirəm, amma nədən başlanğıc götürmədiyini deyə bilərəm. Bəli, hər halda, mədəniyyət yaltaqlıq və xidmətçilikdən başlamır! Bunu dəqiq bilirəm! Amma…
Həyatda qul olaraq “Faust”u yazmaq mümkündürmü?
Bəli, şeytan nə ilə zarafat etmir ki?! Ona görə də yazının birinci hissəsini bir “amma” sözü ilə bitirdim. Çoxu Höteyə “nökər” deyir. Doğrusu, mən onun kimə nökərçilik etdiyini bilmirəm, maddi cəhətdən təminatlı adam olub, zira üsyankar və inqilabçı da olmayıb. Daha dəqiqi, həyatda belə olmayıb, amma öz aləmi ilə daim ixtilafda bulunub, əks təqdirdə “Faust”u yaza bilməzdi. Bu bir qədər mürəkkəb məsələdir. Dahinin min oyunu var, hamısı da yaradıcılıq üstündədir! Məşhur bir mahnıda deyilir ki, hamımıza bir qələbə düşür və biz qiymətdən qaçmırıq! Nadanın isə bütün oyunları bir vəsiqə üstündədir, bəli, dahinin qiymətini zaman, nadanın qiymətini isə hökumət verir.
Kiçik sözardı
Qafqazda ilk mədəniyyət kanalı burada açıldı. Amma “Qafqazda ən mədəni ölkə hansıdır?” sualına çoxu “Gürcüstan” – deyə cavab verər. Bilirsiniz, bu, sizlərə ziddiyyətli gəlməsin – insanları adi həyatda böyük ədəbiyyat, böyük musiqi, şanlı keçmiş maraqlandırmır. Onlar gömrüyə, aeroporta, vağzala və ya polisə diqqət yetirir, qərəz, ölkəyə baxırlar və bunun əsasında ölkənin və millətin mədəniyyəti haqda nəticə çıxarırlar. Mədəniyyət ancaq belə bilinir!