Vəfa Quluzadə: «Irana xaricdən güc tətbiqi istisna edilmir»
Zəfər Quliyev: «Hərəkat güclənsə, artıq uzunmüddətli bir mübarizə başlaya bilər»
Misir və Tunisdən sonra inqilab küləyi avtoritar rejimlərin mövcud olduğu dövlətlərin də üzərində əsməyə başlayıb. Artıq bu ölkələr sırasına Iran da qoşulub. Minlərlə etirazçı Iranın iri şəhərlərinin küçələrinə axışaraq iqtidara qarşı şüarlar səsləndirməyə başlayıb. Lakin Misirdən fərqli olaraq bu ölkədə hakimiyyət etirazçılara qarşı amansızdır. Artıq hökumət qüvvələri ilə toqquşmalarda ölənlərin olduğu bildirilir. Gözlənildiyi kimi, bu etiraz dalğasına Qərbin dəstəyi özünü çox gözlətmədi. ABŞ dövlət katibi Hilliri Klinton Iran müxalifətinə dəstək verən bəyanatla çıxış edib və hakimiyyəti dinc aksiyaçılarla rəftarda dözümlü olmağa çağırıb.
Bəs bu hadisələr yaxın vaxtda Irana nə vəd edir? Tunis və Misirin sırasına Iran da qoşula bilərmi?
Politoloq Vəfa Quluzadənin fikrincə, Iran variantı Misirdən tamamilə fərqlənəcək. Buna səbəb isə rəsmi Tehranın etirazlara qarşı dözümsüz olmasıdır: “Misirdə hadisələr demək olar ki, dinc şəraitdə keçdi. Hakimiyyət nümayişçilərə qarşı minimum güc işlətdi. Ancaq Iranda maksimum güc işlənəcək. Bunu da hamı bilir”.
Ekspertin sözlərinə görə, bu səbəbdən Irana xaricdən güc tətbiqi istisna edilmir: “Irandakı inqilab geniş vüsət alanda, ola bilsin, bu ölkənin nüvə obyektlərini xaricdən vursunlar. Çünki bu məsələ hələ gündəmdən çıxmayıb. Bu da nəticədə Iranda hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər”.
Politoloq Zəfər Quliyev də Iran hakimiyyətinin etirazlara sərt reaksiya verdiyini vurğuladı: “2009-cu ildə prezident seçkilərində cəmiyyətdə narazılıq var idi. Lakin molla rejimi bütün resursları cəlb edib etiraz aksiyalarını dayandıra bildi. Beləliklə, öz hakimiyyətini qorudu.
Lakin ekspert indi vəziyyətin əvvəlki illərdən xeyli fərqləndiyini qeyd edir: “Artıq görürük ki, ərəb ölkələrində başlanmış demokratik inqilablar dalğası təsadüfi xarakter daşımır, domino prinsipi ilə davam edir. Hiss olunur ki, burda daxili amillərlə yanaşı, xarici amillərin də rolu var. Etirazların baş qaldırdığı ölkələrin çoxunda sərt avtoritar rejimlər hökm sürür. Ancaq hamısında hadisələr eyni ssenari ilə cərəyan edir. Tunis və Misirdə xalq üsyanları nəticəsini verən kimi Əlcəzairdə də etiraz aksiyaları başladı. Indi Iranda kütləvi mitinqlər başlayıb. Bu onu göstərir ki, burda hadisələr elə bir plan üzrə inkişaf edir”.
Z.Quliyevin sözlərinə görə, hadisələr Qərbin, əsasən də ABŞ-ın strateji planlarına uyğun formada inkişaf edir. Iran hakimiyyətinin antiAmerika mövqeyində olması isə onun vəziyyətini bir qədər də çətinləşdirir: “Iran hakimiyyəti Amerikanın hadisələrə təsirindən çəkinir. Ancaq güman etmək olar ki, yaxın zamanda molla rejimi yenə də çox sərt mövqe tutacaq. Ölkəni Qərbin təsirindən təcrid etməyə çalışacaq. Artıq internetlə bağlı məhdudiyyətlər var. Beləliklə, Misirdən fərqli olaraq Irandakı molla hakimiyyəti axıra qədər dayanmağa çalışacaq və qan tökməkdən də çəkinməyəcək”.
Ekspert mitinqlər davam edəcəyi təqdirdə ciddi vətəndaş qarşıdurmasının yarana biləcəyini də istisna etmir: “Hərəkat güclənsə, artıq uzunmüddətli bir mübarizə başlaya bilər. Ancaq bu hadisələr Misirdən daha ağır şəraitdə keçəcək. Bunun nə ilə nəticələnəcəyini isə indidən dəqiq demək çətindir”.
Fizzə