Azərbaycanda seçkilərin demokratik keçirilmədiyi səfirin yadına salındı
Fevralın 16-da «The Washington Post» qəzeti ATƏT-in 2000-ci ildə Azərbaycanda seçkiləri müşahidə etmiş müşahidəçisi Mitchell Polmanın qeydini dərc edib.
«Azərbaycan Demokratiya üçün uzun yol getməlidir» adlı məqalədə müəllif səfir Yaşar Əliyevin ATƏT-in Azərbaycanda 2008-ci il prezident seçkisiylə bağlı hesabatını yanlış xarakterizə etməsinə cavab verib:
«Səfir deyir ki, ATƏT hesabatında Azərbaycanın beynəlxalq seçki öhdəlikləri yönündə irəliləyiş qazandığını bildirib. Ancaq hesabatda Azərbaycanın bu istiqamətdə texniki məsələlər üzrə irəliləyişindən danışılıb. ATƏT-in veb saytında yer alan hesabatda deyilir: Seçkilərdə sağlam rəqabət, siyasi müzakirələr olmayıb, media mühiti məhdudlaşdırılıb. Bütün bunlar plüralistik və demokratik seçki prinsiplərinin əksinə olub. Bundan əlavə ATƏT-in Azərbaycanda 2010-cu ildə keçirilən parlament seçkiləri barədə hesabatında deyilir: Bu seçkilər bütünlükdə ölkənin demokratik inkişaf yolunda irəliləyiş üçün kifayət etməyib» (“Azadlıq” radiosu).
Yaşar Əliyevin ATƏT-in Azərbaycandakı 2008-ci il seçkisini irəliləyiş kimi qiymətləndirdiyini «The Washington Post»un redaktoru Fred Hetin 7 fevral tarixli məqaləsinə reaksiya verərkən qeyd edib.
Fred Het məqaləsində Misir hadisələri fonunda ABŞ-ın avtoritar rejimlərlə bundan sonrakı mümkün davranışını təhlil etmişdi və İlham Əliyevi “müsəlman diktator” adlandıraraq, onun Vaşinqtona qarşı islan radikalizmi və neft-qaz kartı ilə oyun oynadığını yazmışdı. Müəllif ABŞ dövlət katibi Hillari Klintonun avtoritar rejimlərə ünvanladığı “status-kvo davam etməyəcək” məzmunlu bəyanatını xatırladaraq, bunun İlham Əliyevə də aid olduğuna işarə vurmuşdu.