“Cabbara azadlıq” aksiyası şəhər polisini ayağa qaldırdı…
Sumqayıt Şəhər Məhkəməsinin qərarıyla (07 fevral) haqqında 2 aylıq həbs qətiimkan tədbiri seçilən cəbhəçi gənc Cabbar Savalanlının ötən gün apelyasiya məhkəməsi keçirildi. Apelyasiya şikayətini Cabbarın vəkilləri vermişdilər. Şikayətdə həbs qətiimkan tədbirinin dəyişdirilməsi, istintaq müddətində Cabbarın azadlıqda olması tələb edilir.
Cabbar Savalanlıya güclü ictimai dəstək
Məhkəmə saat 15.00-ə, Sumqayıt şəhər apelyasiya məhkəməsinə təyin edilmişdi. Saat 14.30-dan məhkəmə binasının qarşısına Cabbarı müdafiə edən tələbə yoldaşları, AXCP, Müsavat və Demokrat partiyasının gənc fəalları, “Azad gənclik” təşkilatının, Demokratiya Hərəkatının üzvləri yığışmağa başladı. AXCP məhkəmə prosesinə rəhbərlik səviyyəsində diqqət ayırmışdı. Partiya sədrinin müavinləri Nurəddin Məmmədli, Gözəl Bayramlı, Ali Məclisin sədri Həsən Kərimov, Rəyasət Heyətinin üzvləri Seymur Həziyev, Iradə Əliyeva və Nemət Əliyev məhkəmə binasının qarşısında idilər.
“Hamımız Cabbarıq!!!”
Həsən Kərimov “Azadlıq” qəzetinə açıqlamasında dedi ki, onlar xüsusi partiya qərarı olmadan, sadəcə gənc cəbhədaşa dəstək üçün yığışıblar. Partiya Cabbarla bağlı bütün məhkəmə proseslərini diqqətdə saxlamaqda qərarlıdır. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının fikrincə, hakimiyyət həbs üçün Cabbarı seçməklə belə bir düşüncədə olub ki, Sumqayıt Bakıdan uzaqdır: “Guya bura jurnalistlərin və ictimai fəalların diqqətindən kənarda qalacaq, onlar da repressiyalarını sakitcə həyata keçirəcəklər. Onların bu məkrli siyasətini hər an puç edəcəyik. Artıq bizim devizimiz bəllidir: “Hamımız Cabbarıq!!!”.
Məhkəmə önünə yığışanların sayı 50-ni keçəndən sonra narahatlığın ilkin əlamətləri görünməyə başladı. Ilk dəqiqələrdə məhkəməyə gələnləri binanın içərisinə buraxmaqdan imtina edən inzibatçılar, qapını açıb, “məhkəməyə kim gəlib, içəri girsin” çağırışları etməyə başladılar. Bundan sonra ərazidə çoxlu sayda polis göründü.
Məhkəmə binası polis mühasirəsində
Prosesin başlanması elan ediləndə iclas zalına ancaq vəkillərin buraxılacağı bildirildi. Bunu məhkəmənin qapalı olması ilə əsaslandırdılar. Cabbarı müdafiə etməyə vəkilləri Əsabəli Mustafayev və Anar Qasımov gəlmişdilər. Apelyasiya şikayətinə hakim Ilham Həsənovun sədrliyi ilə keçirilən iclasda baxılırdı. Məhkəmənin binası isə dörd bir tərəfdən polislə mühasirəyə alınmışdı. Sumqayıt polisinin rəis müavini Azər Cahangirov polislərə şəxsən təlimat verirdi. Mülki geyimli şəxslər isə binanın qarşısına yığışmış insanların video görüntü çəkdikləri texniki vasitələri əllərindən alırdılar. Məhkəmə qarşısındakılar onlardan kimliklərini xəbər aldıqda isə, özlərini təqdim etmirdlər.
Cabbar mətindir, hər kəsə salamı var
Iki saatdan sonra məhkəmə yekunlaşdı. Vəkil Ə.Mustafayev məhkəmə önünə yığışanlar üçün qısa brifinq etdi. Vəkil dedi ki, prosesdə hakimin diqqətinə ictimaiyyətin narahatlığını çatdırıblar. Lakin məhkəmə hesab edib ki, Savalanlı hələ həbsdə qalmalıdır. Vəkil Cabbarın vəziyyəti barədə danışdı. Bildirdi ki, o, özünü çox yaxşı hiss edir. Müdafiəsi üçün görülən işlərdən xəbərdardır. Cabbarın ovqatı çox yüksək idi. Dostlarına salam göndərdi. Onu müdafiə edən hər kəsə öz təşəkkürünü bildirdi. Saxlanma şəraitindən də razı olduğunu dedi”.
Ə.Mustafeyev bildirdi ki, Cabbar məhkəmədə yüksək ovqatda çıxış edərək özünün günahsız olduğunu deyib: “O, qeyd etdi ki, siyasi fəaliyyətinə görə, həbs edilib”.
Vəkil daha sonra qeyd etdi ki, onlar Cabbarın həbsinin ev dustaqlığı ilə əvəz olunması və girov müqabilində azad olunması barədə vəsatət qaldıracaqlar.
Polisin himnə hörmətsizliyi
Vəkilin açıqlamasından sonra məhkəmə önündəki gənclər binanın pilləkənlərində duraraq, Azərbaycan dövlət himnini oxumağa başladılar. Bu zaman yolun qırağında yığışan polislər himni oxuyanların üstünə hücum etdilər. Gənclər bildirdilər ki, polisin heç bir təşvişinə ehtiyac yoxdur, onlar himni oxuyub dağılışmaq niyyətindədirlər. Lakin polis himnə hörmətsizlik edərək, onları zorla dağıtmağa başladı.
Polis himnin oxunmasında iştirak etməyən, prosesi izləməyə gələn və kənarda dayanan xanımlara qarşı da kobudluq etdilər. Əvvəlcə aktivistləri dağıtmaq niyyəti sərgiləyən polislərə qısa müddətdən sonra, “hamısını tutun, maşınlara basın!” komandası verildi. Polis onları zorla polis maşınlarına dartıştıranda, himn oxunma mərasimi aksiyaya çevrildi. Aksiyaçılar, “Azadlıq!!!” “Cabbara azadlıq!!!” şüarları səsləndirdilər. Polis, xüsusilə AXCP fəalı Elçin Həsənova, Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlıya qarşı amansızlıq etdi. Ictimai fəallar kənarda hazır saxlanan mikroavtobusa dolduruldu. Saxlanılanlara etiraz edən Cabbarın qardaşı və dayıları da həbs olundu. Polis hadisəni işıqlandırmaq istəyən jurnalistlərə qarşı da görünməmiş kobudluq etdi. Hadisə yerində çəkiliş aparanların hamısını saxlayan polis, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi də həbs etmək istəyirdi.
Sumqayıtda polis jurnalistlə də davrana bilmir
Açıq hiss olunurdu ki, onlar istər aktivistlərlə, istərsə də, mətbuat nümayəndələri ilə davranışda Bakıdakı həmkarlarından müqayisə olunmaz dərəcədə naşıdırlar. Press kartlarını nümayiş etdirmələrinə baxmayaraq, Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) əməkdaşı Rasim Əliyev saxlanıldı və kamerası əlindən alındı. “Azadlıq” qəzetinin reportyorları Natiq Güləhmədoğlu və Elmin Həsənli də polislər tərəfindən saxlanıldı. Polis bizdən çəkiliş aparılan fotoaparatlardan, mobil telefonlardan görüntüləri silməyi tələb edirdi.
Xüsusi olaraq qeyd edək ki, həbslərə etiraz edən Cabbarın anasına qarşı polislər, xüsusilə də Azər Cahangirov özü kobud davrandı.
Polis rəisi ürz istədi
AXCP Rəyasət Heyətinin üzvü Seymur Həziyev, Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, komitənin 20-yə yaxın üzvü, ADP-dən Cəmil, Müsavat partiyasından Əhəd Məmmədli, “Azad Gənclik” təşkilatının sədri Ülvi Həsənli, “Azadlıq”ın əməkdaşları – Natiq Güləhmədoğlu və Elmin Həsənli, Cabbarın qardaşı Yəmin və dayıları 4-cü polis bölməsinə aparıldı.
Polis bölməsində rəis müavini Azər Cahangirov jurnalistlərdən saxlanıldıqlarına və onlarla kobud davranıldığına görə, üzr istədi.
Gənc fəallar isə xəbərdarlıq alaraq, sərbəst buraxıldılar.
Natiq,
Elmin