Mən bilirəm ki, Zahid Oruc bu hakimiyyəti müdafiə edənlərin içində ən savadsızı deyil. Bəlkə də onların arasında ən vicdanlı və savadlı adamlardan biri sayıla bilər. Hətta yırtıcı korrupsionerlərin yanında adam onun hüquqlarını qorumaq istəyir. Amma mən əminliklə və həvəslə deyirəm ki, bu ölkədə Zahid Orucu, rəhbəri Fəzail Ağamalını və onun kimilərini də korrupsiyanın gözünə qatıb, ictimai səhnədən silmək lazımdır. Bu adam millətin zəhləsini korrupsiya qədər tökə bilib. Xalqın cibinə girməyibsə də – varlı adam da deyil – amma danışığı və çıxışları ilə adamların baş-beynini aparır. Əsəb qoymayıb xalqda. Bir mandatdan ötrü milyardları oğurlayan bir sistemi bu qədər həvəslə, bu qədər eşqlə necə müdafiə etmək olar?! Kaş ki, gözədəyən bir korrupsioner olaydı, amma susaydı…
Görün bu adam nə danışır: «Bu mübarizə əvvəlkilərdən xeyli fərqlənir.» Bu, o deməkdir ki, əvvəlkilərin zəif, heç olmasa nisbətən zəif olduğunu etiraf edirsiniz. Bəs niyə əvvəlkilərin qüsurunu, zəifliyini, əskiyini demirdiniz, niyə haray çəkmirdiniz ki, mübarizə daha yaxşı ola bilər. Bu siyasi əxlaqın adı nədir görəsən? Ilham Əliyevin övladlarının Dubaydakı, Bakıdakı mülklərini müdafiə etdiniz, başa düşdük. Bəs deyə bilməzdinizmi ki, korrupsiya ilə mübarizə yaxşı aparılmır?! Ayıbdır, siyasi korrupsiya ilə az məşğul olun, Misir sizə dərs olmadımı?!
Yol polisinin dövlətə şərik edilməsi
Ilham Əliyev yol polisi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində yeni tədbirlər haqqında fərman imzalayıb. Fərmana görə, “Yol hərəkəti haqqında” Qanunun müddəalarının pozulmasına görə ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi yol polisi əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.
Fərmanın yaxşı tərəfi odur ki, cərimələrin banklar və bank kartları vasitəsi ilə ödənilməsi nəzərdə tutulur. Ötən il həmkarımız Rövşən Hacıyev yaxşı bir araşdırma aparmışdı və bəlli olmuşdu ki, cərimələrdən yığılan pulların hər il ən azı 50 milyon manatı dövlətə keçirilmir, mənimsənilir. Pulu səndən alırlar, amma dövlətə keçirmirlər. Burada yolda yığılan rüşvətdən söhbət getmir, protokol yazıb sonrada sürücülük vəsiqəsini alarkən DYP-lərdə ödənilən pullardan söhbət gedir. Cərimələrin bankla ödənilməsi bunun qabağını xeyli ala bilər. Yol polisi yeni yollar tapmasa…
Bəs yığılan cərimələrin 25 faizinin yol polislərinin məvaciblərinə əlavə olunması nə deməkdir? Bu adamlar dövlətlə şərikdir məgər? 75-in 25-ə bölgüsü ilə işləyirlər? DYP əməkdaşlarının əməkhaqqını qaldırmaq lazımdırsa, qaldırın. Daha bunu cərimə yığmağa bağlamaq nə üçündür. Bəlkə millət qaydaları pozmadı? Onda necə olacaq bu adamların halı? Bəlkə cərimələr lap çox oldu, müəllim 200, yol polisi 2000 manat alacaq? Nədir ki, o rüşvət ala bilər deyə, biz onları hədsiz yemləməliyik?! Bu leqal rüşvətdir!
Polisin cərimələrin 25 faizinə şərik edilməsi onları haqsız cərimələrə sövq etdirə bilər. Onları cərimə polisinə çevirə bilər. Yenə də ağacların arxasına girib cərimə güdəcəklər. Bəs haqsız cərimə yazanda nə edəcəyik? Bizdə haqqımızı bərpa etməyə, şikayət etməyə müstəqil məhkəmə varmı? Aydındır ki, məhkəməsiz korrupsiya, rüşvət, haqsızlıq yığışa bilməz.
Daha bir problem var – cərimələrin yuxarı və aşağı həddi. Mən polisə sual vermişəm. Niyə mənə bu qaydanı pozmağa görə 20 yox, 40 manat cərimə yazırsınız? Deyib: kefim belə istəyir, qanun buna imkan verir. Bəs biz həmin “keflə” necə hesablaşacağıq? Qısası bu qayda xalqın xeyrinə deyil, yenə də polisin xeyrinədir…