Bəli, siyasət adi məcrasına qayıtdı. On səkkiz seriyalı möhtəşəm bir inqilab serialı bitdi. Misirlilər gözəl inqilab etməyi bacardıqlarını sübuta yetirdilər, indi özlərini seçici kimi təsdiqləməlidirlər. Yoxsa məşhur bir deyim bir daha öz təsdiqini tapar: inqilabı dahilər fikirləşir, fanatlar gerçəkləşdirir, fırıldaqçılar isə faydalanırlar! Bəli, bu, o vaxt olur ki, insanlar seçməyi və nəzarət etməyi o qədər də yaxşı bacarmırlar. Amma ümid edək ki, bu dəfə belə olmayacaq. Nə isə. Sözüm onda deyil. Başqa deyəcəyim var. Belə məlum oldu ki, hətta Misirdə elə bir institut var ki, o, ölkəni müəyyən çərçivələrdə saxlaya bilir və bu institutun adı ordudur. Ən qarışıq, ən mürəkkəb situasiyada ordu özünü itirmir, tamlığını və fəaliyyət qabiliyyətini saxlaya bilir, siyasətə də yaxından müdaxilə etmir, sadəcə prosesləri çərçivəyə salır, ölkənin tam xaosa doğru yolunu bağlayır, dinc insanlara qarşı zor tətbiq etmir. Türkiyədə də belə bir institut var. Pakistanda da, Israildə də. Bilirsiniz, bu, çox yaxşı bir haldır və ona dəlalət edir ki, ordu ölkədəki ümumi atmosferə rəğmən özünün saflığını qoruyub saxlaya bilir, zabit şərəfi, əsgər andı kimi anlayışlar öz mahiyyətini itirmir. Bəzən digər institutların, məsələn, polisin rolunu süni tərzdə artırır və beləcə təsəvvür yaradırlar ki, guya polis qlobal sabitliyin təminatçısıdır. Mən elə bir ölkə tanımaram ki, orada polis bir az əvvəldə qeyd etdiyim rolu oynaya bilsin. Polis həmişə hakimiyyətlə olur. Və proseslər bir qayda olaraq bəlli sxem üzrə baş verir: etirazçılar-polis-etirazçılar-ordu! Hərbi polis rejimi heç bir vaxt milli birliyin və sabitliyin təminatçısı ola bilmir, əksinə o, həmişə inqilabın ərəfəsi olur. Bəli, bir vaxt Lenin deyirdi ki, inhisarçı kapital sosialist inqilabının ərəfəsidir. Indisə də demək olar ki, avtoritar polis rejimi də inqilabın ərəfəsidir. Həm də orduya və polisə qarşı münasibət də bütün dövlətlərdə fərqlənir. Bu fərq özünü kritik hallarda büruzə verir – polis aranı daha da qızışdırır, zor tətbiq edir, məğlub olur və nəhayət, məsələyə ordunu cəlb etmək lazım gəlir… Bunlar bir ölkənin dərsləri deyil. Bütün ölkələr belə olur. Polis heç vaxt kəmiyyət sıçrayışlarını nəzərə ala bilmir. O adət edib ki, aksiyaları və mitinqləri dağıtsın, amma bu resept özünü möhtəşəm aksiya – inqilab zamanı doğrultmur. Ən maraqlı detallardan biri də inqilab ərəfəsinin psixologiyasıdır. Mən bilmirəm bəşəriyyət yaranandan nə qədər inqilab baş verib. Amma onlar hamısı bir-birinə bənzəyir. Tiranlar, fironlar üçün o lap Əzrayıl kimidir. O, sanki adi görkəmdə zühur edir. Tiranlar əvvəlcə çaşırlar, onu tanıya bilmirlər. Onlar inana bilmir ki, bu, adicə və mülayim görkəmli bir insan Əzrayıl ola bilər. Soyuq beyin, ayılma sonra baş verir, amma artıq gec olur! Daha bir detalı da qeyd etmək lazımdır. Misirdə inqilab güclü müxalifət çətiri altında baş vermədi. Bu, daha çox millətin spontan və kütləvi hərəkatı idi. Amma bütün hallarda bu, gözəl idi.
Bizim öz filmimiz
Bəli, artıq biz də öz problemlərimizə qayıtmalıyıq. Amma əslində biz Misirdə baş verənlərdən yazanda da elə özümüzdən yazırdıq. Indisə əvvəldəcə qeyd etdiyim kimi sırf öz məcramıza qayıtmalıyıq. Bütün gözəl filmlərin bir sonu olur. Bununla da barışmaq lazımdır. Ən əsası isə odur ki, öz filmimizi çəkə bilək. Onda daha gözəl olar.
Kiçik sözardı
Insanların aksiyalardan və mitinqlərdən tamam yadırğamasının bir günahı da elə özümüzdədir. Hərəkatın əvvəlində iştirak edən insanlar məni anlayar, nə demək istədiyimi başa düşər. Bir vaxt tərsinə idi, insanlar ancaq mitinq haqda düşünürdülər. Biz də çalışırdıq ki, onlara seçici vərdişləri aşılayaq. Hətta belə deyim vardı: insanları siyasi “narkoman” edib salmışıq küçələrə, indi də yığışdıra bilmirik, idarə edə bilmirik! Bəli, böyük əziyyətlərdən sonra nəhayət, onları küçədən yığışdırdıq. Indisə küçəyə səsləyirik, amma gəlmir, seçkiyə getmək istədiklərini deyirlər. Qəribədir, deyilmi? Əslində isə mitinq seçkiyə zidd deyil, hər ikisi vacib və məqbuldur…