Diktatorun heykəlinin Xırdalandan götürülməsi ilə bağlı gənclər kampaniya aparır
Fevralın 11-də istefa verən Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin Xırdalanda heykəli hələ də yerindədir. Mübarək istefa verən günün axşamı Misir parkında naməlum şəxslərin gəlib heykəli dağıtması haqda xəbərlər yayılıb.
Ötən gün səhər saatlarında parka baş çəkib heykəlin sağ və salamat olduğunu gördük. Heykəlin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Parka giriş qadağan edilib. Parkın yanında 3 polis maşını dayanıb. 10-dan çox polis Mübarəkin heykəlinin mühafizəsinə cəlb edilib. Polislər parka bütün giriş-çıxışlara nəzarət edir.
Görünür, Mübarəkin istefasından sonra Azərbaycan hakimiyyəti heykəllə bağlı nə qərar verəcəyini hələ müəyyənləşdirməyib.
Bir qrup gəncsə “Facebook” sosial şəbəkəsində “Diktator heykəlinin rədd edilməsi tələbi” adlı kampaniyaya başlayıblar. Kampaniyaya deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev start verib. Onlar Xırdalan şəhərində Hüsnü Mübarəkin heykəlinin yığışdırılmasını və onun arvadı Syuzanın adının Xırdalan şəhər 9 saylı məktəbdən götürülməsini tələb edirlər. Gənclər bu barədə president.az saytına məktub göndəriblər. Kampaniya qısa zamanda ətrafına çoxsaylı etirazçı toplayıb.
Elmin