Bu ismarıcı Cabbar Savalanlı yollayıb
O, özünü yaxşı hiss edir
Fevralın 5-də Sumqayıt polislərinin cibinə tiryək ataraq tutduğu AXCP Gənclər Komitəsinin üzvü, gənc fəal Cabbar Savalanlıya ictimai dəstək davam edir. Ölkədəki əksər ictimai-siyasi gənclər təşkilatları, xüsusilə də gənclərin birləşdiyi hərəkatlar Cabbar Savalanlının azad olunmasıyla bağlı bəyanatlar verirlər.
“Cabbar Savalanlının səhhətində heç bir problem yoxdur. O, özünü çox yaxşı hiss edir. Bu barədə qəzetimizə AXCP-nin Əzizbəyov rayon şöbəsinin sədri Şakir Abbas məlumat verib. Ş.Abbas deyib ki, ötən gün onlar Cabbarın saxlanıldığı Şüvəlan təcridxanasından xəbər öyrənə biliblər.
“Cabbar özünü çox yaxşı hiss edir. Təcridxanada yaxşı insanların əhatəsində olduğunu deyib. Azadlıqda olan bütün dostlara salamlarını yetirib. Deyib ki, baş verənlər onu sındırmayıb. Dostlarına ismarıc göndərib ki, bərk dayansınlar və mübarizəni davam etdirsinlər” – Şakir Abbas belə deyib.
Ötən gün, həmçinin ABŞ səfirliyindən Cabbarın anası Təravət xanıma zəng ediblər. Səfirlikdən deyiblər ki, onlar Cabbarın məsələsini diqqətdə saxlayırlar və araşdırmaqda davam edirlər. Təravət xanıma bildiriblər ki, bu yaxınlarda onu səfirliyə dəvət edəcəklər. Həmçinin Cabbara və ailəsinə hər cür hüquqi yardım edəcəklərini də qeyd ediblər.
Bu arada Cabbar Savalanlının hüquqlarını müdafiə edən komitə də öz fəaliyyətini davam etdirir. Komitənin sədri Əbülfəz Qurbanlı “Azadlıq”a deyib ki, onlar qarşıdakı həftə ərzində bir neçə tədbir keçirmək fikrindədirlər: “Hakimiyyət elə düşünürdü ki, Cabbarın həbsindən sonra AXCP-nin Gənclər Komitəsinin fəaliyyəti zəifləyəcək. Onlar gəncləri qorxudacaqlarını sanırdılar. Lakin bu gün yüzlərlə gənc Cabbarı müdafiə edir. Heç kəs şübhə etmir ki, Cabbar siyasi məhbusdur. Biz onun müdafiəsini davam etdiririk”.
Xatırladaq ki, Cabbar Savalanlının Hüquqlarını müdafiə komitəsi onun həbsindən dərhal sonra yaradılıb. Komitənin yüzdən artıq üzvü var. Bura Savalanlının azadlığa çıxmasını tələb edən ictimai fəallar, jurnalistlər, siyasi xadimlər və digər insanlar üzv olublar.
Komitə Azərbaycan hakimiyyətindən Cabbar Savalanlını, eləcə də digər siyasi məhbusları dərhal azad etməyi, repressiv siyasətə son qoymağı tələb edir.
Elmin