Korrupsiya – pozğunluq deməkdir!
Erkin Qədirli
Açıq və aydın düşünək. Duyğularımızı siyasətə daşımadan, kimsəni ittiham etmədən, düşünüb-daşınaq. Nə görə bilərik onda? Aydın olacaq ki, korrupsiya pozğunluq deməkdir. Belə də adlandıraq, o zaman. Nəsə pozulur ki, işlər düz getmir. Rəsmi qaydalar və açıqlanmış niyyətlər yetərli olmur. Pozğunluqla mübarizə etməzlər, onu düzəltmək gərəkdir. Pozğunluq pərakəndədirsə, cəzalar və tənbehlərlə, dürüst adamları seçməklə keçinmək olar, bəlkə də. Problem sistem səciyyəvi olanda isə, sistemli yanaşma, ideoloji baxış lazımdır. Pozğun sistemdə “yaxşı adam” axtarmağa dəyməz. Şəxsi mövqeyindən və həyat tərzindən asılı olmayaraq, hamı eyni sistemin əhatə dairəsindədir. Hamı, sanki, eyni günahın içindədir. Belə vəziyyətin təsviri üçün ayrıca istilah da var – “common sin identity” (ortaq günah kimliyi).
“Yaxşı adamları” tapmaq olar, bəlkə də, amma onları pozğun sistemdə işlətmək mümkün olmayacaq. “Qreşem qanunu”nun siyasi sistemimizlə müqayisəsinə dair əvvəlki yazımda bunu izah etməyə çalışmışam. Həmin yazının ardı olacaq. Odur ki, burada təkrarçılığa və tələskənliyə yol vermək istəmirəm. Amma müzakirə xətrinə, fərz edək ki, “yaxşı adamlar” tapıldı və ya özləri üzə çıxdı və həvəsə gəldi. Onu da fərz edək ki, həmin adamlar necəsə hakim mövqelərə çata bildilər. Üstəlik, fərz edək ki, hakim mövqeyə çatana qədər, sözügedən adamların özləri pozulmamışlar, “yaxşılıqlarını” qoruya bilmişlər. “Qreşem qanunu”na görə, bu, xeyli mümkünsüz görünsə də, təsadüfləri ehtimal etməmizin ibrəti var. Nə olacaq? “Yaxşı adamlar” pozğun sistemi kökündən dəyişdirmədən işlətməyə çalışsalar, ya özləri pozulmalı olacaqlar, ya da sistem onları (həzm edə bilmədiyindən) xaric edəcək.
***
1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyətə gəldiyini və cəmi 11 ay hakimiyyətdə qaldığını xatırlayın. “Yaxşı adamlar”, “yaxşı niyyətlər” və sovetdən qalmış pozğun sistem. O zamankı Xalq Cəbhəsinin strateji yanlışlığı da elə onda oldu ki, sistemi kökündən dəyişməyə başlamadı. Yaxşı adamları xeyli idi. Məsələn, Ibrahim Vəliyev – Dövlət Gömrük Komitəsinin sədri, Vurğun Əyyub – Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, Sabit Bağırov – Dövlət Neft Şirkətinin prezidenti və s. Əbülfəz Elçibəyi heç demirəm. Bu adamlar təmiz işlədilər və ləkəsiz istefaya getdilər. Onların şəxsi örnəkləri həmişə ibrətverici olacaq. Amma sistemli yanaşanda… Nə olsun ki? Pozğun sistemi kökündən dəyişdirmədən, davamlı olaraq təmiz işləmək mümkün deyil (“Qreşem qanunu”). Pozğun sistemi dəyişmək üçün mütləq “yaxşı adamların” kənardan başa gəlməsi tələb olunmur. Tarixdə pozğun sistemin içindən çıxıb, onu kökündən dəyişənlərin örnəkləri çoxdur.
Pozğun sistemdə ayrı-ayrı şəxsləri təqib etməklə, vəzifəliləri dəyişməklə işlər düzələsi deyil. Əlbəttə, məqsəd sadəcə, görüntü yaratmaqdırsa, onda təbliğat kampaniyalarını, müşavirə və başqa iclasları, konkret vəzifəlilərin cəzalandırıldığını göstərməklə kifayətlənmək olar. Məqsəd, doğrudan da, bəyan edildiyi kimi, pozğunluğun aradan qaldırılmasıdırsa, onda geniş baxıb, dərin düşünmək lazım olacaq.
Sistemli yanaşma
“Sistem” dediyimiz nədir? Öncə, bunu aydın edək özümüzə. Pozğunluq mövzusunun məqsədləri üçün, “sistem” – dövlət hakimiyyətinin təşkilinə dair təməl şərtlərin, dövlətin səlahiyyət çərçivələrində olan bütün məsələlərin, onların həllolunma qaydalarının, həmin qaydaların qəbuletmə, dəyişdirmə və ləğvetmə üsullarının, ehtiva olunan mənafelərin və onları ifadə etmək fürsətlərinin cəminə deyilir. Gördüyünüz kimi, adamlardan söhbət heç getmir. Adam tapmaq asan məsələdir, təki seçim meyarları hər kəsə aydın və bərabər olsun. Problem ondadır ki, seçim meyarları adamların qabiliyyətinə deyil, sistemin tələbatlarına uyğunlaşdırılır həmişə. Ona görə, “yaxşı adamlar” məsələsi, nə qədər vacib olsa da, həlledici ola bilmir.
Hələlik, dövlət hakimiyyətinin təşkilinə dair təməl şərtlərə baxaq. Sistemin dürüst çalışması üçün aşağıdakı şərtlər zəruridir:
dinin dövlətdən ayrılması;
ordunun hökumətdən ayrılması;
hökumətin mülkiyyətdən ayrılması;
məmurların siyasətdən ayrılması;
qanunverici, icra və məhkəmə hakimiyyətlərinin ayrılması.
1. Dinin dövlətdən ayrılması
Din ehkamlardan, şübhələndirilməsi mümkün sayılmayan mülahizələrdən ibarətdir. Buna görə də din inam məsələsidir. Inam məsələsi olduğu üçün də özəldir. Dövlət isə özəl həyata müdaxilə etməməlidir. Dinin dövlətdən ayrı olması ilk növbədə dinin saflığı üçün vacibdir. Dövlət dini məsələlərə qarışanda, onları təhrif etməyə başlayır, öz məqsədlərinə tabe etməyə çalışır. Amma din də, dövləti ələ keçirirsə, xurafatlaşmağa meyl edir. Siyasət dini korlayır, onu məcburiyyətə çevirir. Din isə, mahiyyətcə özəl olduğundan, məcburiləşməməlidir. Dini hakimiyyətlərin idarə etdiyi sistemlər tədricən pozğunlaşır. Tarixdə bunun çox örnəkləri var. Siyasətdə müzakirəsiz, şübhələndirilməsi mümkün olmayan, açıq etirazı qəbul etməyən məsələlər olmamalıdır. Odur ki, din və dövlət həmişə ayrı olmalıdır. Bu baxımdan ölkəmizdə hələlik (!) ciddi problem yoxdur. Amma iqtidar dünyəvi müxalifəti və vətəndaş cəmiyyətini boğmağa davam edərsə, siyasətin “din”ləşməsi gerçəkləşə bilər. Bunun da örnəkləri var tarixdə.
2. Ordunun hökumətdən ayrılması
Ordunun təyinatı onun təşkilatını şərtləndirir. Ordu sərt intizam üzərində qurulan təşkilatdır. Orduda tabeçilik şübhələndirilə bilməz, əmrlər, açıq aşkar qanuna zidd deyillərsə, müzakirəsiz icra olunmalıdır. Nədən? Çünki ordu təcavüzə mütəşəkkil müqavimət və ya qaçılmaz təcavüz təhlükəsinin qarşısını almaq məqsədilə təşkil olunmuş bütöv, sərrast və sərbəst tədbirlər sistemidir. Orduda göstərişlər müzakirə olunacaqsa, ordu iflic olacaq. Buna görə, ordunun hərbi təyinatlı işləri siyasətdən tamamilə kənarlaşdırılmalıdır. Ordu üzərində mülki nəzarət də bunun üçün lazımdır. Əks təqdirdə, ordu, onun hərbi rəhbərliyi, hansısa məqsədlə siyasi hakimiyyəti ələ keçirə bilər. Siyasətdən kənarlaşdırıla bilməyən ordu dövlət çevrilişi və ya pərdəarxası təsirlər vasitəsilə dövləti öz idarə üsuluna tabe etdirə bilir. Belə olan halda, müzakirələr kəsilir, ifadə azadlığı və başqa siyasi azadlıqlar boğulur, narazılar müxtəlif bəhanələrlə təqib olunur. Hərbi xuntaların sistemi bu səbəbdən də pozğunlaşır.
Dinlə olduğu kimi, ordu məsələsində, yəni onun siyasiləşməsi, hökuməti ələ keçirməsi məsələsində də hələ ki, ciddi problemlər yoxdur ölkəmizdə. Amma dindən fərqli olaraq, ordunun hökumətdən ayrılması tamamlanmayıb. Müdafiə naziri bizdə hələ də mülki şəxs deyil, hərbçidir. Hərbçi kimi, müdafiə nazirimiz siyasi partiya üzvü ola bilməz, amma nazir kimi hökumətin üzvüdür. Hökumət isə siyasi təşkilatdır. Problemin bu cəhətinin açmasına beşinci təməl şərtin şərhi zamanı qayıdaram.
3. Hökumətin mülkiyyətdən ayrılması
Hökumət, artıq deyildiyi kimi, siyasi təşkilatdır. Onun üzvlüyü siyasi loyallıq üzərində qurulur. Hökumətin formalaşmasında və çalışdırılmasında iştirak edənlər, onun nemət paylamasında maraqlı olmamalıdırlar. Başqa sözlə, hökumətin tərkibi korporativ deyil, ideoloji meyarlara görə müəyyən edilməlidir. Hökumət siyasi təşkilat olduğundan, yarıtmaz menecerdir. Çünki o, bazar iştirakçıları ilə rəqabət mühitində çalışmır. Hökumətin qanuni səlahiyyətləri var və həmin səlahiyyətlər ona müstəsna üstünlüklər verir. Hökumətin bazar münasibətlərinə təsir imkanları xeylidir və onların heç biri bazarın başqa iştirakçılarında ola bilməz. Buna görə də hökumət bazara menecer gözü ilə baxa, rəqib yanaşmasını tətbiq edə bilmir. Bu isə o deməkdir ki, hökumət bazar münasibətlərində birbaşa iştirak etməli olarsa, keyfiyyətin artırılmasından daha çox, asan yollarla dövlət büdcəsinə köçürmələr haqqında düşünəcək (ən yaxşı halda). Daha asan yollar isə, tədricən, hökumətin öz səlahiyyətlərindən sui-istifadə edərək, eyni mal və ya xidmət istehsalçılarını bazardan sıxışdırmasına aparması olacaq. Belə mühitdə dövlət satınalmalarında, dövlətin mülkiyyətində olan təsərrüfat müəssisələrinin idarəsində pozğunluğun inkişaf edəcəyi ehtimalı xeyli yüksəlir. Buraya renta yığıcılığından gələn müftə gəlirləri də əlavə etsək, vəziyyətin çox acınacaqlı olduğunu daha aydın görə bilərik.
Həm hakimiyyəti, həm də mülkiyyəti eyni zamanda və eyni dürüstlüklə idarə etmək olmur. Çünki hakimiyyət və mülkiyyət münasibətlərinin mahiyyəti əhəmiyyətli dərəcədə fərqlidir, aralarında xeyli ziddiyyətlər var. Hökumət də, aydındır ki, hakimiyyət məsələlərinə üstünlük verəsidir. Nəticədə, mülkiyyət məsələlərində pozğunluq halları çoxalacaq. Onlar da öz növbəsində, hakimiyyət münasibətlərini pozacaq. Bu sarıdan ölkəmizdə böyük problemlər var. Bu problemlər sistem səciyyəvi problemlərdir. Onları sadəcə, adamların dəyişdirilməsi ilə həll etmək qətiyyən mümkün deyil.
4. Məmurların siyasətdən ayrılması
Dövlət qulluğu, təsisat olaraq, siyasətdən kənarlaşdırılmalıdır. Məmur siyasi göstərişlərə deyil, qanunlara tabe olmalıdır. Buna nail olmaq üçün siyasi vəzifələri inzibati vəzifələrdən ayırmaq vacibdir. Inzibati vəzifələr peşə və bacarıq tələb edir. Belə vəzifələri tutmaq üçün xüsusi yoxlamalar (imtahanlar) keçirilməlidir. Inzibati vəzifələri tutan şəxslər heç bir siyasi təşkilatın üzvü ola bilməzlər. Onlar ancaq öz istəyilə, başqa işə keçməklə, ağır xəstəliyi və ya ölümüylə, pensiya yaşına çatmasıyla, nəhayət, qanunu pozmasıyla əlaqədar vəzifədən çıxarıla bilər. Göründüyü kimi, məmurların heç bir siyasi məsuliyyəti ola bilməz. Siyasi vəzifələri tutanların isə səlahiyyət müddəti çox qısadır. Bəzi vəzifələri isə təkrarən və ya bir nəçə dəfədən artıq tutmaq olmaz. Siyasi vəzifəni tutanların peşəkar olması tələb olunmur, hətta peşəkar olmaması arzulanır. Siyasi vəzifələri ancaq siyasətçilər tuta bilər. Buna görə də onların siyasi təşkilatların dəstəyinə, ideoloji əsaslandırılmasına ehtiyacı var. Siyasi vəzifələr siyasi loyallıqdan asılıdır. Ona görə də daim etimad qazanmaq məcburiyyətindədirlər. Etimadın itirilməsi vəzifədən kənarlaşdırılmağa əsas verir.
Hökumət üzvləri – siyasətçilərdir. Belə olmalıdır, hər halda. Odur ki, prezident Ilham Əliyevin müşavirələrin birində nazirlərə, siyasətlə məşğul olmaq istədikləri təqdirdə, istefa vermələrini tövsiyə etməsi anlaşılmazdır. Nazir məmur deyil, siyasətçidir. Buna görə də, məsələn, müdafiə naziri mütləq mülki şəxs olmalıdır. Orduya hərbi rəhbərlik üçün isə Baş Qərargah var. Eləcə də, Daxili Işlər, Milli Təhlükəsizlik və s. nazirliklər mülki şəxslər, siyasətçilər tərəfindən idarə edilməlidilər. Onların müavinləri, idarə rəisləri, şöbə müdirləri və başqa işçiləri isə, artıq, yalnız qanuna tabe olan peşəkarlar olmalıdır. Nazir, nazirliyin funksiyaları çərçivəsində olan məsələlər üzərində yalnız siyasi rəhbərliyi həyata keçirməli, işçilərin peşə səlahiyyətlərinə müdaxilə etməməlidir. Nə qədər ki, bizdə nazirlərə məmur kimi yanaşılacaq, məmurlar isə siyasi partiyaların (indiki halda YAP-ın) üzvləri olacaqlar, sistem pozğun olmağa məhkumdur. Və yenə də, heç bir adam dəyişikliyi onu bu halda düzəldə bilməyəcək. Bu sistemi kökündən dəyişmək lazımdır.
Ardı var